Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Maraqlı söhbətlərin yönü bu gün Almaniyayadır.
Bir dəfə gecənin birində alman yazıçısı, şairi və dramaturqu Bertolt Brexti poçtalyon yerindən oyadır və ona təcili bir teleqram verir. Təcili gecə teleqramını onun məzmununu bilmədən almaq çox xoşagəlməz və narahatedici bir şeydir. Bir qayda olaraq, bu cür təcili gecə teleqramları yaxşı heç nə vəd etmir…
Bununla belə, göndərilən teleqram Brextin bir tanışından idi və belə bir məzmunda idi: "Əziz dostum! Mən sağ və salamatam və sizə də bunu arzulayıram!"
Önəmsiz bir teleqrama görə gecənin yarısı insanı yerindən oyadaraq, narahat etmək zarafat deyil. Təsəvvür edin ki, şirin yuxunuza haram qatılaraq, belə həyasız və axmaq bir teleqram alsaydınız, nə edərdiniz?
Şübhəsiz ki, buna bir çoxunuz oxşar və bəlkə də daha dramatik bir şeylə cavab verərdiniz. Amma dramaturq Bertolt Brext nəinki alicənab, həm də hazırcavab davranır.
Bir qədər sonra həmin zarafatcıl tanışı bağlama haqqında poçtdan bildiriş alır. O, poçt şöbəsinə gedir. Orada ona ağır bir qutu verirlər. Qutu o qədər ağır idi ki, o, hətta buna görə fayton tutmalı olur. Sonra isə bağlamanı böyük çətinliklə 4-cü mərtəbədəki mənzilinə güc-bəla ilə sürükləyərək qaldırır. Nəhayət, qutunu açanda heyrətindən donub qalır. Qutunun içində... böyük bir daş və yanında bir qeyd var idi: “Əziz dostum! Gecə teleqramınla ürəyimdən çıxardığın həmin daşı sənə göndərirəm".
“Ədəbiyyat və incəsənət”
(20.06.2025)