İz Burax - ESSE Featured

 

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

 

 

 

Bəzən hər şey o qədər boş, mənasız görünər ki, gözünə, olduğun yerdən, şəraitdən asılı olmayaraq, xoşbəxt olmadığını hiss etməyə başlarsan. Bu fərqindəlik sənə dünyaya tamamilə fərqli bir baxış bucağından baxmağı öyrədir. Sanki olduğun yerə heç vaxt aid olmadığını, heç vaxt yaşamadığını hiss etdirir.

 

 

 

Zaman sürətlə keçir. Bəs bu zaman bu vaxta qədər sənə nə qazandırdı? İndi bu suala cavab tapmaq ağırlaşır, bəlkə də əzab verir. Bu suallara cavab tapa bilməmək səni yaşayan bir cəsəd kimi hiss etdirir. Özünü aid olmadığın yerdə hiss etmək sənə bir yön vermir, əksinə, yoluna çıxmış bir əngələ bənzəyir. Bəzən yerini, yolunu, yönünü dəyişmək gərəkdir: kimsənin görə bilmədiklərini görmək üçün, özünü tapmaq üçün.

 

Həyat hər zaman var və var olmağa davam edir. Sən də bu həyatın bir parçasısan — var olan, nəfəs alan. Bir gün gələcək, torpağa qarışıb yox olacaqsan. Həyat var olmağa davam edərkən sən artıq yox olacaqsan. İndi düşün: var olduğun zaman həyat üçün, özün üçün nə etdin? Yüksələn, inkişaf edən bu axarda sən nə qədər yüksəldin? Kim oldun? Ən önəmlisi isə indi kimsən? Hələ zamanın varkən nə edirsən?

 

Bu sualları hələ özünə verməmisənsə, elə indi başla. Yoxsa bir gün gecikdiyini anlayacaqsan. Çünki həyat gözləməz.

 

Hələ zamanın varkən, dəyiş, iz burax…

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(06.05.2025)

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.