Oxuyan adam, sənə bir sual - ESSE Featured

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Oxuyan adam, sənə bir sual vermək istəyirəm. Düşünərək cavab ver. Özündən, ətrafından, həyatdan yola çıxaraq. Vacib deyil, çox uzağa gedəsən. Bəlkə də cavab elə sənin özündədir. Vacibdir ki, bir cavab verəsən.

 

Cavabsız suallar çoxdur, bilirəm. Kiminin içində, kiminin çölündə, kiminin də gülüşündə gizlənir. Bəzən elə üzümüzdəki təbəssümün arxasında dayanır o cavabsız suallar. Heç nə olmamış kimi görünən susqunluqların içində. İndi isə görünənlərə yox, var olana baxaraq cavab ver.

Oxuyan adam, “İnsan dəyişə bilərmi?”

Bu sual bir aynadır, özünə baxmaq cəsarəti olanlar üçün tutulmuş bir ayna. Sən indi ondan soruşursan: “İnsan dəyişə bilərmi?”

Bəlkə cavab yazmaq istəmirsən. Çünki bilirsən ki, bu cavab bir cümlə ilə məhdudlaşmaz. O cavab sənə toxunar, içində gizlədiklərini oyadar, səni keçmişə aparar. Bu suala cavab vermək cəsarət tələb edir. Çünki özünlə üzləşirsən. Bu sual, əslində, “Mən dəyişmişəmmi?”, “Mən kiməm?” sualını öz-özünə verə bilməkdir. Hər kəs keçmişə dönmək, özü ilə üzləşmək istəməz. Dəyişmək isə, ilk olaraq, özü ilə üzləşməkdən keçir.

İnsan nə vaxtsa, heç olmasa bir dəfə, özü ilə üzləşmə cəsarəti tapırmı? Yoxsa özündən xəbərsiz yaşayaraq içindəki səsi susdurur? Səssizcə ötüb keçir fəsillər kimi — yaz gəlir, amma o fərqində deyil; payız saralır içində, solur, tökülür, amma hiss etmir; qışda donur, amma niyə donduğunu anlamır.

Üzləşmək ağırdır. İnsan bunun fərqindədir, oxuyan adam. Sadəcə kimisi daim özündən qaçır, kimisi də bir gün dayanaraq o cəsarəti özündə taparaq “Mən kiməm?” deyir. Keçmişə baxaraq “Bu, mənim bir parçamdır” deməyi öyrənir. Keçmişə baxmaq asan deyil. Orada çox şey var — unudulmaq istəyən izlər, deyilməmiş sözlər, yaşanmamış xatirələr, susmuş həqiqətlər var. Keçmişin izləri heç vaxt yox olmur. İnsan bunu bilir, oxuyan adam. Amma biləndə ki, dəyişmək üçün ilk addım üzləşməkdir — bax, o zaman, o cəsarəti tapanda yaz gəlir və qönçələr açmağa başlayır. Artıq keçmişin səsi duyulmur, o səssizləşir.

Bəs sən, oxuyan adam, “İnsan dəyişərmi?” sualını özünə vermisənmi? Əgər vermisənsə, demək ki, sən də dəyişmisən!

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.