Bir pəncərə açılmadı, vicdanlar bağlandı - AKTUAL Featured

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Alt yazı:

Avtobusda baş verən adi bir hadisə, cəmiyyətin yaşlı nəslinin gənclərə olan münasibətini, zorbalığın susqun dəstəyini və ictimai laqeydliyi üzə çıxardı.

 

Gündəlik həyatımızda elə anlar yaşanır ki, təkcə bir insanın davranışı deyil, bütöv bir cəmiyyətin aynası kimi çıxış edir. Əxlaqın, hörmətin, anlayışın və şəxsiyyətin yoxluğunu bir nəfəsdə göstərən bir səhnə. Bu dəfə o səhnə adi bir ictimai nəqliyyat vasitəsində – marşrut avtobusunda yaşandı.

Hava isti, avtobusda nəfəs almaq müşkül. Pəncərələrin bir neçəsi açıq deyil, sərnişinlərin tərlədiyi hiss olunur. Və bu mənzərənin içində yaşlı bir qadın – xalq arasında “xala” deyə çağırılan biri – ətrafına hökm edir:

"Ay qız, aç da o zibili, mən ölürəm axı burda!"

Əlbəttə, insanın halı pisləşə bilər. Amma səs tonu və yanaşma – əmr, təhqir və kobudluqla dolu. Pəncərə yanındakı gənc bir qız nəzakətlə cavab verir:

"Ay xala, qulağım ağrıyır, o biri dayıya deyin, o açsın."

Burada bir anlıq susqunluq olmalıydı. Lakin bu susqunluğu bir neçə “şəxsiyyətini itirmiş” sərnişin pozur. Ədəbsiz sözlər, təhqir, qızın zahiri ilə bağlı alçaldıcı ifadələr – "eşşəyə oxşayırsan" tipli qeyri-insani çıxışlar.

Sanki cəmiyyətin yaşlı təbəqəsində bəzi şəxslər gənc nəsli linç etməyi özünə borc bilir. Halbuki tərbiyə nə yaşla ölçülür, nə də saçın ağarması ilə.

Gənc qız, bütün bu təhqirlərə baxmayaraq sakitcə ağlamağa başlayır və deyir:

 "Onda mən keçim, xala gəlsin otursun burda."

 

Sözün qurtardığı nöqtə bəlkə də budur. Sanki bu torpaqda anlayış və empatiya deyil, kobudluq və zorakılıq hörmət sayılır.

Hadisəyə şahid olan biri kimi sükut edə bilmədim. Həmin anda səsləndim:

 "Utanmırsız? Bir qızın üstünə bu qədər kişi və qadın yığışıb təhqir edirsiz? Əgər doğrudan da xalanın halına yanırsızsa, durun, siz yer verin. Niyə pəncərəni digər sərnişinlər açmır?"

Hadisənin gedişində sürücü də maşını saxladı, vəziyyəti soruşdu. Sağ olsun, düşüb yaşlı qadına su aldı. Amma qadının cavabı bu dəfə də özünü ələ verdi:

"İçmirəm dəə. Belə tərbiyəsizlərə nə deyəsən axı..."

Mən isə son olaraq həmin qıza dedim:

 "Sən niyə ağlayırsan bunlara görə? Gərək sən ağlayasan, yoxsa bu cəmiyyət?"

 

Nəticə: Nəfəs almağa pəncərə açmaq lazımdır əlbəttə.

Amma biz cəmiyyət olaraq fiziki pəncərələri deyil, mənəvi pəncərələri bağlamışıq. Nəfəs alan, düşünən, hiss edən insanlara yer dar gəlir. Xüsusən də qadınsan, gəncsənsə və itaət etmirsənsə.

 

Bu hadisə təkcə bir qızın pəncərə açmaması ilə bağlı deyil. Bu, cəmiyyətin dəyişməyə dirənməsi, nəsillərarası dialoqun pozulması və kobudluğun normal hala çevrilməsinin faciəsidir.

Əgər bir pəncərə açmaq bu qədər çətinləşibsə, bəlkə də əvvəlcə vicdanlarımızı havalandırmalıyıq.

 

“Ədəbiyyat və incəsənət”

(17.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.