Kübra Quliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi
Ramazan ayının ən gözəl anlarından biri iftar vaxtıdır. Gün boyu davam edən səbrdən sonra ailə üzvlərinin eyni süfrə ətrafında toplanması, çayın buxarı və təzə bişmiş yeməklərin qoxusu evə xüsusi bir istilik gətirir. Bəzən isə süfrənin ən sevilən yeməyi sadə, amma sevgi ilə hazırlanan bir ev təamı olur.
Göyərti və müxtəlif pendirlərin harmoniyası ilə hazırlanan bu börek iftar süfrələrinə həm rəng, həm də ləzzət qatır. Xırtıldayan qatları və aromatik içliyi ilə qonaqların da ən çox bəyəndiyi təamlardan birinə çevrilir.
Lazım olan ərzaqlar (bir porsiya üçün)
4–5 ədəd yuxa
150 qram holland pendiri
150 qram quru Bərdə pendiri
1 dəstə keşniş
1 dəstə şüyüd
1 dəstə cəfəri
1 dəstə turşəng
1 dəstə yaşıl soğan
1 dəstə yaşıl sarımsaq
1 ədəd yumurta
100 ml süd
50 ml duru yağ və ya əridilmiş kərə yağı
Üzəri üçün 1 yumurta sarısı
Hazırlanma qaydası
İlk olaraq bütün göyərtilər yaxşıca yuyulur və xırda doğranır. Keşniş, şüyüd, cəfəri, turşəng, yaşıl soğan və yaşıl sarımsaq bir qabda qarışdırılaraq ətirli bir göyərti qarışığı hazırlanır.
Daha sonra holland pendiri və quru Bərdə pendiri rəndələnərək göyərtilərin üzərinə əlavə edilir və içlik hazır vəziyyətə gətirilir.
Ayrı bir qabda yumurta, süd və yağ qarışdırılaraq sous hazırlanır. Yuxalar açılır, üzərinə bu sousdan çəkilir və içlik bərabər şəkildə yayılır. Xəmir rulet formasında bükülür, dilimlənir və soba qabına düzülür.
Üzərinə yumurta sarısı çəkildikdən sonra böreklər əvvəlcədən 180°C qızdırılmış sobada təxminən 25–30 dəqiqə bişirilir. Üzəri qızardıqdan sonra süfrəyə təqdim edilə bilər.
Süfrəyə təqdimat
İsti-isti sobadan çıxan böreklərin qoxusu iftar süfrəsini daha da cazibədar edir. Çay və ya ayran ilə birlikdə təqdim edilən bu börek həm yüngül, həm də doyumlu bir seçimdir.
Ramazan süfrələrinin gözəlliyi yalnız yeməklərin çoxluğunda deyil, o yeməklərin paylaşılmasındadır. Bəzən bir boşqab isti börek belə ailəni bir araya gətirən ən gözəl səbəbə çevrilir.
“Ədəbiyyat və incəsənət”
(11.03.2026)


