“Vətən!” qışqıran yerlibaz adamlara İTHAF Featured

Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün

 

Bu gün istəsək-istəməsək də sosial şəbəkələr həyatımızın bir parçasına çevrilib. Hər kəs bu şəbəkələrdən bir cür istifadə edir, axı hərənin öz dünyası var. Biri daim xəbər, yenilik axtarışındadı, kimsə öz işinin reklamı ilə məşğuldu, kimi də, dostluq, yoldaşlıq arzusunda burada var-gəl edir. Bir qisim isə həyatda özünü tapmayan, dünyadan bixəbər burada ordan-burdan köçürdüyü fikirlərlə “filosof”a çevrilən və yorulanda da adamlara söz atan, öz yerini bilməyən zəhlə tökən adamlardı... 

 

İnsan həm də bir vətəndaş olduğu üçün öz yurdunun, ocağının təəssübünü çəkir. Axı sosial şəbəkələrdə təkcə həmyerlilərimiz deyil, bütün dünyadan insanlar bizi izləyir... Nə yaxşı ki, bu gün Azərbaycan vətəndaşı alnıaçıq, üzüağdı. Daha əvvəlki kimi heç bir ölkə nümayəndəsi qarşısında başı aşağı deyil. Ondan ki, 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Azərbaycanın düşmənlə ədalətli müharibəsində biz qalib gəldik. Üzümüzü qara edən köçkün adından xilas olduq. İllərlə həsrətində olduğumuz torpaqlarımıza qovuşduq. Bu gün daha hüznlə işğal günlərimizi qeyd etmirik. Sosial şəbəkələrdə də qələbə sevincimizi paylaşırıq. Dövlətimizlə, Ali Baş Komandanımızla millətimizlə, müzəffər ordumuzla, şəhid və qazilərimizlə qürur duyuruq. Hamımız az qala gecə-gündüz “Vətən!” - deyirik. Amma, hə, hər işin də bir “amma”sı olmaya. Belə ki, uzun həsrətdən sonra doğma torpaqlarımıza möhtəşəm qayıdışımızla bağlı sevinclə, göz yaşlarıyla paylaşımlar edirik. Biz o sevincə qoşuluruqmu? Əlbəttə, buna hər kəs məcbur deyil. Heç bu paylaşımı edən də, bunu o məqsədlə etməyib. Amma biz Vətəni, Ali Baş Komandanımızı, Şəhidimizi, Qazimizi, dirçələn Qarabağımızı, qısası, dünyanı heyrətə salan möcüzələrimizi çox vaxt şəxsi münasibətimizə, göstərişə qurban veririk. Tutaq ki, o paylaşımı sənin xoşuna gəlməyən Vəli adında biri edib. Buna görə, indi Vətənimizin uğurlarına, möhtəşəm qayıdışımıza, illərlə arzuladığımız gözəl günlərimizə göz yummalıyıq. İçimizdəki bir-birinə olan o kin, nifrət, paxıllıq hissi o qədər güclüdü ki, elə bilirik biz Vəlinin sevincinə (halbuki bu hamımızın sevincidi) qoşulsaq, onun sevinci aşıb-daşar və biz bundan bədbəxt olarıq.

Əslində biz elə öz sevincimizə sevinə bilməyəndə bədbəxt oluruq... Axı bu hamımızın sevincidi. Hərdən düşünürsən ki, görəsən, o paxıllıq nə olan şeydi ki, bu yaramaz çoxumuzun qəlbində kök salıb. Ali Baş Komandanımızı görəndə ətəyindən öpməyə hazır olanlar onunla bağlı paylaşımlara biganə qalırsa deməli, o münasibət səmimi deyil... Sən sevdiyini hər yerdə, hər gözəl paylaşımda əzizləyə bilmirsənsə onda sənin Vətən  anlayışında problemlərin var... Bir də Vətəni sevmək həm də, imandandır axı. İctimai xadim, alim, həm də, dinimizin gözəl təbliğatçısı Siracəddin Hacının dediyi kimi, surələri əzbərləməklə, gecə-gündüz ibadət etməklə əsl insan, əsl mömin ola bilməzsən, bunu dərk etməklə, əməlinlə sübut eləməlisən...

İllər əvvəl belə bir şeir də yazmışdım...

 

Ədalətsiz adamla 

Könlüm heç vaxt barışmır. 

Vətən sənin cibindi

Bayraq sənə yaraşmır.

 

Vətən o şəhid olmuş

Atamın torpağıdı.

Qardaşımın savaşda

Kəsilən qollarıdı.

 

Qəlbimizdən xəbərsiz,

Tək nəfsini güdən, öl!

“Vətən” deyib, bağırma,

Sən özün də Vətən ol! 

 

  Açığını deyim, necə ki, qələm gərək doğrunu yazsın. Mən FB sosial şəbəkəsindən istifadə edincə adamları tanımağa başladım. Kaş tanımaz olaydım, İlahi, burada çox dəyərli, hörmətli insanlarımızla yanaşı, necə qədirbilməz, nankor adamlara rast gəldim, boğazdan yuxarı “Vətən!” qışqıran yerlibaz adamları tanıdım. Dünən haqqında yazdığın, bağrına basdıqların bu gün burada səni görməzdən gəlirlər... Həm də səni yox e, göz yaşıyla təbliğ, tərənnüm elədiyin doğma Vətəni... Sizcə, bu cür adamların Vətən sevgisinə, yurd təəssübkeşliyinə inanmaq olarmı?

Hərdən öz-özümə deyirəm, sağ olsun, FB-u məni tanımadığım adamlarla tanış elədi...

 

“Ədəbiyyat və incəsənət”

(23.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.