“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Sumqayıtda “Dostluq” klubuna rəhbərlik edirdi. Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı idi. Moskvada vəfat etdi.
Aslan Fətullayev barədə danışıram.
Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər. Azərbaycan Dövlət Kukla Teatrından isə bildirilir ki, Aslan Fətullayev bağırsağında olan problemlə bağlı Moskvaya müayinəyə yollanmışdı. Geriyə dönüşü olmadı.
Azərbaycan teatr və kino sənətində özünəməxsus dəst-xətti, yaratdığı yaddaqalan obrazları və çoxşaxəli fəaliyyəti ilə seçilən Aslan Fətullayev 20 oktyabr 1956-cı ildə Lerik rayonunun Çayrud kəndində anadan olub. O, 10 noyabr 2026-cı ildə, qeyd etdiyimiz kimi, Moskvada vəfat edib.
Aslan Fətullayevin sənətə marağı hələ uşaqlıq illərindən başlayıb. Cəmi yeddi yaşından doğma kəndinin mədəniyyət evində təşkil olunan teatr tamaşalarında iştirak edib. 1963-cü ildə Yusif Əzimzadənin “Nəsrəddin” komediyasında İnkir obrazını canlandıraraq səhnəyə ilk addımlarını atıb. Bu çıxış onun gələcək sənət yolunun başlanğıcı olub.
1974-cü ildə Çayrud kənd orta məktəbinin onillik təhsil pilləsini başa vuran Aslan Fətullayev həmin il Bakı Kitabxanaçılıq Texnikumunun Mədəni-maarif fakültəsinə daxil olub. 1974–1976-cı illərdə burada özfəaliyyət teatr kollektivinin rəhbəri ixtisası üzrə təhsil alıb. Sənətə olan sevgisi və peşəkar biliklərə yiyələnmək arzusu onu 1977–1982-ci illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində təhsilini davam etdirməyə sövq edib.
Onun teatr və televiziya fəaliyyəti
Aslan Fətullayevin sənət həyatında diqqətəlayiq məqamlardan biri 1975–1978-ci illərdə Abdulla Şaiq adına Bakı Kukla Teatrında keçirilən Yeni il şənliklərində aparıcı aktyor kimi çıxış etməsidir.
1975-ci ildə “Canlı şahid” televiziya tamaşasında Şani obrazını canlandırması onun yaradıcılıq həyatında xüsusi yer tutur. Bu obrazla 19 yaşı tamam olmadan Azərbaycan Televiziyasının “Qızıl Fond”una daxil edilən ilk aktyor kimi teatr və televiziya tarixində özünəməxsus iz qoyub. 1981-ci ildə “Cənnətin qəbzi” tamaşasında cənnətdə qəbz yığan obrazını yaradaraq məşhurlaşıb, aktyorluq imkanlarının fərqli çalarlarını nümayiş etdirib.
O, Azərbaycan televiziyasının «Səhər görüşləri», «Gecə kanalı», «Komediyalar aləminə səyahət», «45 dəqiqə», «Ordan-burdan», «Məzəli əhvalatlar» və «Bir bazar günü» kimi tanınmış verilişlərində də iştirak edib.
2003-cü ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında fəaliyyət göstərən aktyor 2008-ci ildən etibarən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında çalışıb. Bu teatrın səhnəsində «Ələddin», «O olmasın, bu olsun», «Zınqırovlu pişik» və «Cırtdan» tamaşalarında müxtəlif obrazları canlandırıb.
Onun teatr yaradıcılığında «Anacan» tamaşasında Qulu, «Təxribatçılar»da polis generalı, «Mən sənin dayınam»da dramaturq, «Varlı qadın»da Pəhləvan Zərlinski və «Mesenat»da H. Z. Tağıyevin xidmətçisi obrazları da xüsusi yer tutur.
Aslan Fətullayev teatr səhnəsi ilə yanaşı, kino sənətində də öz istedadını nümayiş etdirib. O, müxtəlif filmlərdə yaratdığı fərqli xarakterli obrazlarla tamaşaçıların yaddaşında qalıb.
«Mosfilm» kinostudiyasının istehsalı olan «Oğlan və maral» filmində fotoreportyor, «Azərbaycanfilm» kinostudiyasının çəkdiyi «Cin mikrorayonda» filmində kiçik cin, «Papaq» filmində papaqçının dostu, «Qorxma, mən səninləyəm» filmində İvan Spirodonoviç, «Qətl günü» filmində isə zindanban obrazlarını canlandırıb.
Həmçinin «Mozalan» satirik kinojurnalının «Kapitan» buraxılışında basketbol komandasının kapitanı rolunda çıxış edib. «Ağ gəmi», «Stepanın yadigarı» və «Baş tutmayan ezamiyyət» filmlərinin dublyajında da iştirak edərək Azərbaycan kino sənətinə töhfə verib.
Aslan Fətullayevin fəaliyyəti yalnız aktyorluq sənəti ilə məhdudlaşmayıb. Qeyd etdiyimiz kimi, 1979-cu ildən Sumqayıt şəhərinin mədəniyyət müəssisələrində çalışıb. «Gənclik» klubunda bədii rəhbər, «Dostluq» mədəniyyət evində isə direktor vəzifələrini icra edib.
O, mədəniyyətin inkişafı, xalq yaradıcılığının qorunması və yaşlı nəslin nümayəndələrinə diqqətin artırılması istiqamətində də təşəbbüslərlə çıxış edib. «Dostluq» mədəniyyət evində qocaman musiqiçilərdən ibarət «Bahar» xalq çalğı alətləri ansamblını yaradaraq onların sənət fəaliyyətinin davam etdirilməsinə şərait yaradıb.
1989-cu ildə Bakıda keçirilən «Qızıl payız-89» müsabiqəsinin qalibi olmuş «Yuxu» rok qrupunun yaradıcılarından biri olub. “Dostluq” klubu Sumqayıtın 8-ci mikrorayonunda fəaliyyət göstərirdi, “Yuxu” qrupunun uşaqları da bu mikrorayonun uşaqları idi, mikrorayon o yana, eyni binadan idilər həm klub, həm İbrahim Emin, Çingiz və qeyriləri.
Onun təşəbbüsü ilə formalaşan bu kollektiv 1990-cı ildə Almaniyada keçirilən «MAYEN-ROK-90» beynəlxalq festivalında da qalib gəlib. Bu uğurlar Aslan Fətullayevin musiqi və təşkilatçılıq sahəsindəki bacarığının göstəricisi idi.
Beynəlxalq fəaliyyət və təltifləri
Aslan Fətullayev Ümumittifaq Xalq Yaradıcılığı Festivalının laureatı olub. Türkiyə, Kipr, Rusiya və digər ölkələrdə qastrol səfərlərində iştirak edərək Azərbaycan incəsənətini və milli mədəniyyətimizi layiqincə təmsil edib.
2009-cu ildə Tatarıstan Respublikasının Kazan şəhərində Azərbaycan Akademik Milli Dram Teatrının, eləcə də Rusiya Federasiyasının Həştərxan şəhərində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru kimi səhnəyə çıxıb.
Uzunillik səmərəli fəaliyyəti, milli mədəniyyətin inkişafına verdiyi töhfələr dövlət tərəfindən də yüksək qiymətləndirilib. 2016-cı ildə «Əməkdar mədəniyyət işçisi» fəxri adına layiq görülüb. 2026-cı ilin may ayında isə Azərbaycan Respublikası Prezidentinin mükafatı ilə təltif edilib.
Sənətkarın xatirəsinə
Aslan Fətullayevin həyat yolu sənətə bağlılığın, yaradıcılıq axtarışlarının və zəhmətin nümunəsidir. O, uşaqlıqdan könül verdiyi teatr sənətini ömrünün əsas amalına çevirərək aktyor, rejissor-təşkilatçı və mədəniyyət xadimi kimi müxtəlif sahələrdə fəaliyyət göstərib.
Lerikin qədim və ziyalı yetirən Çayrud kəndində başlayan bu sənət yolu onu Azərbaycan teatrının, televiziyasının və kinosunun səhnələrinə qədər aparıb. Doğulduğu torpağın yetirməsi kimi qazandığı uğurlar, yaratdığı obrazlar və mədəniyyətimizə verdiyi töhfələr onun adını sənət tariximizdə yaşadacaq.
10 noyabr 2026-cı ildə Moskvada dünyasını dəyişən Aslan Fətullayevin vəfatı sənət aləmi, doğmaları, onu tanıyanlar və doğma yurdunun insanları üçün ağır itkidir.
Sənətkarlar fiziki olaraq həyatdan köçsələr də, yaratdıqları obrazlarla, sənətə bəxş etdikləri töhfələrlə və yaddaşlarda qoyduqları izlə yaşayırlar. Aslan Fətullayev də yaratdığı obrazlarla və zəngin sənət irsi ilə xatırlanacaq. Xüsusən, leriklilər və sumqayıtlılar onu unutmayacaqlar.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(11.11.2026)


