Hollivudun ən ümidverici gənclərindən biri Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Pit Devidson (Pete Davidson) — amerikalı aktyor, komediyaçı, ssenarist və prodüserdir. O, xüsusilə Saturday Night Live televiziya şousunda iştirakı, özünəməxsus yumor tərzi və Hollivud filmlərində yaratdığı obrazlarla tanınır. Devidson həmçinin şəxsi həyatından və yaşadığı hadisələrdən ilhamlanan komediya çıxışları ilə diqqət çəkir.

 

Pit Devidson 16 noyabr 1993-cü ildə ABŞ-ın Nyu-York şəhərinin Staten-Aylend bölgəsində anadan olub. Tam adı Piter Maykl Devidsondur (Peter Michael Davidson). Anası Emi Devidson, atası Skott Devidson olub. Atası yanğınsöndürən idi və 2001-ci il sentyabrın 11-də ABŞ-da baş vermiş terror hücumları zamanı xilasetmə əməliyyatında həlak olub. Bu faciə Pitin həyatına və gələcək yaradıcılığına ciddi təsir göstərib. O, sonralar çıxışlarında uşaqlıq xatirələrindən, ailə həyatından və yaşadığı çətinliklərdən tez-tez bəhs edib.

 Devidson komediyaya yeniyetməlik illərində maraq göstərməyə başlayıb. İlk stand-up çıxışını 16 yaşında Staten-Aylenddəki boulinq mərkəzində edib. Daha sonra televiziya layihələrində iştirak edərək tədricən tanınmağa başlayıb. 2014-cü ildə NBC telekanalının məşhur Saturday Night Live komediya proqramının aktyor heyətinə qoşulub. Həmin vaxt cəmi 20 yaşı olan Devidson verilişin ən gənc iştirakçılarından biri kimi tanınıb. O, bu proqramda 2014–2022-ci illərdə fəaliyyət göstərib.

Saturday Night Live onun karyerasında mühüm mərhələ olub. Verilişdəki yumoristik səhnələri və şəxsi həyatına dair zarafatları geniş tamaşaçı auditoriyasının diqqətini cəlb edib. Pit Devidson kino sahəsində də uğurlu fəaliyyət göstərib. O, komediya, dram, romantika və döyüş janrlarında çəkilən filmlərdə müxtəlif obrazlar yaradıb. 2020-ci ildə nümayiş olunan The King of Staten Island filmi onun yaradıcılığında xüsusi yer tutur.

Devidson bu filmdə baş rolu canlandırmaqla yanaşı, ssenarinin hazırlanmasında və prodüserlik işində də iştirak edib. Film onun şəxsi həyatından müəyyən elementlər əsasında hazırlanıb. O, həmçinin 2021-ci ildə The Suicide Squad filmində, 2022-ci ildə isə Bodies Bodies Bodies və Meet Cute filmlərində rol alıb.

 

Pit Devidsonun çəkildiyi filmlərin Azərbaycan dilində tərcümələri:

 

Trainwreck (2015) — Qatar qəzası

Set It Up (2018) — Görüş təşkil et

What Men Want (2019) — Kişilər nə istəyir?

The Dirt (2019) — Çirkab

Big Time Adolescence (2019) — Böyük yeniyetməlik

The Angry Birds Movie 2 (2019) — Qəzəbli quşlar 2

The Jesus Rolls (2019) — İsa yenidən səhnədə

The King of Staten Island (2020) — Staten-Aylend kralı

The Suicide Squad (2021) — İntihar dəstəsi

Marmaduke (2022) — Marmadük

Bodies Bodies Bodies (2022) — Cəsədlər, cəsədlər, cəsədlər

 

Pit Devidson müxtəlif televiziya proqramlarında və seriallarda da iştirak edib:

 

Guy Code (2013) — Oğlan qaydaları

Wild 'N Out (2013) — Sərhədsiz əyləncə

Brooklyn Nine-Nine (2013) — Bruklin 9-9

Saturday Night Live (2014–2022) — Şənbə gecəsi canlı

The Freak Brothers (2020–2021) — Qəribə qardaşlar

Bupkis (2023) — Heç nə

The Pete Davidson Show (2026) — Pit Devidson şousu

 

2023-cü ildə yayımlanan Bupkis serialında Devidson həm baş rolu ifa edib, həm də layihənin yaradılmasında, ssenarisinin yazılmasında və prodüserliyində iştirak edib. Serial onun həyatından ilhamlanan komediya layihəsidir.

Pit Devidson stand-up komediya sahəsində də fəaliyyət göstərir. Onun tanınmış komediya proqramları arasında aşağıdakılar var:

 

Pete Davidson: SMD (2016)

Pete Davidson: Alive from New York (2020)

Pete Davidson: Turbo Fonzarelli (2024)

 

2016-cı ildə Forbes jurnalının 30 yaşdan aşağı ən perspektivli 30 şəxsi siyahısına daxil edilib. 2022-ci ildə isə Time jurnalının dünyanın ən nüfuzlu 100 şəxsi siyahısında yer alıb.

 

“Ədəbiyyat və incəsənət”

(16.11.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.