Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Bir vaxtlar mən heç kimə fikir verməzdim. Məktəbin sakit guşəsində dayanıb ətrafa baxar, səssizcə yeməyimi yeyərdim. Hər kəs bir-birinə qarışaraq əylənib-güləndə, mən uzaqdan onlara tamaşa edərdim. Onların səs-küyü mənim dünyamı poza bilməzdi. Mən buna icazə vermirdim.
Hər dəfə bir əl məni ora aparmaq istəyəndə, mən geri çəkilirdim. Çünki mən yalnız xoşbəxt idim. Sevincimi, kədərimi öz içimdə yaşardım. Digər yaşanmışlıqlar mənə yad və saxta görünürdü. Mənim isə öz içimdə qurduğum bir dünya vardı — səssiz, sakit, yalansız və yalnız mənə aid.
Amma zaman keçdi. İnsan böyüdükcə içindəki səssizliyi qorumaq çətinləşir. İndi mən, əvvəl seyr etdiyim səhnənin içində yer almışam. Başqalarının cızdığı sərhədlərin içindəyəm. Hamı kimi gəzirəm, gülürəm, dinləyirəm, danışıram. Amma bəzən elə bilirəm, o sakit guşəni hələ də axtarıram.
Bəzən o qıza geri qayıtmaq istəyirəm — heç kimə fikir verməyən, özü içində xoşbəxt olan, özü üçün yaşayan o qıza. İndi anlayıram ki, o sadəcə tək deyildi — o, özlüyündə tam idi.Bəzən insan tək qalmaq istədiyi üçün deyil, içindəki səsi daha yaxşı eşitmək üçün uzaq durur. Mən səssizliyin içində özümü tapmışdım. Səs-küyün içində isə özümü itirdim. Bəlkə də indi qayıtmalı olduğum yer, bir vaxtlar tərk etdiyim o sakit guşədir…
“Ədəbiyyat və incəsənət”
(18.06.2025)