İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Ən yaxşı qadın roluna görə Oskar alanda söylədi ki, mən bu mükafatı daha öncə, öncəki filmlərimə görə almalıydım...
Qreys Kelli (Grace Patricia Kelly) — amerikalı kinoaktrisa, model və Monako şahzadəsi olan tarixi şəxsiyyətlərdən biridir. O, 1950-ci illərdə Hollivudun ən məşhur aktrisalarından biri kimi tanınmış, Alfred Hiçkokun filmlərindəki rolları, zərif görünüşü və aktyorluq istedadı ilə böyük şöhrət qazanıb. Karyerasının zirvəsində kino fəaliyyətini dayandıraraq Monako knyazı III Renyeyə ərə getmiş və Şahzadə Qreys kimi tarixə düşüb.
Qreys Kelli 12 noyabr 1929-cu ildə ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində anadan olub. O, Cek Kelli və Marqaret Majerin ailəsində dünyaya gələn dörd övladdan biri idi. Atası Cek Kelli uğurlu iş adamı olmaqla yanaşı, avarçəkmə idmanında Olimpiya çempionu olub. O, ABŞ-ı təmsil edərək üç Olimpiya qızıl medalı qazanıb. Anası Marqaret isə təhsil sahəsində fəaliyyət göstərib.
Qreys uşaqlıqdan incəsənətə və aktyorluğa maraq göstərib. Ailəsinin ilkin gözləntilərindən fərqli olaraq, o, gələcək həyatını səhnə və kino sənəti ilə bağlamaq istəyib. Orta məktəbi bitirdikdən sonra Nyu-Yorka köçərək Amerika Dramatik Sənətlər Akademiyasında aktyorluq təhsili alıb. 1949-cu ildə teatr səhnəsində debüt edib. Daha sonra model kimi də çalışdı və televiziya tamaşalarında iştirak etməyə başlayıb.
Qreys Kellinin kino karyerası 1951-ci ildə çəkildiyi Fourteen Hours filmi ilə başlayıb. Lakin onun geniş auditoriya tərəfindən tanınmasına 1952-ci ildə çəkilən High Noon filmi böyük təsir göstərib. Bu ekran əsərində o, Qari Kuperlə tərəf-müqabil olub. 1953-cü ildə Con Fordun rejissorluğu ilə çəkilən Mogambo filmindəki çıxışı aktrisanın beynəlxalq şöhrətini daha da artırıb.
Bu rola görə o, Qızıl Qlobus mükafatına layiq görülüb və Oskar mükafatına namizəd göstərilib. Qreys Kelli xüsusilə məşhur rejissor Alfred Hiçkokla əməkdaşlığı sayəsində kino tarixində özünəməxsus yer qazanıb. Onun Hiçkokun üç filmindəki rolları bu gün də klassik Hollivud kinosunun yaddaqalan nümunələri hesab olunur.
Həmin filmlər:
- Dial M for Murder (1954) – Qətl üçün zəng.
- Rear Window (1954) – Arxa pəncərə.
- To Catch a Thief (1955) – Oğrunu tutmaq.
Bu filmlərdəki obrazları onun aktrisa kimi istedadını, ekran cazibəsini və dramatik səhnələrdəki bacarığını nümayiş etdirib. 1954-cü ildə çəkilən The Country Girl filmi isə onun karyerasında xüsusi əhəmiyyət daşıyıb. Qreys bu filmdə Georgi Elcin obrazını canlandırıb. Əvvəlki zərif və məftunedici obrazlarından fərqli olaraq, burada daha ciddi, emosional və mürəkkəb xarakterli qadını təqdim edib.
Bu rol ona 1955-ci ildə Ən yaxşı qadın roluna görə Akademiya mükafatını (Oskar) qazandırıb.
Əsas filmləri
- Fourteen Hours (1951) — On dörd saat
- High Noon (1952) — Günorta çağı
- Mogambo (1953) — Moqambo
- Dial M for Murder (1954) — Qətl üçün zəng
- Rear Window (1954) — Arxa pəncərə
- The Country Girl (1954) — Kəndli qız
- The Bridges at Toko-Ri (1954) — Toko-Ridəki körpülər
- Green Fire (1954) — Yaşıl alov
- To Catch a Thief (1955) — Oğrunu tutmaq
- The Swan (1956) — Qu
- High Society (1956) — Yüksək cəmiyyət
Onun son bədii filmlərindən olan High Society musiqili komediyasında Frenk Sinatra və Binq Krosbi ilə birlikdə rol alması da diqqətəlayiqdir. Qreys Kellinin həyatında ən böyük dəyişiklik 1955-ci ildə Kann Film Festivalı zamanı baş verib. O, festival çərçivəsində Monako knyazı III Renye ilə tanış olub. Onların münasibətləri qısa müddət ərzində ciddi xarakter alıb. 18 aprel 1956-cı ildə Qreys Kelli III Renye ilə nikaha daxil olub.
Şahzadə Qreys yalnız keçmiş aktrisa kimi deyil, həm də xeyriyyəçilik fəaliyyəti ilə tanınıb. O, Monakoda mədəniyyətin, incəsənətin və təhsilin inkişafına xüsusi diqqət yetirib. Qırmızı Xaç təşkilatının Monako bölməsinin fəaliyyətində iştirak edib, müxtəlif humanitar layihələrə dəstək göstərib. Həmçinin uşaqların müdafiəsi, incəsənət və yaradıcı gənclərin inkişafı istiqamətində təşəbbüsləri ilə yadda qalıb.
Mükafatları
- Oskar mükafatı (1955) – The Country Girl filminə görə Ən yaxşı qadın rolu.
- Qızıl Qlobus (1954) – Mogambo filminə görə ikinci planda ən yaxşı qadın roluna görə.
- Qızıl Qlobus (1955) – The Country Girl filminə görə dram filmində ən yaxşı qadın roluna görə.
- Qızıl Qlobus (1956) – Dünya kinosunun sevimli qadın ulduzu nominasiyası.
- 1999-cu ildə Amerika Film İnstitutunun klassik Hollivud kinosunun ən böyük qadın ulduzları siyahısında 13-cü yerdə qərarlaşıb.
14 sentyabr 1982-ci ildə Qreys Kelli 52 yaşında Monakoda vəfat edib. 13 sentyabr 1982-ci ildə qızı Stefani ilə avtomobildə səfərdə olarkən yol qəzasına düşüb. Hadisə zamanı onun səhhətində yaranan ciddi problem nəticəsində avtomobil idarəetmədən çıxaraq dağlıq yoldan aşağı yuvarlanıb. Qızı Stefani qəzadan sağ çıxsa da, Qreys Kelli aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Onun dəfn mərasimi 18 sentyabr 1982-ci ildə Monakodakı Müqəddəs Nikolay kilsəsində keçirilib. Böyük izdiham onunla vidalaşmağa gəlib.
“Ədəbiyyat və incəsənət”
(12.11.2026)


