Sevgini də sürgün edirlərmiş - PREMYERA Featured

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Əyalət teatrları paytaxt teatrlarından bir də ona görə fərqlənir ki, buranın mədəniyyət həyatı elə də rəngarəng olmadığından, teatrların hər bir tamaşası hədəf auditoriyası üçün əsl toy-bayrama çevrilir. Necə ki, ötən cümə bu, Sumqayıt Dövlət Dram Teatrında baş verdi.

 

Görkəmli ictimai xadim, Xalq şairi Sabir Rüstəmxanlının eyniadlı əsəri əsasında hazırlanmış “Sürgün sevgi” tamaşasının premyerasında əsl anşlaq yaşandı. Nümayişdə Milli Məclisin deputatları, şəhər ictimaiyyətinin nümayəndələri, ziyalılar və teatr xadimləri iştirak edirdilər.

İkihissəli milli faciə janrında hazırlanan səhnə əsəri Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə dövlət sifarişi əsasında ərsəyə gətirilmişdi.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu bu premyeraya xüsusi əmək sərf etmişdi, biz tamaşadan öncə xeyli müddət hazırlılar, məşqlər barədə yazılar dərc edirdik. Oxucularımıza bəyan edirdik, rejissorun, aktyorların, digər heyətin gərgin əməyini, necə həvəslə çalışmalarını.

Bu adları da qeyd edək: tamaşanın bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, quruluşçu rəssamı Osman Salmanov, tərtibatçı rəssamı Nizami Dadaşev, xormeysteri Əməkdar müəllim Firəngiz Xəlilova, plastik hərəkətlər və rəqslər üzrə quruluşçusu Kamil Ağazadə, videoqrafı isə Rais Bəhramidir.

“Sürgün sevgi” milli faciə janrının xarakterik xüsusiyyətlərini özündə birləşdirərək Azərbaycan xalqının XX əsrdə üzləşdiyi tarixi sınaqları, milli taleyin ağrılı məqamlarını və ictimai-siyasi sarsıntıların insan həyatında yaratdığı faciəvi nəticələri səhnəyə gətirir. Əsərdə 1930–1940-cı illərin repressiyaları, 20 Yanvar faciəsi, 1987–1993-cü illərdə ölkədə yaşanan ictimai-siyasi gərginlik, xaos və vətəndaş qarşıdurması kimi tarixi hadisələr bədii ümumiləşdirmə yolu ilə təqdim olunur.

Milli faciənin məzmununu müəyyənləşdirən əsas istiqamətlərdən biri xalqın taleyi ilə fərdi insan talelərinin qarşılıqlı əlaqəsi, tarixi hadisələrin doğurduğu mənəvi sarsıntılar və milli azadlıq ideyasıdır. Bu mənada tamaşada Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan, çətin və mürəkkəb dövrlərdə xalqın yanında olan ziyalıların fəaliyyəti də mühüm yer tutur. Beləliklə, səhnə əsəri tarixi hadisələri sadəcə xronoloji ardıcıllıqla təqdim etməklə kifayətlənmir, onların milli yaddaşda və insan mənəviyyatında buraxdığı izləri bədii müstəvidə əks etdirir.

Tamaşanın səhnə həlli, musiqi və xoreoqrafik elementləri, eləcə də aktyor ifaları əsərin dramatik məzmununun açılmasına xidmət edir. Milli faciə janrının emosional və mənəvi yükü vasitəsilə tamaşaçıları tarix, yaddaş, azadlıq və milli məsuliyyət mövzuları ətrafında düşünməyə sövq edən səhnə əsəri keçmişin ağrılı hadisələrinə teatr sənətinin dili ilə nəzər salır.

Əlbəttə ki, hər hansı teatr tamaşanın siması aktyorlardır. Tamaşada Xalq artisti Valeh Kərimov, Əməkdar artistlər Rauf Ağakişiyev, Elmira Kərimova və Sədaqət Nuriyeva, eləcə də aktyorlar Elay Xasıyev, Vəfa Qurbanova, Rövşən Əsgərov, Məryəm Hüseynli, Əjdər Zeynalov, Habil Xanlarov, Cavanşir Eyyubzadə, Mətanət Əmrullayeva, Yeganə Məmmədvəliyeva, Emil Həmidov, Günəş Bağırova, Elmir Mehdiyev, Mətləb Səfərli, İlham Səfərli, Dağlar Rüstəmov, Akif Mirzəyev, Rövşad İlyasov, Siyavuş Mahmudov və Kamran Muradlı çıxış edirdilər.

Gözəl heyət və mükəmməl ifa.

Səhnə nümunəsinin tamaşaçılar tərəfindən necə maraqla qarşılandığını, gurultulu alqışları sadəcə görmək lazım idi.

 

“Ədəbiyyat və incəsənət”

(26.10.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.