Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Saat dörddür. Günorta vaxtıdır. Həzin külək özünü daha sərt göstərməyə başladı. Hər yeri işıqlandıran günəş indi yoxa çıxmış, yerini qara buludlar almışdı. Hava anidən tutqunlaşmağa başladı. Göy gurultusunun həyəcanverici səsi aydın eşidilirdi. Qara buludların arasından boylanan ildırımlar bir-birinə toxunaraq, önümdən keçib sanki rəqs edirdilər.
Hər an gəlməkdə olan yağışı qarşılayan ildırım əvvəlcə çaxır, göyü titrədirdi, sonra yerə enən damlalara yol açırdı.Mən səmaya baxaraq mənzərəyə tamaşa edirəm. Yağış hələ başlamayıb. Küçənin kənarında dayanıb avtobus gözləyirəm. İçimdə qəribə bir hiss var. Sanki səma da mənimlə eyni hissləri yaşayır.Avtobus bir müddət sonra gəlir. İçəri girib otururam. Pəncərədən ətrafa baxıram. Bir qədər irəlilədikdən sonra yağışa düşdük. Hər tərəfi şiddətli yağış bürümüşdü. Bayaqkı hava geridə qalmışdı. Avtobus sürətini yavaşlatdı, önümüzü görə bilmirdik. Lakin bir dəqiqə sonra gördüyüm mənzərə isə tamam fərqli idi. Elə bil yağış arxamızda qalmış, bizdən uzaq düşmüşdü. İrəlidə isə hər tərəf aydın və günəşli idi — sanki heç nə olmamış kimi. On beş dəqiqəlik yolda sanki bir fəsildən digərinə keçmişdik.Geri qayıdanda isə hər şeyin əksi olur. Şiddətli yağış yağmağa başlayır. Mən addımlarımı tezləşdirirəm, avtobusa yetişməyə çalışıram. Uzaqdan gələn avtobusu görüb, tələsərək yolu keçdim. Avtobus saxladı və mən içəri keçdim. Hər yer dolu idi. Mən özümə birtəhər yer edib, kənarda dayanmışam. Yağışı seyr edirəm. Yağışın damcıları şüşəyə çırpılır, içəridəki sükutu pozurdu. Ancaq mən bu yağışda özümə sükut tapırdım.Qəribəsi onda idi ki, yağış ilk dayandığım yerə yağmırdı. Lakin mən dayandığım zaman hər an yağacaq kimi idi. Bu hadisə məndə qəribə bir hiss oyatdı. Bir saata yaxın zaman içində sanki fəsillər bir-birini əvəzlədi. Mən də onunla birlikdə dəyişdim. Sanki həyatın özü də belədir: sən bir yerdə dayanarkən fırtına gəlir, yerini dəyişəndə isə fırtına geridə qalır.
Və anladım ki, həyat da belədir — bir anda dəyişir. Buludlar çəkilir, günəş görünür və sonra yenə yağış yağır. Biz isə, hər nə olsa da, yolumuza davam edirik. Çünki bilirik ki, hər yağışın ardınca günəş çıxacaq. Elə bu ümidlə də avtobus pəncərəsindən baxaraq yoluma davam edirəm.
“Ədəbiyyat və incəsənət”
(17.06.2025)