Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Bilirsən dostum? Məncə Tarix bir diktatordur. Gözləmir. Bağışlamır. Və hər dəfə təkrarlanmaq üçün dəyişir. Ona ən çox itaət edən varlıq isə insan deyil. Kütlədir. Cəmiyyət isə kütləyə verdiyimiz ən mədəni addır.
Ən qədim mövzunu soruşursan? O, nəzarətdir.
Ədalət, azadlıq, insan hüquqları bunlar nədir, bilirsənmi? Nəzarətin daha az ağrılı versiyaları. Təbəssümlə gələn qandallar. Əlini sıxan, sonra dirsəyinə qədər səni udan sistem. Cəmiyyət insanı heç vaxt bir fərd kimi görməyib. Onu ya günahkar, ya da faydalı resurs kimi dəyərləndirib. Qədim Misirdə fironlar Tanrı oldu. Xalq onlara qulluq etməklə özünü xilas olunmuş saydı. Orta əsr Avropasında kilsə "müqəddəs qorxu" satdı. İnsanların boynuna xaç asıb, qəlbinə zəncir taxdı. İndi isə. İndiysə Wi-Fi şifrəsinə "123456" qoyan insan, öz datasının da, ruhunun da oğurlandığını başa düşmür. Çünki bu gün Tanrı kodla gəlir. Adətən "play market"dən.
Sənə nəzarət etməyin üsulu dəyişdi, amma məqsəd yox.
Əvvəllər divarın arxasından səni dinləyirdilər, indi isə sən öz səsini özün yükləyirsən. İfa etmədiyin mahnıya "duet" açırsan. Qadınlar vaxtilə burnuna sırğa taxılıb satılırdı. İndi isə silikon estetikası ilə özlərini brend edirlər. Yoxsa trend deməliydim? Təbii ki, "öz seçimidir".
Nəzarət artıq zorla deyil. Manipulasiya ilə gəlir. Səni məcbur etmirlər, trend yaradırlar. Sən öz istədiyini etdiyini düşünürsən. Halbuki istədiyin şeyin nə olduğunu sənə əvvəlcədən göstəriblər. Bu, artıq diktatorların dövrü deyil. Bu, "like"ların və "səni düşünə biləcək məhsullarımız"ın dövrüdür.
Platon mağarasından insanların kölgəyə baxıb onun həqiqət olduğunu zənn edirdi. İndi isə... heç kölgəyə baxmırıq. Selfi modundayıq. İşıq yaxşı düşürsə, həqiqət kimə lazımdır?
Ən qorxulusu nədir, bilirsənmi? İnsan artıq öz zəncirini sevir. Çünki o zəncir indi "Bluetooth"la işləyir və adətən qəşəng parıldayır. Bir zamanlar insanlar göyə baxıb dua edərdi. İndi isə aşağı baxıb ekranı sürüşdürərək edirlər.
Tanrı bir vaxtlar hər yerdə idi. Evdə, yuxuda, ürəkdə. İndi isə hər yerdə alqoritm var. İnstaqram paylaşımlarında, YouTube tövsiyələrində, Temu səbətində. Və bu yeni Tanrılar daha səssiz, daha qəti və daha tələblidirlər;
Məni izlə.
Məni paylaş.
Məni sev.
Və sən sevirsən. Bilərəkdən və ya bilmədən.
Əvvəl Allaha dua edirdin: “Məni anlayan birini qarşıma çıxar” deyə.
İndi isə Google’da axtarırsan: “Məni anlayan birini necə tapa bilərəm?”
İkisini də cavabsız qoyurlar, amma biri ən azından reklam göstərir.
İnsanlar artıq düşüncələrini Allaha demir, hekayəyə qoyur. Çünki Tanrı mühakimə edərdi. Amma izləyicilərin "like" edir. Və sənə nə lazımdır? Doğru olmaq, ya viral olmaq?
Lap qədim dövrlərdə ayinlər vardı. Müqəddəs hərəkətlər, səssizliyin içində icra edilən sükut ritualları.
İndi isə səhər ayinimiz, bildiriş yoxlamaqdır.Gecə duamız isə son dəfə paylaşımlarımıza baxmaq.
Əvvəl qəlblər tökülərdi, indi isə kommentlər. Biz Tanrını yuxarılarda axtarırdıq. İndi isə onu cihaza sığışdırdıq. Və o da bizə cavab verir, statistikalarla. Sənin nə qədər görünür olduğun, nə qədər seviləcəyini müəyyən edir. Əvvəllər günah işləmək qorxulu idi, indi isə izləmədən çıxarmaq. Cəhənnəm nədir? – Keçici olaraq profili dondurmaq.
Həqiqət artıq müqəddəs deyil. Ən çox izlənən videodur. Dünyanı dəyişən ideyalar indi "reklamı keç" düyməsi arasında ilişib qalır.
Yəni bir 5 saniyədən sonra keçilir.
Bu dövr bir peyğəmbər göndərsəydi, mesajı belə olardı:
– "Ey insanlar, telefonlarınızı yükləyin, çünki "influencə" səltənəti yaxındır."
Bir vaxtlar insanlar Allaha dua edirdi. İndi isə öz postuna baxır:
– “12 like gəlib... Amma niyə o baxıb, like etməyib?”
Daha insan öz Tanrısına deyil, öz təsdiqinə ibadət edir. Və bu təsdiqin ən müqəddəs yeri sosial şəbəkələrdir.
TikTok qısa və kəskin kəlamlar üçün..
Instagram müqəddəs şəkillərin sərgisi..
Twitter qəzəbli peyğəmbərlərin müharibəsi..
YouTube müdriklərin boşanmış, ağlayan, motivasiya edən versiyası...
Facebook isə pensiyaya çıxmış bir nəslin "xoşbəxtik" yalanıdır..
Burada insan "mən kiməm?" sualına cavab axtarmır. Burada insan "məni necə görürlər?" sualının əsiridir.
Fikrin yoxdursa, trend var. Səsini bilmirsənsə, səhnə sənin üçün hazırlanıb. Üzünü sevmirsənsə, filtr düzəldilər. Sən özünü itirsən belə, platformalar səni tapacaq. Çünki onların məqsədi sənin azadlığın yox, diqqətindir.
Bu şəbəkələr sənin real dostlarını əvəz etdi. Artıq kimsə zəng etmir ki, “Necəsən?” Hamı sadəcə yazır: “Statusunda bir az qaralırsan, hər şey qaydasındadır?” Çünki kədər belə vizual olmalıdır ki, inanılsın. Dərdin varsa, paylaş. Yoxdursa, qoy elə bilsinlər var, çünki diqqət həmişə ağrıya yönəlir. Bax, dostum, bu virtual məbədlərdə dua belə dəyişib.
– “Allahım, mənə səbir ver. Amma izləyicilərim azaltma.”
Çünki mənəvi təskinlik yox, alqoritmik görünürlük axtarılır.
Əvvəl insanlar içini dinləyirdi, indi isə bildirişlərini.
Bir mesaj gəldi. Bəlkə sevilirəm?
Bir like gəldi. Bəlkə dəyərliyəm?
Bir izləyici getdi. Bəlkə səhvəm?
Əxlaq artıq vicdanla yox, görünüşlə ölçülür. Kimsə çılpaq şəkildə tullanıb rəqs edir. Min bəyənmə..
Başqası kitab oxuyur. Bir görüntülənmə.
Çünki bilik zaman istəyir. Vizual şok isə bir saniyədə qalib gəlir.
Cəmiyyətin yaddaşı 15 saniyəlikdir, təfəkkürü isə 3 saniyəlik. Və ən maraqlısı isə sosial şəbəkələrdə hamı dürüst görünmək istəyir. Hər kəs "özüm kimi olmaqdan qorxmuram" deyir, amma hamı ən yaxşı bucağını, ən yaxşı sözünü, ən yaxşı hissəsini göstərir. Sən düşünürsən ki, bu platformada azadsan. Amma əslində azad deyilsən, çünki paylaşmağa ehtiyac hiss edirsən. Əgər öz hissini təsdiqlətməyə ehtiyac duyursansa, sən öz hissinin sahibi deyilsən. Və bu gün virtual mədəniyyətin əsas sualı budur ki, əgər bir duyğunu paylaşmamısansa, onu həqiqətən yaşamısanmı? Dostlar artıq real problemlərini danışmır, onlar sadəcə “postu görmədin?” deyə soruşurlar. Söhbət yox, status var. Hiss yox, "story"var. Və hər "story" bir növ vidalaşmadır, “Məni gör, məni anla, məni təsdiqlə... yoxsa yoxam.”
Əxlaq bir vaxtlar iç səsi idi. İndi isə vizual harmoniyadır. Yəni bir insan düz danışır, doğru davranır, amma estetik deyil? Təəssüf ki o, dinlənməyəcək. Çünki bu dövrdə əxlaqın da "estetik paketi" olmalıdır. Sən gərək gözəl görünə-görünə doğru danışasan. Yoxsa nə olur bilirsən? Təhrif olunursan. Ya da daha betəri, görməzdən gəlinirsən.
Kimsə sinəsini açıb danışırsa, “özünə güvənlidir”. Amma kimsə həqiqəti deyirsə, “aqressivdir”. Yəni bədənə tolerantlıq, amma beyinə senzura var. Maraqlıdır, deyilmi? TikTok-da biri əxlaqdan danışır.
Fon musiqisi: “unuttum səni, unuttum…”
Altında subtitr: “Qadın dəyərlidir!”
Arxa planda: Yavaş çəkilmiş göz qırpma və yavaş tempdə gülümsəmə.
Bu, müasir dövrün “əxlaqi bəyanatıdır.” Qabığı parıltılı, içi isə... hə, içi çox vaxt boş.
Əvvəllər əxlaq davranış idi. İndi isə kontentdir. Əxlaq bir cəmiyyətlə əlaqə alətidir. Kim daha "yaxşı" görünə-görünə "doğru" danışırsa onun əxlaqı trend olur. Kimsə əxlaqı ilə insanları tərpədirsə, amma “vizual dəyəri” zəifdirsə, onun səsi batır.
Həqiqət artıq üzə deyil, obyektivə yaxşı çıxanlara məxsusdur. Səmimiyyət bir neçə hazır ayardan ibarətdir. Hətta kimsə ağlayırsa belə, "kameranı düzgün işığa qoyum, sonra ağlayım" deyir. Və bu günün əsas paradoksu budur ki, əxlaqlı görünmək əxlaqlı olmaqdan daha vacibdir.
Kimsə kimsəyə yardım edir, amma mütləq paylaşır. Yardımın məqsədi, artıq mərhəmət deyil, reputasiyadır. Paylaşmadınsa, etməmisən kimi.
Ona görə də “gizli edilən yaxşılıq” indi artıq cəmiyyət baxımından uğursuzdur. Özünə dürüst biri "yox" deyəndə – “nə qədər kobud insandır!” Amma saxta bir “bəli” daha yumşaq, daha filtrli, daha paylaşım üçündür. Beləcə əxlaq üzə deyil, ekrana fokuslanır.
Bir zamanlar utanmaq vicdan idi. İndi utanmaq görünməməkdir. Əgər görüntüdə yoxsansa, bu günahın ən böyüyüdür. Əxlaq artıq təqdimat formatındadır. Canlı yayımda başqasının şəxsi dramı gülə-gülə müzakirə olunur. Studiyada mikrofon, fonda musiqi, ekranda "şok!" başlıqları... Və bu təmiz üzlü aparıcıların “dərindən təsirləndik” sözləri.
Bir vaxtlar ailə deyəndə insanın ağlına bir süfrə gələrdi. Ortasında isti çörək, ətrafında isti baxışlar. İndi isə ailə dedikdə ilk ağıla gələn şey, canlı yayım, efirdə ağlayan qadın, mikrofon tutmuş reportyor və arxa fonda “sakitləşin, zəhmət olmasa” deyən bir prodüserdir.
Əvvəllər evlərdə problem çıxanda, böyük adamlar yığışar, söz deyər, məsələ evdə həll olunardı. İndi isə problem çıxanda, hamı bir-birinə eyni cümləni yazır: “Bu məsələni Elgizdə danışın, bəlkə kömək elədilər...”
Televiziya artıq mediator deyil. O, mərhəmətli görünən vampirdir. Səni ekran qarşısında ağladır, sonra reklam fasiləsində dişlərini silir. Ailə dağılırsa, bu artıq faciə deyil, kontentdir. Hər tərəfdən baxılır:
– Psixoloq nə dedi?
– Ər ağlayır?
– Uşaq efirdə “məni atam döyürdü” dedi?
Hər cavab reytinqdir, dostum..
Biri 20 illik ailə həyatını 2 saatlıq efirə daşıyır. Qarşısında isə aparıcı, ekspert, toy müğənnisi, “Uşaq psixologiyası üzrə mütəxəssis” (əslində instaqramda 15K followeri var), və nəhayət, səhnə arxasında sponsora “ağlasın da biraz, darıxdırdı” deyən prodüser. Efirə çıxan qadının dərdi nə qədər dərindədirsə, musiqi bir o qədər dramatik olur.
Bir də montaj var. Əvvəl uşaq gülür, sonra anası ağlayır, sonra təkrar uşaq, sonra musiqi, sonra sponsor. Çünki dərd satılmalıdır. Əgər satılmırsa, bir az şişirt, bir az ağla, bir az da qarşı tərəfi studiyaya çağır. Dram böyüsün. Millət zaps etməsin. Bu artıq efir deyil. Bu, milli ayinlərimizdən biridir. Ailə dəyərləri deyirlər... hansı ailə dəyəridir axı bu!?
– Ana oğlunu efirə çıxarıb deyir: “Bu arvad elə bil falçıdı, oğlumun beynini yuyub!”
– Ata zəng edir: “Mən o uşaqdan şübhələnirəm.”
– Gəlin girir studiyaya: “Qaynanam məni gecə saat 3-də izləyirdi!”
Qarşısında xalq baxır və çay içir:
– “Bax gör nə oyun çıxardırlar...”
Əxlaq, mehribanlıq, sevgi, bunlar artıq süni nəfəs aparatına qoşulub. Televiziya isə bu aparatı reklam fasiləsində söndürür. Qadınlar efirdə ağlayır, kişilər studiyadan çıxıb dava salır. Və aparıcı efiri belə bağlayır:
– “Əziz tamaşaçılar, sabah bu ailənin həqiqi sirrini açacağıq. Heç bir yerdə eşitmədiyiniz detallar!”
Sirrin də reklamı olurmuş, dostum. Və bu cəmiyyətdə, ailənin məxfiliyi artıq müqəddəs deyil – sponsorludur. Bəlkə də gələcəkdə toylara da efirdə qərar veriləcək:
– “Bu gün "Elgizlə İzlə"də elçi gələcək. Gəlini bəyənməsəniz, SMS göndərin, dəyişək.”
Sonda bir sual qalır ki, Bu ailələr niyə efirə çıxır? Cavab isə çox sadə və kədərlidir:
– Çünki cəmiyyətin dinləməyi, başa düşməyi, sakitcə kömək etməyi öyrənmək əvəzinə, baxmağı, mühakimə etməyi və paylaşmağı öyrənib.
Ailə dağılır, əxlaq çökür, amma reytinq qalxır. Mədəniyyət isə sonda yazılır: "Bizi izləməyə davam edin."
Əxlaq şouya çevriləndə, insanlıq reytinqə xidmət edir, dostum. Əgər bir gün əxlaq da “filtrlə seçilən effektlər” sırasına düşübsə, deməli, vicdan artıq instinkt yox, marketinq strategiyasıdır. Bütün bu dediklərimiz bir tənə deyil, bir xatırlatmadır. Bir oyadıcı zəngdir, amma təhqir edən yox, sarsıdan tonda. Çünki biz nə sosial şəbəkəyə qarşıyıq, nə texnologiyaya. Əksinə, onlar möhtəşəm imkanlardır. Əgər insan özünü unutmursa.
Problem telefonlarda deyil, əlini oradan çəkməyən insanlardadır.
Problem platformalarda deyil, öz fikri olmayan, amma paylaşmaqdan doymayan ruhlardadır.
Bizim problemimiz ekran deyil,ekrana baxarkən baxmağı unudan gözlərdədir.
İnsan olmaq paylaşmaqdır, bəli. Amma hər paylaşım insan olmaq deyil. Sən ağrını da, sevgini də, şübhəni də paylaşa bilərsən. Amma unutma ki, bəzən ən real hiss, heç bir reaksiya almayan bir susqunluğun içindədir. Biz ekrana baxırıq, amma güzgüyə çevrilmədiyi müddətcə o ekran bizi əks etdirmir. Sadəcə bizə nə olmalı olduğumuzu təlqin edir.
Bu yazı bir etiraz deyil, bir dəvətdir. Özünə qayıtmaq üçün. Düşünmək üçün. Hiss etmək üçün. Çünki sonda, sosial şəbəkədən çıxıb, telefonu kənara qoyanda, bir nəfər qalır. Sən.
Əgər onu unutmamısansa, hər şey hələ mümkündür. Əvvəllər insanlar səmaya baxar, Allahla danışardılar. İndi isə başı aşağı, ekrana baxır, səssizcə algoritmlə razılaşırlar. Əvvəllər ulduzlar bizə yön verərdi, indi isə trend səs, viral video, 24 saatlıq story. Dəyişdi dünya. Bunu danmaq olmaz. Sosial şəbəkələr bir dövrün lüğətini dəyişdi:
"Əlaqə" sözü artıq toxunuş deyil, izləmədir.
"Dostluq" artıq söhbət deyil, qarşılıqlı izlənmədir.
"Sevgi" bir mesajdan ibarət ola bilər, və "hisslər" emoji qədər rəngli, amma bir o qədər səthidir. Amma biz bu dəyişimi lənətləmək üçün yox, anlamaq üçün yazırıq. Çünki biz texnologiyaya qarşı deyilik. Biz o texnologiyanın içində insanın itib getməsinə qarşıyıq. Biz robot deyilik. Biz "kontent" deyilik. Biz trend deyilik. Biz canlı, düşünən, hiss edən, səhv edən, bağışlayan insanlarıq. Bax, bu unuduldu.
Ən təhlükəli tənha, kütlənin içində itib gedəndir.
Ən sakit qışqırıq, "like" üstündə ölü kimi görünəndir.
Ən çox paylaşan, bəlkə də ən çox itirəndir.
Gözümüz ekrana ilişəndə, ruhumuz harada olur? Əgər hər toxunuş bir iz buraxırsa, bizim kimliyimiz "touchscreen" izlərində itib getmirmi? Zaman dəyişdi, bəli. Biz də dəyişirik. Amma dəyişmək özünü itirmək deyil. Texnologiyanı istifadə et, amma özünü reklam etməklə əvəzləmə. Paylaş, amma qopma. Dinlə, amma unutma öz iç səsini. Çünki günün sonunda hər şey bitir, ekran bağlanır və bir nəfər qalır: sən. Əgər onu susan, düşünən, ağlayan, şübhə edən, sevinən, səhv edən, cəhd edən o "səni" unutmamısansa, deməli hələ gec deyil. Cəmiyyət sənə baxır. Səni izləyir. Səndən "kontent"gözləyir. Amma ruhunu "kontent" etmə. Əgər hər şey bir gün silinəcəksə, ən son silinən vicdanın olsun.
Bu yazı bir etiraz deyil. Bu, güzgüyə çevrilmiş bir ekran kimi, sadəcə özünü göstərmək istəyir sənə. İçindəki insanı tanı. Ən azı, ekran sürüşdürməyi buraxıb, bir dəfə də öz ruhunu “refresh” elə. Hər dövr bir güzgüdür. İnsan ya özünü görür, ya da özünü itirir. Biz isə indi güzgünü əllə deyil, barmaq izi ilə silirik. Sosial şəbəkələr pis deyil. Necə ki, güzgü günahkar deyil. Sadəcə nə göstərdiyinə bax.
Əvvəllər insan səhv edəndə dua edərdi, indi isə silir.
Əvvəllər insan sevdiyini itirəndə susardı, indi isə paylaşır.
Əvvəllər tək qalmaq, düşünmək idi. İndi isə tək qalmaq, "sildin məni?"deməkdir.
Texnologiya insanı azad edə bilər, əgər ruhun hələ offline deyilsə. Amma hər "like" bir dərman, hər "story" bir maska, hər post bir möhtaclıq olduqda, sən texnologiyanı yox, o səni idarə edir. Sosial şəbəkə qınanacaq yer deyil. Amma orda müdriklik, sevgi və həqiqət axtarmaq, kitabxanada dönər satmaq kimidir. Hər şey var, amma əslində heç nə yoxdur.
Unutma: ən böyük “platforma” vicdanındır.
Ən real “dəstək” bir dostun susaraq dinləməsidir.
Ən vacib “bildiriş” içindəki səssiz çağırışdır.
Hər kəs izləyir. Hər kəs danışır. Hər kəs paylaşır. Sən bir az sus. Sükutun səsini dinlə. Çünki qışqıran çoxdur, amma düşünən az. Və cəmiyyətin səsi, əslində ən çox səni susdurmaq istəyəndə yüksəlir.
Əgər bu çağırışa bir “reaksiya" vermək istəsən özünə dön.
Bəlkə də orda, filterdən keçməmiş, "story" yox, həqiqətlə yaşayan bir "sən" var...
“Ədəbiyyat və incəsənət”
(20.05.2025)