Azərbaycanın Pifaqoru deyir ki, insan mütləq özünü formalaşdırmalıdır, o ruhani inkişafını təmin etməlidir... Featured

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

Söhbətimə iki yunan sözünün birləşməsindən meydana gələn “filosofiya” kəlməsinin açıqlaması ilə başlamaq istəyirəm. "Filo" və "sofiya" yunan sözləridir. "Sofiya" hikmət, "filo" isə sevmək deməkdir."Filosofiya"- yəni "hikməti sevmək" mənasını verir. Dilimizdə işlədilən "fəlsəfə" ifadəsini isə ilk dəfə orta əsr şərq alimləri bu iki yunan sözünü ərəb dilinə uyğunlaşdırıb deyiblər. Və dünyada ilk dəfə Pifaqor özünü "filosof" adlandırıb. O deyib ki: Bilirəm ki, hikmət yalnız Allaha məxsusdur, məndə ola bilməz. Mən ancaq hikməti sevə bilərəm..."

Bəli, bu dəfəki söhbətimin qəhrəmanı filosofdur...

 

Müsahibələrin birində deyir ki:- “Bizə normalda Qərbi örnək göstərirlər, amma mən insanilik baxımından Qərbdən çox da geri olduğumuzu görmürəm. Doğrudur, institutut olaraq bəzi geriliklərimiz var. Məsələn, iqtisadi, hüquqi infrastrukturumuz və s..Lakin insani perspektivdə xalqımızın böyük bir problemi varmı? İnsana, ağsaqqala hörməti azalıbmı? Qonaqpərvərliyi azalıbmı? Odur ki, bu baxımdan böyük bir problem görmürəm. Məsələ burasındadır ki, hər cəmiyyət daima bir dilemma içərisində olur. ABŞ cəmiyyəti də, Rusiya, Fransa, Hindistan cəmiyyəti də. Bəziləri deyir ki, insan daima uçurumda yaşayır. İnsan mütləq özünü formalaşdırmalıdır, o ruhani inkişafını təmin etməlidir...

O, 1968-ci ildə Quba rayonunda dünyaya göz açıb. Orta təhsilini Sumqayıtdakı 21 nömrəli məktəbdə alıb. Sonra indiki Sumqayıt Dövlət Universitetində ali təhsilə yiyələnib. 1995-2000-ci illərdə Bakı Dövlət Universitetinin fəlsəfə kafedrasında dissertant olub və 2001-ci ildə "Ekoloji problem və mənəvi imperativ" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə üzrə doktor alimlik dərəcəsinə yüksəlib. Hazırda AMEA-nın Fəlsəfə İnsitutunun böyük elmi işçidir...

Biz Şərqlə Qərbin kəsişməsində yaşayırıq. Ədəbi baxımdan elə də böyük əsər saymasam da, "Əli və Nino"  bu mövzuda bir marker oldu. Orada Şərqli oğlan Əlinin Qərb dəyərləri ilə yaşaması və hisslərinin parçalanması əks olunub. Bizim təməlimiz şərqlidir, ruhanidir. Ağlımız və tərbiyəmiz isə qərbli. Bu ziddiyyəti azərbaycanlı olaraq həmişə hiss edirik. Ailə dəyərlərimiz şərqlidir, amma eyni dərəcədə də qərbləşmiş bir ekzistensiyada yaşayırıq. Ona görə də, qəlbimizdə bunun acıları var. Bəli,mən düşünürəm ki, biz tamamilə şərqliyik. Sadəcə elə bir yerdəyik ki, Qərbin də təsirini hiss edirik. Ailəyə, həyata, sənətə yanaşmamız şərqlidir.Tərbiyəmiz isə qismən qərblidir. Məktəbə gedirik, bizi bu cür öyrədirlər. Oxuduğumuz kitablar da təsir edib. Yüz illərlə rusların istilasında olmuşuq. Ruslar ta Pyotrun vaxtından qərar veriblər ki, biz qərbli olmalıyıq, amma Qərb onları sevmir. Çünki onlarda bir Şərq görür, etibar etmir.”- söyləyir.

O, həmçinin müxtəlif vaxtlarda bir sıra elm ocaqlarında fəlsəfə, mifologiya, mədəniyyətşünaslıq fənnlərindəntələbələ mühazirələr oxuyub, pedaqoji fəaliyyət göstərib. 1 monoqrafiya və 40-a yaxın elmi-fəlsəfi məqalənin müəllifidir. Fəlsəfi ədəbiyyatdan bir sıra tərcümələr edib...

Deyir ki:- “Əslində, Şərq bu dəqiqə özünə xəyanət etmiş bir durumdadır. Yaponiyaya qədər hamısı. Üst, səthi səviyyədə Şərq yoxdur. Onu inandırıblar ki, sən Qərb olsan, daha yaxşı olar və Şərq başını itirib. Daha dərin qatlarda, məsələn, sufi xanəgahlarında, balaca icmalarda, qəzəl məclislərində Şərq yaşayır. Bu da insanın ruhani inkişafına olan sonsuz maraqdan irəli gəlir. Qərb isə bizə dünyanın texniki baxımından inkişafına sonsuz maraq aşılayır. Hər il yeni "İphone"nin çıxmasını gözləyən insanlar var. Fikirləşirlər ki, görəsən, İlon Mask neynəyəcək? İlon Mask Qərbin peyğəmbəridir. Ondan əvvəl Stiv Cobs idi, daha əvvəl Bill Qeyts. Onlar xilası bu adamlardan gözləyirlər. İlon Mask ona görə gəlib Trampın komandasında yer aldı. Elə bir mühit yaradıblar ki, bu mühit İlon Mask kimi adamları zəruri edir. Onlar əsas hədəf bunu qoyurlar ki, texnikanı inkişaf elətdirsinlər. Yeni elektrik maşınları, silahlar yaransın. Camaat buna "bəh-bəh" deyir. Amma şərqlilər üç-üç, beş-beş oturub yeni yaranmış çipə, süni intellektin bacarıqlarına yox, muğama qulaq asırlar və insanın kamilləşməsinə heyrət edirlər. Şərqlilər insan daxilinin dərinliklərinə enib ondan zövq alarlar. Qərblilər isə başqa perespektivdə özlərini axtarırlar...

Müsbət enerjisi, intellektual olma ilə tanınır. Öz biliyi, məntiqi ilə ətrafdakı insanlara təsir etməyi bacarır. Daim nəyisə tədqiq etmək və öyrənmək istəyi onun zəkasını və enerjisini həmişə canlı saxlayır. Darıxdırıcı insan deyil, yaxınlarına, tanışlarına qarşı çox həssasdır...

Nyu-Yorkda, Meksikada, ya da Fransada bəzi yerlər var ki, gecələr taksi oraya sürmək istəmir, qorxur ki, hücum edərlər. Yaxşı yaşamağa gəlincə isə, sosial rifahı yaxşı olanlar ağa sinfinə mənsub insanlardır. Onlar cəmiyyətində müəyyən bir hakimiyyət əldə edirlər və o sosial rifahı öz əllərinə keçirib çalışırlar ki, övladlarına da ötürsünlər. Əslində, bu səfalətin nişanəsidir. Məsələn, orta bir Qərb şəhərində qocalar evinin olması. Qocalar övladlarından kənarda tənha ölümə buraxılır. Ona orada yaxşı baxılsa belə, bu dəhşətdir. Amma nə qədər kasıb komada olsa belə övladlarının yanında olan ana-atanı təsəvvür edin, biri onun ayağını masaj edir, digəri su gətirir, bu cür dünyadan köçmək daha gözəldir. Bizim ağlımızı oğurlamağa çalışırlar. Nə istəsələr təlqin edirlər. Mənə görə, Şərqdə yaxşı həyat var. Qərbdə bir çox fikirləri politkorrekt saymayıb insanı susdura bilərlər. Bütün bəşər fəlsəfəsi politkorrekt deyil. İndi bunlar ütülü, "cici-bici" dünyası yaradırlar, bu da gətirib LGBT-ə çıxartdı. Açıb baxın, Şərqin kitablarında bu haqda nə yazılıb. Artıq bizə də gəlib çıxıb. Həqiqətin arxasınca gedənlər başqa tip adamlar olurlar. İndiki Qərbdə həqiqətə yer yoxdur, ütülü yalana yer var. Orada sənət də, ədəbiyyat da həqiqəti ortaya qoya bilməyəcək. Hamısı sifarişli əsərlərdir. Elə gedib "Harri Potter" kimi fantastik şeylər yazsınlar. Çoxdandır ciddi ədəbiyyat da yaratmırlar.”- söyləyir.

Onun öz xarizması var. Bu xarizma insanlarla ünsiyyətdə mistik rol oynayır. Adətən mehriban, ağıllı və gözəl nitqləri ilə diqqəti özünə çəkməyi bacarır. Bir çox insanın çıxa bilmədiyi problemlər qarşısından qısa müddətdə uğur əldə etməyin yolunu tapır. Bu da onun müsbət xüsusiyyətlərindən biridir. Zəka ilə zaman-zaman insanları doğru yola yönəldir. Mükəmməl xarakteri və aktivliyi ilə hadisələri “flirt” etməyi çox sevir və düzgün qərar verir. O, öz işini sevərək görənlərdəndir. Çalışdığı sahədə yüksələrək özünə dividentlər qazanmağı bacarır. Pul qazanmaq əsas məqsədi olmasa da, rahat və lüks bir həyat yaşamaq, sevdiklərinin istəklərini həyata keçirmək onun üçün vacibdir...

Deyir ki:- “Şərq bütün dini təlimlərində kapitalizmi zəncirləyirdi. Kapitalizm "pul əsasdır" fikri üzərində qurulan dünyadır. Orta əsrlərdə Qərbdə belə deyildi, pul yox, şərəf əsas idi. Cəngavəlik dövrlərini, "Don Kixotu" yada salın. İslamda nə deyilir? Zənginlər kasıblarla bölüşməlidirlər. Onlara bu vəziyyəti Allah verib. Amma sən mərhəmətinlə onların vəziyyətində bir yol yaratmalısan. Mərhəmət insanı Allaha sarı yönəldir. Şərqin təlimlərində iqtisadi həyat ruhaniyyətə tabedir. Kapitalizmi Quranda Karun təmsil edir. Və o Titanik batan kimi batdı. Quran kapitalizmi heç vaxt dəyər kimi qələmə verməyib. Şərq həmişə mənəviyyatın əsas dəyər olduğu cəmiyyəti qurub. Bəlkə də, mənəviyyatın əsas dəyər olduğu cəmiyyət zahiri baxımdan o qədər də effektiv olmayacaq. Amma normal gözlə baxanda elə ən uğurlu cəmiyyət də budur...

...Milyon illərdir ki, filosoflar dünyada HİKMƏT axtarırlar. Obrazlı desəm, bu yolda hər filosofun öz dəsti-xətti, öz fəndləri olsa da, kainat qədər yaşı olan qoca HİKMƏTin sirlərini Allahdan başqa heç kim bilmir...

Bəli, bu gün haqqında danışdığım filosof- son illər ölkəmizdə ulduz kimi parlayan və cəmiyyətdə nüfuz qazanmaqda davam edən Şükürov Müşfiq Yarəhməd oğludur. Onu daha çox filosof Müşfiq Ötgün kimi tanıyırlar. Ona Azərbaycanın Pifaqoru da demək olar...

“Ədəbiyyat və incəsənət”

(21.06.2025)

 

 

 

 


 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.