Məni nə sevdilər, nə də unutdular - ESSE Featured

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

Dostum, məni nə sevdilər, nə də unutdular. Sadəcə görmədilər.

Əsgərlikdən əvvəl bir dəlixanada öyrəndim ki, ağıl, çox vaxt səssizliklə ölçülür. Dərdlərini danışanlara “dəli”, susanlara “ağıllı” dedilər. Amma heç kim düşünmədi ki, bəzən susmaq yıxılmamaq üçün tutduğun son ipdir. Mən susdum. Məhz həyatım boyu elə susdum ki, içimdə minlərlə fəryad boy atdı. Həyatımın hər dövrü üçün onlara adı qoydum. Birinə “Azadlıq”, birinə “Qəbul olunmaq”, birinə “O” dedim.

 

Ətrafımda insanlar vardı. Baxıb görməyən, danışıb anlamayan, toxunub hiss etməyənlər. Və bu cəmiyyətin adı vardı. Avtoritar sevgi rejimi. Sevdiyini deyə bilmədiyin, ağladığını gizlədiyin, güldüyünə görə təqdir, kədərləndiyinə görə tənbeh aldığın bir sistem. Stalin sağdır, sadəcə televizora çıxmır. O artıq hər evdə, hər münasibətdə, hər valideyndə yaşayır.

Məni “sakit uşaq” kimi tanıdılar. Halbuki içimdə qışqırırdım. Atam, babam dediki, "Oğul, kişi ağlamaz.” Sevgilimsə az qalsın davam edəcəkdi, “Duyğusal oğlan zəifdir.” Cəmiyyət dedi, "Əvvəl iş, sonra hiss.” Allah isə. Allah susdu, başa düşürsən? O, da məndən əlini üzdü. Yəqin o da qorxurdu. Çünki bu dövrdə Tanrını belə sorğuya çəkirdi insanlar. Yəqin mənim də elə olacağımdan qorxdu.

Aşiq oldum. Onu bir fizika qanunu kimi dərk etməyə çalışdım. Cazibə idi, eyni zamanda dağılma enerjisi. Döndü dedi “istəmirəm səni. Qəlbimdə də, yanımda da, ağlımda da". Mən isə içimdəki bütün fəlsəfəni unudub sadəcə “qal” dedim. Amma o getdi. Çünki sevgidə bir nəfər azad olanda, o biri məhkum olur.

Bəzən düşünürəm, mən əslində heç sağalmadım. Sadəcə “normal görünmək” üçün əlimdən gələni etdim. Daxilimdəki Harun o yaralı, dəlixana divarlarını içində daşıyan, gecələr Hacıbaba Hüseynovun təsniflərinə sığınıb düşünən Harun hələ də oradadır. Bəlkə də heç oradan çıxmayıb.

Və bu yazını da o yazır.

 Bilirsən? Biz bir az Nitşe, bir az Sartrıq. Dərinliyə getsək, biraz Fyodr, biraz da Müşfiqik. Mən bir az da nə oxudumsa, orda özümü axtardım. Mənə “çox dərinə gedirsəne həci” deyən dostum. Sən hələ bilsəydin ki, mən dərinə getmirəm, mən onsuz da oradayam. Orda hava yoxdur, amma həqiqət var. Orda səssizlik var, amma içində musiqi çalır. Eyyub Yaqubovla Alim Qasımov növbələşir. Bəzən Maykl da qonaq olur. Ruhum da oralarda yerdəki cəsədimdən daha çox yaşayır.

 Düşünürsən ki, bu boyda eşqdən moizə yazan adam niyə ayrılar? Çünki biz iki əsrin fərqli fəsilləriydik. O yaz idi, mən payız. O şübhə idi, mən ümid. O gülümsəyirdi. Mən o gülüşü başa düşəcək qədər çox yaşamışdım, amma ona layiq olmağa cəsarətim çatmırdı.

Sonra zaman keçdi. O getdi. Mən qaldım. Və bu rejimdə həyat mənə dedi: “Güclü ol.” Mən güclü olmadım. Mən yazdım. Çünki yazmaq, içində boğulan adamın son nəfəsidir.

İndi metroda gözləyirəm. Qatar gəlmir. Bir iki dostla söhbət edirik. Onlar mənə “həci” deyir. Amma mən bilmirəm Tanrı məni eşidir, ya da sadəcə müşahidə edir. Bildiyim tək şey budur. İnsan sevdikcə itirir, itirdikcə yazır, yazdıqca sağ qalır.

 Məni tanımayın. Amma yazdığım cümlədə özünüzü tanıyırsınızsa bilin ki, biz eyni düşərgədə sağ qalmağa çalışan fərqli əsgərlərik. Bir az sevmiş, bir az itirmiş, bir az sağ qalmış, amma heç vaxt tam olmamış birindən.

 Siz indi rahat yatırsınız. Bilirəm. Çünki sizi qınamıram. İnsanlar qorxar. Sevgidən, məsuliyyətdən, hətta öz hisslərindən. Amma mən qorxmadım. Mən axıra qədər sevdim, axıra qədər qaldım. Qalmadığınız yerlərdə belə qaldım. Bilirəm, biri çıxıb deyəcək: “Harun da çox dərinə gedir, adamı ağırlaşdırır.” Hə, gedirəm. Çünki səthi su susuzluğumu yatırmır. Dərinlikdə nəfəs almaq çətindir, bəli. Amma orda yalnız gerçək olanlar qalır. 

Bu yazını oxuyursan. Gülümsəyirsən. Deyirsən, “maraqlı yazır, amma həddindən artıq emosionaldır.” Əslində isə, sən də hiss edirsən. Sadəcə etiraf etməyə qorxursan. Amma bir gün gələcək ki, sən də kiminləsə metroda vidalaşanda boğazında düyün hiss edəcəksən. Çünki artıq heç ən uzaq tanışınla belə danışa bilməyəcəksən. O zaman bu yazı sənin yazın olacaq.

 Qorxma. Mən çoxdan sən oldum, dostum.

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.