Özümüzü sevməyə vaxtımız yoxdur, amma “özünü sev” statusu paylaşmağa zaman tapırıq - ESSE Featured

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

Bir səhər oyanırsan. Hər şey yerindədir. Stol, yerində. Divar, susur. Pəncərə, hər günkü kimi açıq, amma nəfəs almır. Və sən də yerindəsən, amma yoxsan. Yəni varsan, amma səssiz. Adın var, amma səsin yox. Hissin var, amma dilin yox. Çünki bu dövr, bu şəhər, bu cəmiyyət səssizləri sevir. Onların içində nə qədər qışqırıq varsa, bir o qədər dəyərlidir səssizlikləri.

 

Əslində sən bağırırsan. Gecənin içində, günorta yol gedərkən, metroda, telefona baxarkən, musiqinin ritmində, mesaj yazıb silərkən… Amma səni eşidən yoxdur. Çünki bu dövrün ən böyük səsi səssizlikdir. Bu dövrün "normalı", ruhi boşluqda möhkəm görünməkdir. Sən uçuruma yaxınsan, amma saçını darayırsan. Sən dağınıqsan, amma Instagram bio’n nizamlıdır.

Sartr demişdi ki, “İnsan azaddır, amma bu azadlıq lənətdir.” Və biz bu lənəti “stabil həyat” deyə paketləyib satırıq bir-birimizə. Özümüzü sevməyə vaxtımız yoxdur, amma “özünü sev” statusu paylaşmağa zaman tapırıq. Dostoyevskinin qaranlıq qəhrəmanları kimi özümüzlə danışırıq, amma bunu dilimizə gətirməkdən qorxuruq. Çünki bir cümlə səni yıxa bilər. “Dəlicə düşünürsən.” Və sən bilirsən ki, bu cümlədən sonra heç nə əvvəlki kimi olmur. Biz içimizdəki “dəli”ni artıq kilidlə bağlamırıq. Biz onu çiynimizdə daşıyırıq, amma ona ad qoymamışıq. Hər gün ofisdə təbəssüm edərkən, sevgilimizə cavab yazarkən, ata-anaya “narahat olmayın, yaxşıyam” deyərkən, o “dəli” bizim yerimizə baxır həyata. Nitşe yazırdı: “Əgər uzun müddət uçuruma baxsan, uçurum da sənə baxar.” Biz artıq baxmırıq. Çünki baxsaq, orda özümüzü görəcəyik. O dəliyi. O parça-parça olmuş “mən”i. Ruhumuzun yerini artıq motivasiya əvəz edir. Kitablar “necə xoşbəxt olaq?” sualıyla doludur. Amma heç kim soruşmur: “Əgər xoşbəxt olmaq istəməsəm, nə olacaq?” Bəlkə mən sadəcə yaşamaq istəyirəm. Tələsmədən, düzəlmədən, özümü tanımadan belə. Sadəcə yaşamaq. Ağrılı, səssiz və həqiqi..

 Əslində biz sağalmırıq, dostum. Biz uyğunlaşırıq. Yəni hər kəsin oynadığı səhnədə rolumuzu qəbul edib ssenariyə uyğun danışırıq. Tənha bir adam psixoloqa gedir, içini tökür, sonra metroya minir və yenidən susur. Yəni psixoloqun otağında danışırıq, amma cəmiyyətin içində yenə də lalıq. Qışqırmaq istəyən bir xalqıq, amma sözümüz çox zaman dizayndır, ruh deyil. Bu dünyada insanlar artıq xoşbəxtlik üçün yox, xoşbəxt görünmək üçün yaşayır. Tədbirlər keçirilir. “Ruhun gücü” konfransları, “özünü tap” seminarları, “psixoloji rahatlıq” təlimləri. Orda ruh yoxdur. Orda sadəcə çıxış var. Sponsor var. Stiker var. Amma ruh? YOXDUR. Çünki ruh özünü belə təqdim etmir. O səssizcə yanır. O zaman aydın olur ki, artıq gecdir. O zaman artıq maskanı çıxarmaq faydasızdır, çünki altındakı üz də maskalaşıb. Sənin gülüşün gülüş deyil. Sənin susqunluğun sakitlik deyil. Sən artıq öz ağrına da yalan danışırsan.

Bax buna görə, dostum, bu dövrün ən dəli adamı, həqiqi hiss edəndir. Həqiqi yaşayan. Hissinə ad qoymayan, amma onu gizlətməyən. Qışqırmaq istəyəndə qışqıran. Əzildiyini biləndə susmayan. O adam, bu sistemin "problemidir". Amma bəlkə də tək normal olan odur.  Sənin susqunluğunla başlanan bu çağırış, indi başqa bir səssizliklə davam edir. Tədbirlərin içində boğulan mədəniyyətin səssizliyi ilə. Çünki bu sistem təkcə insanı deyil, sənəti də susdurur. Hisslərini maskaya çevirən cəmiyyət, indi eyni maskanı poeziyanın, musiqinin, düşüncənin üzünə taxıb. Bəs biz hansı mədəniyyəti qeyd edirik əslində? Gəl bir də ora baxaq. Səhnələrin arxasına, mikrofonların titrəmədiyi yerlərə, misraların titrətmədiyi ürəklərə...

Hər yerdə tədbir var. Gecə-gündüz konfranslar, seminarlar, sərgilər, poeziya gecələri, “yaradıcı görüşlər”. Zəngin fon musiqiləri, pastel rəngli afişalar, “mədəniyyətin inkişafı” üçün yaradılmış komitələr. Giriş pulsuz, amma çıxış bahalı. Çünki hər çıxışda ruhundan bir şey itirirsən. Ətrafına bax. Poeziya gecəsində kimsə misra eşidəndə titrəmir. Musiqi tədbirində heç kim dodağını dişləmir. Kitab təqdimatında heç kim susub bir abzası təkrar-təkrar oxumur. Çünki biz artıq hiss etməyən bir nəsilik. Hiss etmək vaxt aparır, səni çılpaqlaşdırır. Bizim üçünsə çılpaq görünmək, təkcə fiziki deyil, ruhi olaraq da təhlükəlidir. Bu səbəbdən biz musiqiyə qulaq asmırıq, onu istehlak edirik.

Poeziyanı sevmirik, onu etiket kimi istifadə edirik. Kitab oxumuruq, sadəcə oxuduğumuzu göstəririk. Əvvəllər sənət ağrıdan doğurdu. İndi isə tədbirlər ağrının yoxluğunu qeyd edir. Əvvəllər sənətkar öz içini tökərdi, indi isə o, format uyğunluğu və sponsor məmnuniyyəti üçün yazır. Mədəniyyət artıq ifadə deyil, funksiyadır. O bir ticarətdir, bir brenddir, bir dekorasiyadır. İçində məna yoxdursa belə, görüntüsü var deyə qəbul edilir. Bu görüntü, bizə çox şey yoxmuş kimi davranmaq lüksü verir. Əgər sən Hacıbabanın səsində yanmırsansa, sus. Əgər sən bir heykələ baxıb nəfəsini tutmursansa, keç yanından. Əgər sən bir misranın içində bir gecə ilişib qalmırsansa, “ədəbiyyatsevər” statusunu poz. Çünki sən sənətə toxunmursan. Sən sadəcə onun vitrininə baxırsan. Bizim nəsil sənəti vitrindən seyr edir amma heç vaxt onu qırıb içəri keçmir. Və bu tədbirlər, hər biri bir cənazə mərasimidir. Sənətin özünün yox, onun ruhunun dəfnidir. Biz mədəniyyəti qeyd etmirik, biz onun yoxluğunu təmtəraqlı səhnələrdə, mikrofonların qarşısında, instaqram storilərdə maskalayırıq. Biz artıq dinləmirik, fon musiqisi qoyuruq ki, səssizlik bizə vicdan kimi dəyib keçməsin. Bəlkə də biz mədəniyyətə heç vaxt sahib olmadıq. Bəlkə də biz sənəti yalnız imitasiyada yaşatdıq. Ona görə də hər tədbir bir az daha soyuq, bir az daha rəsmi, bir az daha boş gəlir. Orda kiminsə gözləri dolmur. Orda kiminsə içi titrəmir. Çünki artıq ora insanın daxili girmir. Dostoyevski öz qəhrəmanlarını ağrıyla yazarmış. Sartr onları seçimlə tək qoyarmış. Nitşe isə cəmiyyətin saxta dəyərlərini qırıb “bütün dəyərlərin yenidən dəyərləndirilməsi”ni tələb etdi. Biz nə etdik? Biz bu üçünün ruhunu şəkil çəkilən, bəzədilmiş səhnələrdə qəlibə saldıq. Biz sənəti yaşamadıq. Biz onu dizayn etdik. Bax buna görə bu cəmiyyət sənətkar doğurmur. O ancaq çıxış edənlər doğurur. Hiss edənlər yox, təqdim edənlər. Və bu təqdimat, küllər üzərində aparılan bir rəqsdir. Qoyun desinlər ki, tədbirlər çoxdur, mədəniyyət inkişaf edir. Amma mən sənə deyim dostum, bu, inkişaf deyil. Bu, tabutun təkminləşdirilməsidir.

Tədbirlər, konfranslar, səhnələr... orda bir şey yox idi. Amma bəs o heç vaxt səhnəyə çıxmayanlar? Heç kitab təqdimatına getməyən, amma bir cümləsi ilə içini darmadağın edən insanlar? Gəl indi onları axtaraq. Çünki bəlkə də, həqiqi fəlsəfə, səssiz otaqlarda, tərləmiş alınlarda, boş boş baxışlarda doğulur. Və bu fəlsəfənin nə adı var, nə də auditoriyası. Onu ancaq hiss etmək mümkündür. Təsəvvür et, bir otaq, divarları saralmış, pəncərəsi köhnə, sobası çatlamış. Küncdə bir qadın oturub, gözləri yuxuya oxşayır, amma bu yuxu deyil, aclığın yavaş-yavaş şüuru silməsidir. Qoltuğunda körpə yatır. Yan otaqda yeniyetmə bir oğlan çaxmağın fənəri altında dərsə baxır. Oxuyur ki, bir gün fəlsəfə ilə danışa bilsin, amma hər sətrində mədəsində bir sancı qalxır. Onun üçün fəlsəfə bir dəfə də olsa ağrısız düşünmək deməkdir.

İndi soruş! Bu ailənin fəlsəfəsi yoxdurmu?

Bəlkə də biz fəlsəfəni çox yanlış yerdə axtarırıq. Auditoriyalarda, kağızlarda, mühazirələrdə. Amma fəlsəfə, tənhalıqda başını əyib Allaha nəsə deməyə çalışan kasıb bir atanın pıçıltısında gizlidir. Fəlsəfə, bütün həyatını başqasına qurban verən bir qadının, gecənin ortasında susub gözlərini tavana dikməsindədir. Fəlsəfə, əslində heç danışa bilməyənlərin qaranlıqda saxladığı o bir cümlədədir: “Mən niyə bu həyatda bu qədər yoxam?” Biz fəlsəfəni elitanın əyləncəsinə çevirdik. Sanki dərin düşünmək, rifahın məhsuludur. Sanki ağrının içində olan insanın düşüncəsi kobud olur, "natamam" olur. Amma əslində, kasıbın fəlsəfəsi daha çılpaq, daha həqiqidir. Çünki orda imitasiya yoxdur. Orda başqasını təəssüratlandırmaq ehtiyacı yoxdur. O düşüncələr, sadəcə yaşamaq üçün doğulur. Ölülərdən biri yazırdı, “İnsan seçilməyə məhkumdur.” Amma kasıb bu seçimi nəylə edir? O, universitet seçmir, çünki ora pul lazımdır. O, psixoloqa getmir, çünki gündəlik çörəyi tapmalıdır. O, kitab almır, çünki kitab alanda qazanc bir gün gecikir. Və sən deyirsən ki, o fəlsəfi düşünmür? Bəs əgər insan hər gün bu qədər seçimsizliyin içində ayaqda qalmağa çalışırsa, bu özü fəlsəfə deyilmi?

Başqa bir ölü deyirdi, “Dəyərlərin yenidən dəyərləndirilməsi.” Bəs cəmiyyətimizin dəyəri nədir? Diplom? Xarici dil? Nüfuzlu ailə? Paylaşılan səhnələr? Bəs ayaqqabısı cırıq halda da qürurunu itirməyən adamın dəyəri haradadır? Biz niyə o adamın adını “tənbəl”, “biliksiz”, “səviyyəsiz” qoyuruq? Niyə onun ruhunun səsini heç vaxt eşitmirik? Dostoyevski yazırdı ki, insan nə qədər acdırsa, bir o qədər dərin düşünür. Amma biz bu həqiqəti unutduq. Biz artıq kasıba “niyə kitab oxumursan?” deyirik. Ona demirik ki, “oxuya bilmək üçün hansı ağrıları susdurdun?” Biz fəlsəfəni, bir az yuxarıdan salırıq insanların üstünə. Halbuki fəlsəfə yuxarıdan gəlməz. O, dibdən çıxır. Çürümüş taxtaların altından, səs keçirməyən divarların arxasından, soyuducusu boş qalmış bir evin içindən. Orda suallar daha kəskin, cavablar daha yalındır. Bəzən düşünürəm. Bəlkə də biz fəlsəfəni heç anlamamışıq. Biz onu oxumuşuq, yaşamaq əvəzinə. Biz onu müzakirə etmişik, susmaq əvəzinə. Biz onu yazmışıq, hiss etmək əvəzinə.

Halbuki bir kasıb qadın var idi. Mən onda hələ kollecdə oxuyur, şadlıq evlərində ofisiant işləyirdim. Mən onu tanıyırdım. Bütün gün bulaşmış əlləriylə qab yuyardı. Heç vaxt heç kimə fəlsəfədən danışmadı. Amma bir dəfə o, telefonda qızına belə dedi: “Əgər çörəyi iki nəfərə bölməkdən utanırsansa, hələ heç böyüməmisən.”

 Bax dostum, bu fəlsəfədir. Nə Sartr yazıb, nə Aristotel, nə də bir başqa tarixi şəxsiyyət. Amma onların hamısını içində daşıyır. Bütün bu susqunluqlar şəxsi deyil. Onlar cəmiyyətin yazmadığı, amma hər gün yaşadığı manifestdir. Tədbirə getməyən adam, fəlsəfə oxumayan kasıb, hisslərini paylaşa bilməyən dəli, hamısı bir şey söyləyir bizə: “Siz bizə baxmırsınız. Siz özünüzə də baxmırsınız.” İndi isə baxmaq zamanıdır. Amma bu baxış, yüngül olmayacaq. Çünki bu sonluq,sadəcə nəticə deyil. Bu, özünə güzgü tutmağın özü qədər ağrılı və zəruri olan bir baxışdır.

Bəlkə də bu yazı, digərləri kimi heç yazılmamalı idi. Çünki bu sözlər, oxunmaq üçün deyil, utanmaq üçündür. Amma biz artıq utanmırıq. Ən pis budur. Biz içimizdə nəyinsə çatladığını bilirik, amma susuruq. Bilirik ki, tədbirdə dediklərimizlə gecə tək qalanda düşündüklərimiz bir deyil. Bilirik ki, musiqi ilə titrədiyimizi iddia edirik, amma o titrəmə sadəcə səsin vibrasiyasıdır, ruhun yoxluğunu örtmək üçün. Bilirik ki, fəlsəfə deyib dolandığımız çox şey, aclığın, soyuğun, yorğunluğun səsinə susmaq üçündür. Amma deyə bilmirik. Çünki əgər danışsaq, bu sistem çökər. Və biz bu sistemin içində yaşamağa çox alışmışıq. O qədər alışmışıq ki, artıq onun soyuqluğunu da normal sayırıq.

Sən soruşursan: “Nə vaxt dəyişəcəyik?”

Mən cavab verirəm: heç vaxt. Çünki biz dəyişmək istəmirik. Biz dəyişməyin ağrısından qorxuruq. Biz öz içimizə güzgü tutmaqdan qorxuruq, çünki içimizdəki o “dəli”, o “susqun”, o “kasib” bizik. Onlar bizdən qopmuş deyil. Onlar bizim alt qatımızdır. Və heç kim öz alt qatına enmək istəmir.

Dostoyevski deyirdi ki, “Ən çox qorxduğum şey, insanın hər şeyə öyrəşə bilməsidir.” Biz artıq hər şeyə öyrəşmişik. Tədbirlərə. Səssiz ağrıya. Dəyərsiz sənətə. Quru fəlsəfəyə. Və ən dəhşətlisi, özümüzə. Biz ruhumuzu itirmişik, dostum. Və onu itirdiyimizi də unutmuşuq. İndi bu yazı oxunacaq. Bəlkə bir nəfər deyəcək: “Ağır yazıdır.” Bəlkə bir başqası deyəcək: “Çox dərin oldu.” Sonra hər şey davam edəcək.

Amma sən... Əgər bu yazını oxuyub bir az belə içində bir sancı hiss etmisənsə, bil ki, sən hələ tam ölməmisən. Hələ içində azacıq da olsa yanır bir şey. O yanğını söndürmə. Çünki bu dünya, sağ qalan hisslərin qəbiristanlığına çevrilib. Amma bəlkə də bir gün, məhz o sağ qalanlar içimizdə yeni bir səs doğuracaq.

Bəlkə də o səs, sənin olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(30.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.