Ailələr övladlarını uzun müddət qarşı cinsdən uzaq tutmağa çalışır -AKTUAL Featured

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Son günlərdə sosial şəbəkələrdə yayılan bir küçə reportajı ətrafında aparılan müzakirələr təkcə bir gəncin söylədiyi fikirlərlə məhdudlaşmır. Məsələ çox daha dərin və sistematik bir problemin əlamətidir.

 

Reportajda bir azərbaycanlı gənc Polşada yaşamağı seçdiyini bildirir və bunu Azərbaycandakı qızların oğlanlarla danışmaması ilə əsaslandırır. Əslində, bu cümlə təkcə fərdi deyil, cəmiyyətin içində kök salmış bir yanaşmanın təzahürüdür.

Məsələ sadəcə "qızlarla danışmaq" deyil. Məsələ, gənc bir insanın yaşamaq istədiyi ölkəni cinsi münasibətlərin asanlığı ilə ölçməsi və bunu ictimai şəkildə ifadə etməyə utanmamasıdır. Bu isə bizi daha vacib bir sualın qarşısında qoyur: Bu düşüncə tərzi haradan qaynaqlanır?

Azərbaycanda cinsi maarifləndirmə demək olar ki, mövcud deyil. Ailələr övladlarını uzun müddət qarşı cinsdən uzaq tutmağa çalışır. Məktəblər duyğular, münasibətlər, cinsi kimlik və hörmət mövzularında susqundur. Cəmiyyət isə öz övladına nə hiss etməyi, nə də hissləri ifadə etməyi öyrətmir. Bunun əvəzinə oğlana "kişi ol", qıza isə "ağlı başında ol" deyilir. Amma bu şablon ifadələrin arxasında, nə hiss, nə dəyər, nə də düşüncə aşılanır.

 

Bunun nəticəsində yetişən nəsil qarşı cinsi ya idealizə edir, ya da obyektə çevirir. Qızlar üçün oğlan qorxulu düşmənə, oğlanlar üçünsə qız əldə olunmalı hədəfə çevrilir. Ortada nə empatiya var, nə qarşılıqlı anlaşma, nə də dostluğa əsaslanan münasibətlər.

Həmin reportajda danışan gəncin dedikləri isə, cəmiyyətin bu təlimlərinin səmərəsidir. Bəlkə də o, Azərbaycanda qarşı cinslə ünsiyyət qura bilməyib, çünki onun yanaşması bəlkə də təkəbbürlü və obyektləşdirici olub. Bəlkə də Polşada sadəcə biri onunla nəzakətlə danışdığı üçün bunu münasibət hesab edib. Əslində isə o, münasibətin nə olduğunu, qarşılıqlı ünsiyyətin nə demək olduğunu heç vaxt öyrənməyib.

Bu biabırçı çıxışlara reaksiya göstərmək doğrudur. Amma daha doğrusunu etmək üçün məsələyə dərin baxmaq lazımdır. Biz bu təfəkkürün haradan doğduğunu, necə formalaşdığını anlamağa çalışmalıyıq. Problemi dəyişmək üçün gənci deyil, onu formalaşdıran sistemi dəyişmək lazımdır.

Əgər cəmiyyət olaraq həqiqətən dəyişmək istəyiriksə, ailədə və məktəbdə münasibətlərin sağlam əsaslarla qurulması üçün maarifləndirmə aparılmalı, medianın qadın və kişi obrazlarına yanaşması dəyişməli, gənclərə empatiya və hörmət dəyərləri aşılanmalıdır. Cinsiyyət fərqini düşmənlik yox, zənginlik kimi başa düşən bir nəsil yetişdirmədən, bu cür utancverici fikirlərin qarşısını almaq mümkün deyil.

 

“Ədəbiyyat və incəsənət”

(06.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.