Həm alim, həm telejurnalist, həm şair… Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Hamısı Vətəndir, Vətənimizdir -

Bu sərvət, bu dövlət, bu da xəzinə.

Bir düşün nəfisin səni incidir?

Hərdən hesabat ver özün-özünə.

Alov da, ocaq da, tüstü də Vətən, 

Torpağın altı da, üstü də Vətən!

 

20 may günü təqvimində daha bir yaradıcı insanın doğum gününü tapdım. Söhbət Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Natiq Qubadoğludan gedir.

 

Natiq Qubadoğlu əslən Ucar rayonunun Çiyni kəndindəndir. Alim, telejurnalist və şair 1959-cu il may ayının 20-də İsmayıllı rayonunun Keyvəndi sovetliyinin Minkə kəndində anadan olub.

2005-ci il iyulun 4-də İctimai Televiziyanın Ədəbiyyat və incəsənət verilişləri departamentinin direktor müavini vəzifəsinə təyin olunana qədər Azərbaycan Televiziyası və Radio Verilişləri Dövlət Komitəsində kiçik redaktordan böyük redaktora qədər müxtəlif vəzifələrdə çalışıb.

O, xüsusilə 1993-cü ildən 2005-ci ilə qədər həmin televiziyanın İctimai-siyasi proqramlar redaksiyasının böyük redaktoru vəzifəsində çalışdığı müddət ərzində özünü bacarıqlı reportyor, istedadlı redaktor və ölkədə baş verən hadisələrin nəbzini tutmağı bacaran, milli təfəkkürə malik, daim dövlətçiliyə xidmət edən təcrübəli jurnalist kimi göstərib.

 

Jurnalistika sahəsində olduğu kimi elmi-yaradıcı fəaliyyətlə də məşğul olub. O, "Kəlbəcər-Laçın regionu oykonimlərinin ərazi, məkan xüsusiyyətləri" mövzusunda dissertasiya işini müdafiə edərək coğrafiya üzrə fəlsəfə doktoru adına layiq görülüb. Hazirda AMEA-da "Coğrafiya tarixi və toponimika" şöbəsinin böyük elmi işçisidir. BDU-nin müəllimidir. Ailəlidir. İki övladı var.

O ki qaldı şairlik fəaliyyətinə, xeyli kitabları nəşr edilib.

 

Kitabları

 

- "Bir kəndin nağılı"

- "Püsyan eli"

- Bəlkə bir də görüşdük"- (şeirlər).

- "Mənsiz dözə bilsən"- (şeirlər).

- "Yaşayan sevgi"- (bədii-sənədli poema)."İlham-Fərizə" poeması əsasında yazılan eyniadlı liberetto müqəddəs sevginin epizodlarını göz önünə gətirir.

- "Ömür doyumluq deyil"- ("şeirlər")

 

Mükafatları 

 

1. "Qızıl qələm" mükafatı laureatı 

2. Beynəlxalq Rəsul Rza mükafatı laureatı 

3. "Qafqaz-Media" İctimai Birliyinin təsis etdiyi

4. "Peşəkar jurnalist" mükafatçısı

 

Allah xeyirli ömür nəsib etsin!

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.