Şərəf Cəlilli, Filologiya üzrə fəlsəfə doktoru. “Ədəbiyyat və incəsənət” üçün
Bütün həyatını millətinin tərəqqisinə, inkişafına həsr edən, quruluşun, zamanın basqılarına baxmayaraq eyni məqsədə, mətləbə xidmət edən Həsən bəy Zərdabi tərcümeyi-halı ilə tarix yaratdı. Ailəni dövlətin mikro modeli hesab etdiyindən, mütərəqqi fikirli, savadlı qadınla nigahı əsas şərtlərdən biri kimi qəbul etdi. Savadlı qadın savadlı gələcək, müdrik qadın dəyərli ailə prinsipinə söykənərək milli maarifçilik məsələlərində qadının intellektual potensialını tərəqqinin əsas stimulu saydı.
Həsən bəy Zərdabi ömrü boyu ilklərə imza atdı. Çar Rusiyasında, ilk təbiətşünas alim, ilk ali təhsilli müəllim, ilk xeyriyyə cəmiyyətinin qurucusu, ilk mühərrir, ilk ictimai-siyasi xadim kimi şöhrət qazandı. İlklər onun alın yazısı, Tanrıdan tale payı oldu.
Zərdabinin ən böyük ilklərindən biri, əslində isə birincisi Hənifə xanım Abayeva – Məlikova ilə nigahı idi. Ona qədər Maarifçilik hərəkatının öndərləri hesab olunan Mirzə Kazım bəy xristian qadınla evlənmişdi. Mirzə Fətəli Axundzadə, Abbasqulu ağa Bakıxanov mollaxana təhsili ilə kifayətlənmiş qohumları ilə nigaha getmişdi. Zərdabi bütün sınırları, sərhədləri, yazılmış qanunları pozub tarixi ilklərdən birinə imza atdı. Mükəmməl təhsili, intellektual potensialı, ensiklopedik biliyi, ən əsası bir türk, müsəlman kimi mükəmməl xarakteri ilə fərqlənən, daha doğrusu fərqliliklərə imza aran Hənifə xanım Aslan bəy qızı Abayevanın könlündə taxt qurdu. Zərdabinin mükəmməl ziyalı qadın axtarışı onun illərini alsa da, taleyi üzünə 35 yaşında güldü.
Düzdü o, ilk məhəbbətin oduna-atəşinə tələbəlik illərində yanmışdı. Moskva Dövlət Universitetində təhsil aldığı illərdə Həsən bəy dövrünün məşhur simaları ilə tanış olmuşdu. Onlardan biri də tarixçi-şərqşünas, sonralar universitetin rektoru vəzifəsinə qədər yüksələn, tarix-filologiya fakültəsinin dekanı Solovyov idi. Həsən bəy Solovyovun sevimli tələbələrindən idi. Tez-tez onun evinə gedər, Şərqin qüdrətli şəxsiyyətləri, tarixi, ədəbiyyatı ilə bağlı fikir mübadiləsi edərdilər. Bu get-gəllər Sovolyovun sonralar nüfuzlu tarixçi-şərqşünas kimi tanınan qızı Tatyana Solovyovanın ruhunu bədənindən qoparır. O, bir könüldən min könülə Həsən bəyə vurulur. Zərdabi də bu ilk məhəbbətə biganə qalmır. Məsələ Solovyova çatanda o, bunu könülxoşluğu ilə qəbul edir. Tək və yeganə qızını çox savadlı, geniş dünyagörüşlü tələbələrindən, ən əsası qəlb sirdaşlarından biri ilə evlənməsi onu şad edir. Məsələ ciddiləşəndə bəlli olur ki, Zərdabi evlənib ancaq Moskvada qala bilər. Həsən bəy buna etiraz edir. “Mənim xalqım qəflət yuxusundadır. Mənim kimi adam bunu görüb onlardan ayrı qala bilməz” – deyib, Vətənə dönəcəyini, mənsub olduğu millətin cəhalətdən qurtuluşu üçün xidmətdə bulunacağını deyir. Bunu eşidən Solovyov Qafqaz, Azərbaycan müsəlmanları haqqında ağır, tənəli fikirlər səsləndirir. Onların Zərdabinin dəyərini anlamayacaqlarını söyləyir. Solovyov haqlı idi. Zərdabi Vətənə döndükdən sonra tənələr, təzyiqlər gördü. Millət də onun idi, zillət də. Mətləbdən uzaq düşməyək – Moskva Dövlət Universitetinin Böyük Elmi Şurası onun universitetdə müəllim kimi saxlanılması haqqında qərar alsa da, o, Vətənə sevgisini üstün tutdu...
Moskvadan Tiflisə...
Zərdabinin Vətənə dönüşü Çar III Aleksandrın torpaq islahatlarının, kəndlilərin üzərində təhkimçilik hüququnun götürdüyü zamana təsadüf edir. Qayıdan kimi öz ixtisası üzrə Rusiyada təhsil alan ilk azərbaycanlı kimi onu dövlət qulluğuna işə götürürlər. Amma Zərbaninin Tiflis həyatının ömrü uzun çəkmir. O, burada əsilzadələrdən ibarət palataya üzv qəbul edilsə də, sonralar ordan çıxarılır. Ədalətsizliyə, müsəlman xalqlarına qarşı ögey münasibətlərə, ikili standartlara görə etirazı üzündən onun haqqında belə bir qərar alınır. Tiflis Qafqazın mədəni mərkəzi olsa da, Zərdabi burada çox qalmır. Millətin dirçəlişi, cəhalətdən qurtuluşu üçün gerçəkləşdirmək istədiyi layihələrin ünvanının Bakı olduğunu qəbul edir. Millətə, məmləkətə həsr olunan ömür su kimi axıb gedirdi. Artıq Zərbabi 35-i haqlamışdı, millətin fədaisi könlündə taxt quracağı gözəli, daha doğrusu müdrik qadını isə hələ axtarırdı.
Hənifə xanım tər-təmiz Türk, Müsəlman idi
Zərdabinin gec ailə qurmasının əsas səbəblərindən biri də milllətə xidmətin, özü də təmənnasız xidmətin istiqamətlərini müəyyənləşdirməkdə, cəmiyyətin dəstəyini qazanmaqda üzləşdiyi çətinliklərə bağlı idi. Şamaxı əsilzadələri, Bakı neftxudaları, Şuşa bəyləri bir çox məsələlərdə “hə” desələr də, “iş məngənəyə minəndə” Zərdabi tənhalığın girdabında boğulurdu. Pansion tipli məktəb açmaq ideyası isə onu tərk etmirdi.
Onun bir, tək bir dayaq nöqtəsi vardı. “Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə” nidası ilə Şərqin ilk Qız Məktəbini quran Hacı Zeynalabdin Tağıyev idi.
Hər bir qüdrətli kişinin arxasında qüdrətli bir qadın ömrünün əridiyinə inanan Zərdabi bu dövrdə “Yoxsul və kimsəsiz uşaqların tərbiyəsi və məktəbə hazırlığı ilə məşğul olmaq üçün savadlı türk - azərbaycanlı müəllimlərə ehtiyac yarandığından “Qafqaz” qəzetində Tiflis “Müqəddəs Nina” Qadın Gimnaziyasını bitirən qızların müəllim kimi peşəsini davam etdirmələrini təbliğ edirdi. Zərdabi bir gün 1872-ci ilin yazında “Qafqaz” qəzetini vərəqləyərkən Tiflisdəki məşhur Nəcib Qızlar Gimnaziyasının buraxılış elanı ilə rastlaşır. Məzunların arasında müsəlman, türk qızı adını və soyadını gördükdən sonra həmin gecə tərəddüd etmədən Tifllisə yola düşür. O zaman Tiflisə dəmiryol xətti yeni çəkilmişdi. Gimnaziyaya gedib həmin qızla maraqlanır. Gimnaziyanın direktorundan Hənifə xanımla bağlı məlumat əldə edir. Bəlli olur ki, o, 1856-cı il may ayının 5-də Şimali Qafqazda Nalçikdə - Günnütyurtda doğulub. Qardaşı Sultan Abayev balkarların milli musiqisinin banisidir. Babası Qafqaz qartalı Şeyx Şamilin müridlərindən olub. Çar Rusiyası Qafqazlara gəldikdən sonra o, Osmanlıya köçüb. Atası Aslan bəy nüfuzlu ailələrin uşaqlarından biri kimi hərbi qulluğa keçib. Peterburqda kadet kurslarında təhsil alıb. Çar Ordusunda xidmət edən nüfuzlu hərbiçilərdəndir. İstefaya çıxdıqdan sonra polkovnik Aslan Abakaroviç Abayev doğma yurduna – Günnütyurta qayıdıb. Daha çox Nalçikdəki malikanəsində yaşayıb. Hənifənin 6 yaşı olanda o Peterburqa məktub ünvanlayaraq qızlarının Tiflisdəki Müqəddəs Nina Nəcib Qızlar Seminaraiyasında təhsil alması üçün xahişdə bulunub. Amma bacısı dörd yaşında körpə olduğundan anası buna dözməyib. Aslan bəy ikinci yeri itirməmək üçün baldızının qıız Fizzə ilə birlikdə Hənifəni Şimali Qafqazdan Tiflisə gətirib. Aslan bəy qızını mükəmməl yetişdirmək üçün o zamanlar bir çox türk-müsəlmanlarda olmayan cəsarətli addımı atıb. Gimnaziyada təhsilin on il olmasına, ayrılığın çətinliyinə baxmayaraq o, qızını mükəmməl türk qadını kimi yetişdirmək üçün bütün çətinliklərə tablayıb. Tiflisdə yeganə olan Müqəddəs Nina Nəcib Qızlar Gimnaziyası n qızlara məxsus bütün bilikləri verirdi: rəsm, musiqi, müxtəlif peşələr, pedaqogika, psixologiya, evdarlıq, toxuculuq...
Həsən bəyə elə bu cür, dəyərlərin əyarı olan mükəmməl bir qız gərəkdi. Axtardığını tapmışdı. İstəyirdi ki, ailə qurduğu, könül verib könül aldığı, könlündə sultan etdiyi xanımla birlikdə evində pansionat tipli məktəb qursun. Gimnaziyanın direktoruna ürəyini açan Zərdabidən bunları eşidən əsl müəllim obrazı ilə nümunəyə çevrilən Nina Parxomova Prakofyeva sevincini biruzə verməkdən çəkinmir. “Çox yaxşı ki, sizin kimi Moskvada oxumuş bir oğlan gəlib onun bəxtinə çıxıb. Valideynləri, qardaşları onun arxasınca gəlir. Hamısı da çərkəzi geyimdə xəncərləri, patronları yerində, bığları da öz qaydasında, adam onları görəndə bağrı yarılır. O qız isə çox nəcibdi. Allah sizi elə bir-biriniz üçün yaradıb”...
Hənifə xanım Zərdabiyə qiyabi olaraq vurulduğunu dilə gətirməkdən çəkinmir
Nina Parxomovanın icazəsi ilə Həsən bəy Hənifə xanımla tanış olur. İlk tanışlıqdan bəlli olur ki, Hənifə xanım Zərdabinin “Qafqaz” qəzetində çıxan bütün yazılarını oxuyub. Hətta onun məktəb açamaq, pansion qurmaq kimi fikirləri ilə şərikdi. Özünün də ən böyük arzusu bu idi. Həsən bəy könlünü açanda Hənifə xanım qiyabi olaraq ona vurulduğunu dilə gətirməkdən də çəkinmir. Amma onu da deyir ki, “Mən ailənin sevimli uşağıyam. Gözdən uzağa buraxmazlar. Məni sənə verməzlər”...
Hənifə xanımı dinləyən Zərdabinin təklifi ilə onlar bir-birinə qoşulub Bakıya gəlirlər. Zərdabinin məsləkdaşı, eyni zamanda kürəkəni, Hənifə xanımın isə oğul qədər əziz bildiyi Əlimərdan bəy Topçubaşov Həsən bəylə Hənifə xanımın əfsanəyə dönmüş məhəbbətindən, evlilik təklifindən söz açaraq xatirələrində qeyd edir: “Artıq evlənənmək yaşı ötən Həsən bəylə gənc, gözəl qız olan Hənifə bir-birinə qoşulub Bakıya öz gələcək xəyallarının yuvasına gəldilər. Onların sevinci bir kişinin bir qadına, bir qadının bir kişiyə məhəbbəti üzərində qurulmamışdı. Onlar məfkurə yolculuqları idi. Sevgilərinin adı isə millətin balalarına, maarif işığına məhəbbət idi...”
Topçubaşovun qeyd etdiyi o ülvi məhəbbət millətə, məmləkətə, həm də Məlikovlarla birlikdə Abayevlərə xeyirli övladlar bəxş etdi. Azərbaycan Xalq Cümhuriyyətinin müqəddəratının həll olunduğu ərəfədə parlamanın sədri kimi Fransada mücadilə edən, Versal Sülh Konfransında milli mücahid kimi tarix yaradan Əlimərdan bəy Topçubaşovu bu səfərdə, daha doğrusu iki ay davam edən ölüm-qalım savaşında, milli mücadilədə nümayəndə heyətinin katibi kimi həm də qayni Səffət bəy Həsən bəy oğlu Məlikov müşayiət edirdi. Həsən bəylə Hənifə xanımın Bakıya gəlişi ilə taleyüklü anlardan yazan Əlimərdan bəy Topçubaşov iki ciddi, həm də maraqlı faktlar barədə maraqlı bilgilər verir. Əlimərdan bəy yazır ki “ Bakı onları yaxşı qarşılamır. Hicabdan imtina edən qadının, modern düşüncə ilə yaşayan gənc ailəni insanlar qəbul etmir. Bəzən, şəhərdə birlikdə gedən zaman onlara olan hədyanları da eşidirlər. Lakin heç birinə cavab vermirlər. Çünki onları qarşıda daha böyük missiya gözləyirdi... Bu məsələnin birinci, əsas tərəfi idi. İkinci tərəf isə qorxulu idi.
Hənifənin qardaşları Bakıya əli xəncərli gəldi
Hənifə xanım ilk görüşdən qabaqda Zərdabiyə aşiq idi. Xəyallarında canlandırdığı Ağ Atlı Oğlan idi Həsən bəy. Tanımadığı, görmədiyi, bilmədiyi oğlana vurulmuşdu. Daha doğrusu onun ruhuna, duyğusuna, millət sevgisinə vurulmuşdu. Hənifənin doğulduğu kəndin qəribə tarixçəsi, taleyi vardı. Hənifə xanımın doğulduğu bu gün isə tikililərinin heç biri qalmayan Günnütyurt Ter vilayətinin, Nalçik dairəsinin Kabardin-Balkar Respublikasının ən gözəl aullarından biri olub. Bir-birindən çox da aralı olmamaqla, dərələrdə yerləşən, inzibati cəhətdən Nalçik dairəsinə daxil edilən, Hulam, Bəzəngi, Çəcəm və Bəksən (Urusbi) icmalarından ibarət olan bu icma rəsmən “Böyük Kabarda ilə həmsərhəd beş dağlı icması adlanır. Bu icmalardan ən böyüyü Balkar icması olduğuna görə, bu icmaların sakinləri ümumilikdə “balkarlar” adlandırılır. Onlar müsəlmandırlar, qədim, sadə türk xalq dilinə daha yaxın olan tatar ləhcəsində danışırlar, amma adətləri, həyat tərzləri və geyimləri tatarlarınkından fərqlidir. Dilinə, dininə, adətlərinə və digər keyfiyyətlərinə görə, bu tayfalar Elbrus dağının buzlaqlarından axıb gələn Kuban çayının yuxarılarındakı dağ dərələrində yerləşən qaraçaylara yaxın və doğmadırlar.
Hənifə xanım belə bir əzəmətli diyarda, sərt-sıldırım qayaların ətəyində dünyaya gəlmişdi. Qardaşları da əyilməzliyin, məğrurluğun dərsini bu torpaqların mərd, müdrik ərlərindən, ərənlərindən almışdı. Onların bacısını kimsə qaçıra bilməzdi. Bacıları da kimə isə qoşulub qaça bilməzdi. Amma Hənifə xanım bu cəsarətli addımı sonsuz, hüdudları məlum olmayan Sevgisinin – Zərdabinin eşqinə atmışdı. Sərt, sıldırım qayalar qopsa, Terek, Kuban, Samur daşsa da o, köçünü Xəzərin yaxasında əyləmişdi. Düzdü, o Tiflisdə Bakıya gəlməmişdən öncə atasına, onun mükəmməl bir şəxsiyyət kimi yetişməsi üçün cəsarətli qərar alıb, ləyaqətli addım atan Aslan bəyə “Üzürxahlıq Məktubu” yazmışdı. Məktub “Bağışla Ata!” nidası ilə başlayıb, bu cümlələrlə bitirdi: “Onunla, olmalı olduğum yerlərə getdim! Mən onun üçün doğulmuşam. Onun üçün yetişdirilmişəm. Ona inanıram! Sizi sevirəm!”
“İndi xəncəri ürəyinin başında saplayardım, edə bilmirəm, orada Hənifə var!”
Məktubu alan kimi Hənifə xanımın qardaşları əli tapançalı, xəncərli Şimali Qafqazdan Bakıya gəlir. Hesab çürütmək üçün Bakını ələk-vələk edib, Həsən bəylə Hənifə xanımı tapırlar. Bacılarını alıb Kabardin-Balkara dönmək istədiklərini gizlətmirlər. Ortadakı qalmaqala millətin atası Hacı Zeynalabdin Tağıyev son qoyur. Həsən bəyin “böyük-mənəvi qardaşı, Hənifə xanımın əzizi” kimi onları yola gətirib qanı yatırır. Qardaşlar Günnütyurda əliboş dönür. Hənifə xanım isə Həsən bəyə “İndi xəncəri ürəyinin başında saplayardım, edə bilmirəm, orada Hənifə var!” deyib, bacısının ilk və son məhəbbətinə sayğı göstərən qardaşı Sultan bəy Aslan bəy oğlu Abayevin adını bu müqəddəs və mübarək nigahdan doğulan qızlarının adında əbədiləşdirir. Pərisultan və Qəribsultan adı belə yaranır.
Həsən bəylə Hənifə xanım illər sonra Hacı Zeynalabdin Tağıyevin tədarük etdiyi pay-puş xonçaları, hədiyyə tabaqları, bir də övladları ilə Şimali Qafqaza, Nalçikə, Günnütyurda gedir. Həsən bəy Səlim bəy oğlu Məlikov Aslan bəy Abayevlə ilk dəfə belə üz-üzə gəlir, barış görüşdən, xeyir-duadan sonra, Hənifə xanım bir dəfə də olmur Günnütyurda. Bu da Həsən bəyin Zərdabdakı “Sürgün illəri”nə təsadüf edir.
Zərdabi özü özünə elçilik etdi
“İki könül bir olsa, kimin ona sözü var” – deyib taleyin sərt sınaqlarından çıxan, tarixi missiyasını ləyaqətlə yerinə yetirən, məktəb açmaq, xeyriyyə cəmiyyəti qurmaq, qəzet çap etmək kimi arzularını gerçəyə çevirmək üçün olmazın əzablara qatlaşan iki Müqəddəs Varlıq sübut etdi ki, Millətə, Məmləkətə bağışlanan ömürdən gözəli yoxdur. Sevginin, məhəbbətin əbədi və əbədiyyət ünvanı da “Vətən qalan, qalan hər şey yalan” nidasına bağlıdır.
“Həsən bəyin ömrünün elə bir məqamı, fəaliyyətinin elə bir dövrü yoxdur ki, orada Hənifə xanım ona dayaq olmasın. Mətbuatımızın bünövrəsi olan “Əkinçi” qəzetinin çapında ona ən böyük maddi-mənəvi yardımı Hənifə xanım edir. Həsən bəy qəzetin çapı üçün uzun müddət bir çox yerlərə müraciət edir, amma ona izin verilmir. Çıxılmaz durum davam etdikcə o, Bakı Quberniyasına, Qubernator Staroselskiyə müraciət edir. Qubernatorun xanımı Tiflisdəki Müqəddəs Nina Nəcib Qızlar Gimaziyasında Hənifə xanımla bir yerdə oxumuşdu. Aralarında yaxın rəfiqə münasibətləri var idi. Ona görə də, qubernator Həsən bəyə qəzetin çıxmasında yardımçı olur. Senzura məsələsini öz üzərinə alır. Amma siyasi-ictimai problemlərdən yox, əkinçilik, kənd təsərrüfatı ilə bağlı yazılar çap etməsini tövsiyyə edir. Hənifə xanım xatirələrində yazır ki, “Həsən bəy qəzetin ilk sayı çıxanda bir nüsxəsini götürüb evə gəldi. Onun uçmağa qanadı yox idi. Çox sevinirdi”.
Onların kəbinini göydə mələklər kəsmişdi
Həsən bəylə Hənifə xanımın Tanrıya da, millətə də xoş gedən nigahından biri-birindən qiymətli övladlar doğuldu. Dörd övladın biri hələ körpə ikən uçub mələyə döndü. Böyük qızları Pərisultan xanım Azərbaycan Xalq Cümhuriyyəti Parlamanının sədri Əlimərdan bəy Topçubaşovun varislərinin, Zərdabi ilə Hənifə xanımın nəvələrini dünyaya gətirdi. Əlimərdan bəyin mühacirət illərində keçən günlərinin ağrısını, onsuz keçən illərin acısını yaşadı. Mühacirət onun öncə donu, sonra kəfəni, sonra da mədfəni oldu.
Böyük oğulları Midhət su mühəndisi kimi Mingəçevir dəryaçasının qurulmasında xüsusi xidmətlər göstərsə də, repressiyanın qara burulğanından, qanlı terrorundan qurtula bilmədi. 1937-ci ilin qara yelləri onu Nargin adasında qurda, quşa yem etdi.
Sonbeşikləri Səffətin taleyinə də mühacirətdən pay düşdü. Ayrılığı 21 yaşdan, daha doğrusu 6 yaşından yaşayan Hənifə xanım Xalq Cümhuriyyətinin Versal Sülh Konfransında tanınması üçün Parlamanın nümayəndə heyətinin katibi kimi çalışan Səffətin Vətənə dönməsini istəmədi. Pərisultanın, nəvələrinin, Əlimərdan bəyin övlad həsrətində qovrulan Hənifə xanım, Cümhuriyyət zamanı Türkiyədəki səfirliyimizdə çalışan Səffətin Bakıya dönüşünün təhlükəsini anladığından mühacir övladının ağrısıyla qovrulub yanmağı Şura Hökumətinin güdazına getməsindən üstün tutur.
Qəribliyin dastanını yaradan Səffət bəy Həsən bəy oğlu Məlikov Türkiyə Cümhuriyyətinin mənəvi dəyərlər tarixinə memari inciləri ilə yazıldı. Ankarada, Rəsulzadənin ruhunun dolandığı məkanda torpaq müqəddəsliyinə qovuşdu.
Qəribsultanın qəribə taleyi
Qəribsultan xanım Zərdabi ilə Hənifə xanımın ikinci qız övladı idi. Qərib gəldi, qərib getdi, tənha yaşadı. Mənəvi terroru girdabında əridi. Yaşadığı ruhi sarsıntılar onu ondan alsa da, ömrünün son anına qədər ailə dəyərinə, ocaq ruhuna sahib çıxdı. Öncə atasını, sonra anasının cənazəsinə çiyinlərini verdi. Atasının dağılan xanimanı da, məzarı da, bir sandığa cəm edib yığdığı sümükləri də ona əmanət oldu. Deyirlər, ad insanı bəzəmir, insan adı bəzəyir. Bu dəfə elə olmadı. Qəribsultan qəribə taleyi, alın yazısı ilə Milli Mətbuatımızın yazısı oldu.
Leninin “Dini etiqad azadlığı ilə bağlı dekreti”nin Stalin tərəfindən ləğv edilməsi ilə türksoylu müsəlmanlar faciə ilə üzləşdi. Mənəvi terrora məruz qalan, repressiyanın sərt üzünü görən, həm də, dini abidələr, məscidlər, din xadimləri, müqəddəs kitablar oldu. Din xadimlərini yerində güllələyib, Sibirə, Türküstana sürgün edən Şura hökuməti, dini kitabları da oda-atəşə qaladı. Məscidləri kluba, mədəniyyət evlərinə çevirdi. O qurbanlardan biri də Bibi-Heybət qəbristanlığı idi. Ora da Peyğəmbər əleyhissəlamın nəvəsi, İmam Museyi Kazımın qızı, İmam Rzanın bacısı Hökumə xanım uyuyurdu. Tarixi məzarlıq dağılmalı, millətin dəyərləri məhv edilməli idi. O sırada Quba xanı Fətəli xanın, Həsən bəy Zərdabinin məzarları da bar idi. Hadisə zamanı Mərkəzi Komitənin qərarı Bakı əhlinə elan olunur. “Kim istəsə doğmalarının nəşini köçürə bilər!”
Qəribsultan xanım Həsən bəy qızı Məlikova tək və tənha idi. O, dişi, dırnağı ilə atasının məzarını qazıb sümüklərini sandığa yığıb kirayə qaldığı evə gətirdi. Bu dövrdə müəllim Qəribsultan xanımın işi də, evi də yox idi. Olan qüruru, qeyrəti, övlad məhəbbəti, ata sevgisi idi. O, bu sevgini nə az, nə çox düz 20 il qorudu, yaşatdı. Atasının sümüklərini kirayədən kirayəyə daşıdı. Sonra anasının məzarının ayaq ucunda torpağa verdi. 1937-ci ilin dəhşətli repressiyasından 1957-ci ilə qədər nə az, nə çox düz 30 il gözləri yol çəkdi Zərdabinin...
Yar yarına qovuşanda
1872-ci ildə Həsən bəylə Hənifə xanım bir bədəndə can – Azərbaycan olmuşdu. Cismani ölüm ayrı salsa da, 1957-ci ildə onlar yenidən bir ünvanda qovuşmuş, hicrana, həsrətə son qoymuşdular.
Bütün həyatını milli mənlik, milli kimlik uğrunda mücadiləyə həsr edən, milli məfkurədən milli dövlətçiliyə yol gələn, mütərəqqi fikirləri ilə tarix yaradan Həsən bəylə Hənifə xanım qürur dolu tərcümeyi halları, müdhiş taleləri, möhtəşəm vida mərasimləri, Fəxri Xiyabandakı son görüşləri ilə belə tarixin canlı salnaməsinə çevrildilər.
Deyirlər, onların vida mərasimlərində iynə atsaydın yerə düşməzdi. On minlərlə insan Bakı küçələrinə axışıb onların cənazəsini müşayiət edirmiş. Bu azmış kimi Bakıda göyərçin də, qalmayıbmış, ağ göyərçinlər müqəddəs ruha, mələyə dönüb onları yola salırmış.
Həsən bəy 1907-ci ildə Bibiheybət pirində torpağa verildi. 30 il sonra, 1937-ci ildə dərbədər edildi. Mədfəni qazıldı. Nigaran ruhu sümüklərinə sahb çıxan qızını – Qəribsultanı qorudu. Hənifə xanım 1929-cu ildə dünyasını dəyişdi. Ondan sonra məzarını bircə nəfər – Qəribsultan xanım ziyarət etdi.
Çətin illərdə, ağır zamanlarda atasının sümüklərini, anasının məzarını tutiya bilən Qəribsultanın həsrətinə 1957-ci ildə son qoyuldu. Dünyasını dəyişəndə, “Məni Həsən bəyin yanında dəfn edin” deyən, Hənifə xanımın nisgili 28 il sürdü. Dünyaya vida nəğməsi oxumasının 50-ci ildönümündə Zərdabinin sümükləri Fəxri Xiyabanda torpağa verildi. Hənifə xanımın nəşi də onun yanına köçürüldü.
Bu özü özünə elçilik edib, cehiz tutan, üzü Qibləyə deyil, Odlar Yurdu Azərbaycana sarı yatan, millətin, məmləkətin cəhalətdən qurtuluşu üçün ömrünü şama pərvanə edən, əbədi, sonsuz, hüdudları məlum olmayan sevginin, sədaqətin, etibarın ünvanına çevrilən Həsən bəylə Hənifə xanımın ruhunun şad olduğu gün idi.
“Ədəbiyyat və incəsənət”
(17.05.2025)