Eltən Törəçi, dəyər yaradıcısı, “Ədəbiyyat və incəsənət” üçün
“Yazı” deyəndə biz indi adətən ağ vərəqi, qaradaş (qələm) izini və ya yazılmış düşüncə anlayırıq. Amma bu söz əski türkün dünyasında tam başqa anlam daşıyırdı...
Öz türkcədə “yazı” – sadəcə yazılmış söz deyildi. Bu söz “çöl”, “düz”, “bozqır”, “sərilmiş genişlik” anlamlarında işlənirdi.
Yəni yazı – açıq yer, sərhədsiz dünya, insanın özünü anlada bildiyi, içindəkiləri hayqıra bildiyi oylaq, genişlik idi.
Toponimlərdə bu hələ də yaşayır: məsələn “Qarayazı” – “böyük çöl” deməkdir.
“Qara” – ulu, əzəmətli, güclü;
“Yazı” isə – özgür, sınırsız torpaq.
Yazı – eyni anda “sözün çöldə saldığı iz”dir. Yazmaq – Özgürlük, tinin (ruhun) fırtınasından doğan bir iz salmaqdır sanki. Çünki çöl nə qədər boş görünürsə, yazı da o qədər boş görünə bilər. Amma diqqətlə baxanda – izlər görünür.
Yazıçının işi də bu deyilmi?
O da çıxır çölə – sözlərin çölünə.
Düşüncələr əkir, onları toplumun içinə səpələyir, tümçələrlə torpaq sürür, sözün günəşi altında düşüncələri qurudur, bəzən də içsəl tufanlarını səssiz-səmirsiz çöldə dinclik tapır.
Öz türklər çölə çıxmağı davranış kimi yox, duyğusal sınır (sərhəd ) keçidi kimi görürdülər.
Yazmaq da budur: öz içindən çıxmaq.
Çöldə iz salmaq.
İndi belə bir sorğu doğur:
Əgər yazı çöldürsə…
Yazıçı da Çölçüdürmü?
Bəlkə də elədir.
Məncə, yazıçı:
özünü gurlaşdıra bilən,
içini çölə çevirən adamdır,
düşüncəsini, özünü çöldə açan,
qaranlıqda gözlə yox, duyğu ilə yazan,
keçilməmiş yollarla danışan adamdır.
Bu baxımdan yazıçı – dəyər yaradıcısıdır.
O iz buraxandır.
Çölə çıxan, geri qayıtmayan, gələcəyə, yaşama və toplumun ağlına səssiz izlər salan bir Çölçüdür.
“Ədəbiyyat və incəsənət”
(23.06.2025)