Hollivuda uzanan sənət yolu: Şahmar Ələkbərov irsinin layiqli davamçısı Eldar İsgəndərov Featured

Murad Vəlixanov,

"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi

 

Azərbaycan kino sənətinin əfsanəvi siması, unudulmaz aktyor və rejissor Şahmar Ələkbərovun yaratdığı məktəb bu gün sərhədləri aşaraq dünya kinosunun mərkəzi olan Hollivuda qədər uzanır. Böyük sənətkarın genetik və yaradıcılıq irsini çiyinlərində daşıyan nəvəsi Eldar İsgəndərov, son illərdə beynəlxalq müstəvidə qazandığı uğurlarla Azərbaycanın adını uca tutur. O, gənc yaşında dünyanın ən nüfuzlu kino platformalarında diqqət mərkəzinə düşməyi bacaran unikal istedadlardandır.

 

Eldar İsgəndərov kökləri Azərbaycana bağlı olsa da, uşaqlıq və gənclik illərini Avropada keçirib. Ailəsinin 2012-ci ildən xaricə köçməsi ilə əlaqədar olaraq Eldar Niderland və Belçikada böyüyüb boya-başa çatmışdır. Lakin onun daxilindəki sənət sevgisi onu hərbi və ya texniki sahələrə deyil, birbaşa babası Şahmar Ələkbərovun yoluna yönəldib. Aktyorluq təhsilini mükəmməlləşdirmək üçün ABŞ-yə yollanan Eldar, Amerikanın ən məşhur incəsənət ocaqlarından biri olan Savanna İncəsənət və Dizayn Kollecinin (SCAD) məzunu olmuşdur.

Eldar İsgəndərovun karyerasında ən böyük sıçrayış 2026-cı ilin may ayında baş tutdu. O, dünya kinosunun zirvəsi hesab olunan məşhur Kann Film Festivalında nümayiş etdirilən və festivalın ən çox müzakirə edilən ekran işlərindən biri olan “Club Kid” bədii filmində rol aldı. Filmdə "Nicky" obrazını canlandıran gənc aktyorun performansı təkcə tamaşaçıların deyil, nüfuzlu xarici media orqanlarının da xüsusi diqqətini çəkdi. Dünyaca məşhur "The Hollywood Reporter" jurnalı Eldar İsgəndərovun oyununu yüksək qiymətləndirərək, onun filmin ən yaddaqalan və komik səhnələrinə xüsusi bir rəng qatdığını yazdı. Xarici tənqidçilər onu “maraqlı və qeyri-adi obraz yaradan istedad” kimi təqdim etdilər.

Kann uğurundan əvvəl də böyük studiyaların diqqətini çəkən Eldar, məşhur "A24" və "Fruit Tree" studiyalarının birgə istehsalı olan və tanınmış aktyor Cessi Ayzenberqin (Jesse Eisenberg) rəhbərliyi ilə hazırlanan musiqili komediya layihəsində rol almışdır. Bunun ardınca isə o, Hollivudun nüfuzlu rejissorlarından sayılan Qrant Singerin (Grant Singer) “Reenactment” adlı bədii filminin əsas aktyor heyətinə daxil edilib. Benisio del Toro, Kameron Dias və Ana de Armas kimi dünya ulduzlarının adları ilə yanaşı bir azərbaycanlı gəncin adının hallanması onun peşəkarlığının bariz nümunəsidir.

Eldar İsgəndərov müsahibələrinin birində "Şahmar Ələkbərovun nəvəsi olmaq mənə böyük qürur verir. Onun sənət yolunu və yaradıcılıq irsini dünyada yaşatılmaq mənim üçün xoşbəxtlikdir" deyərək öz köklərinə olan bağlılığını nümayiş etdirmişdir. O, bu gün sadəcə Şahmar Ələkbərovun ailəsinin deyil, bütövlükdə Azərbaycan mədəniyyətinin dünya kinosundakı fəxr xəbərinə çevrilməkdədir.

 

“Ədəbiyyat və incəsənət”

(29.10.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.