Ölüm arzusu ilə həyat eşqinin eyni nəfəsdə yaşanması - ESSE Featured

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Məncə insan içindəki mühakimələri başqalarında axtarmağa başlayanda başlayır hər şey. Necə ki, o, özündəki parçalanmaları dünyanın qüsurlarında görmək istəyir. Amma axı dünya qüsursuz və dəyişməzdir. Sadəcə olaraq içimizdəki bu səs dəyişir. Və bax onda bir boşluq yaranır.

 

Əvvəlcə bu boşluğun adı olmur, sonra zamanla biz ona ambivalans deyirik. Ona görə boşluq ki, ziddiyyətlər daim birbirlərini "0" edirlər.

 Bu təkcə duyğuların ziddiyətindən ibarət deyil. Bu varlığın belə öz kölgəsilə olan müharibəsidir. Sevgi ilə nifrətin bir yataqda yatması, ölüm arzusu ilə həyat eşqinin eyni nəfəsdə yaşanması. Bir qadına baxırsan və görürsən ki, onun qucağında həm sığınacaq var, həm də sənin məhvin. O sevgini istəyirsən, amma o sevgiyə nifrət etdiyin qədər istəyirsən.

Ambivalans məncə daxildə verilməsi gərəkən bir hökmün monoloqu deyil, daha çox o, hökmün bir mühakiməsidir. Özünü müdafiə edən, eyni zamanda özünü ittiham edən bir varlıq kimi yaşayırsan. Hər qərar bir zəncir, hər hiss bir zindandır. Azadlıq istəyirsən, amma azadlıqdan da qorxursan. Bağlanmaq istəyirsən, amma bu da səni boğur.

 İnsan tərəf seçmək istədikcə, buna çalışdıqca məhv olur. Çünki burda - ambivalansda tərəf yoxdur. Sadəcə uçurumun iki kənarından eyni anda addım atmaq istəyi var. Biri səni xilas edir, digəri isə səni anlayır. Amma heç biri sənin deyil.

 Nəticə etibarı ilə, nə sevə bilirsən, nə də uzaqlaşa. Nə qalırsan, nə gedirsən. Sadəcə, ruhunun səssiz gecələrində bir səssizlik kimi mövcud olursan.

Səssiz amma qışqıran.

Sakit, amma od tutub yanan.

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.