Sənin 80 yaşına – AÇIQ MƏKTUB Featured

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Mən səni itirəndə 17 yaşım var idi. Bəlkə də o vaxta qədər səni özümə o qədər də doğma hiss etməmişdim. Bəlkə də sən mənim üçün sadəcə ailəmizin başçısı idin – böyük süfrələrin başında oturan, hər zaman ağsaqqal kimi görünən bir fiqur. Mən səni qoca çinar ağacına bənzədirdim – kökləri dərin, budaqları geniş, zamanın şahidi.

 

İllər keçdikcə mən uşaqlıqdan yeniyetməliyə, sən isə ahıllığa doğru addımlayırdın. Amma hər şeyin dəyişdiyi bir dövr oldu – karantin illəri. O zamana qədər heç bir şey bizi bu qədər yaxın etməmişdi. Səninlə keçirdiyim o günlər, aramızda qurulan baba-nəvə bağı, mənim üçün həyatımın ən doğma xatirələrinə çevrildi. Səni itirmək qorxusu artıq içimdə yuva qurmuşdu. Gündən-günə zəifləyirdin, xəstəlik səni get-gedə daha da taqətsiz edirdi. Mən isə sənin ətrafında dolanır, sənə güc verməyə çalışırdım.

Bax o günlər – şəkillərə birlikdə baxıb hər dəfə ilk dəfə görürmüş kimi təəccüblənməyim, eyni xatirəni dəfələrlə danışsan da hər dəfə gülümsəməyim, əlində daş olduğunu bildiyin halda dominoda sənə “uduzmağım”, gecə azanından sübh azanına qədər sənin rahat yatmağın üçün gözləməyim, nənədən gizli yediyimiz yeməklər, mənə düzgün insan olmağı öyrətmək üçün sənin bitməz çabaların… bunlar mənim yaddaşıma silinməz izlərlə həkk olundu.

O zamanlar mən inadkar, öz bildiyini oxuyan bir körpə fidan, sən isə illərin yükünü daşıyan, mənə kölgə verən qoca çinar idin. Sən körpələşdikcə, mən böyüməyə məcbur oldum. Ölüm qorxusu içimi didsə də, sənə heç vaxt hiss etdirmədim.

 

Və bir gün səni itirdim. 17 yaşına yeni qədəm qoymuş mən, səni əbədi olaraq itirdim. O gündən bəri çox şey dəyişdi, çox insan gəldi, çoxu da getdi. Amma sənin yerin heç dolmadı. Mən hər dəfə canım yandıqda, sənin yoxluğuna ağladım.

Bu gün yaşasaydın, düz 80 yaşın olacaqdı.Ümid edirəm, hardasa açıq səmalardan məni izləyirsən və qürur duyursan.

Ad günün mübarək!

 

“Ədəbiyyat və incəsənət”

(09.05.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.