Yalnız aktyorluqla kifayətlənmədi, hekayələr yazmağa, personajlar yaratmağa başladı Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Con Favro (Jon Favreau) — amerikalı aktyor, rejissor, ssenarist və prodüserdir. O, Hollivudun həm aktyor, həm də rejissor kimi fəaliyyət göstərən tanınmış simalarından biridir. Xüsusilə Dəmir adam (Iron Man), Cəngəllik kitabı (The Jungle Book), Şir kral (The Lion King) filmləri və Mandaloriyalı (The Mandalorian) serialı ilə geniş şöhrət qazanıb.

 

Onun yaradıcılığını fərqləndirən cəhətlərdən biri müxtəlif janrlarda işləməsidir: komediya, macəra, fantastika, döyüş və ailə filmləri. O, həm kamera qarşısında obraz yaradır, həm də kamera arxasında böyük film layihələrinə rəhbərlik edir. Con Favro 19 oktyabr 1966-cı ildə Nyu-Yorkun Kvins rayonunda dünyaya gəlib. Anası Madlen Balkoff ibtidai sinif müəllimi, atası Çarlz Favro isə xüsusi təhsil sahəsində çalışan müəllim olub.

O, gənclik illərində təhsil alıb, daha sonra kino və komediya sənətinə maraq göstərərək Çikaqoya köçüb. Burada improvizasiya teatrlarında fəaliyyət göstərib, aktyorluq və səhnə bacarıqlarını inkişaf etdirib. Bu təcrübə onun gələcəkdə həm aktyor, həm də ssenarist kimi formalaşmasına kömək edib.

Con Favronun kino karyerası 1990-cı illərin əvvəllərində başlayıb. İlk dövrlərdə o, əsasən ikinci dərəcəli rollarda çəkilsə də, tədricən özünəməxsus aktyor üslubu ilə diqqət çəkib.

1993-cü ildə çəkildiyi Rudi (Rudy) filmi onun karyerasında əhəmiyyətli addımlardan biri olub. Filmdə o, D-Bob adlı obrazı canlandırıb. Burada aktyor Vins Vonla tanış olub və sonralar onunla həm dostluq, həm də yaradıcılıq əməkdaşlığı qurub.

Favro yalnız aktyorluqla kifayətlənmək istəmirdi. O, hekayələr yazmağa, personajlar yaratmağa və filmlərin ərsəyə gəlmə prosesində daha böyük rol oynamağa çalışıb. Bu istək onu ssenaristlik və rejissorluğa aparan əsas yollardan biri olub.

1996-cı ildə Con Favronun karyerasında dönüş nöqtəsi baş verib. O, Swingers filmində yalnız aktyor kimi çıxış etməyib, həm də filmin ssenarisini yazıb.

Filmin süjeti Los-Ancelesdə yaşayan, şəxsi münasibətlərdə və karyerada özünə yer tapmağa çalışan gənclərdən bəhs edib. Əsərdə dostluq, sevgi, özünəinam və həyatın çətinlikləri ön plana çıxıb. Vins Vonun da rol aldığı bu film Favronun Hollivudda ssenarist kimi tanınmasına kömək edib. O, bununla göstərdi ki, öz hekayəsini yazmaq və həmin hekayədə rol almaq bacarığına malikdir.

 

 Rejissor kimi yüksəlişi

Elf — 2003

Milad bayramı mövzusunda çəkilmiş komediya filmidir. Con Favro Uill Ferrellin baş rolda olduğu bu filmin rejissoru olub. Film onun rejissor kimi geniş tamaşaçı auditoriyasına tanınmasına kömək edib.

Zatura: Kosmik macəra — 2005

(Zathura: A Space Adventure)

İki qardaşın kosmik macəraya çevrilən masaüstü oyunundan bəhs edir. Film fantastika, ailə münasibətləri və macəra elementlərini birləşdirir.

Dəmir adam — 2008

(Iron Man)

Favronun ən mühüm rejissorluq işlərindən biridir. Robert Dauni Jr. Toni Stark rolunda çıxış edib. Film Marvel Kinematoqrafiya Kainatının inkişafında böyük rol oynayıb.

Dəmir adam 2 — 2010

(Iron Man 2)

Favro ilk filmin davamını da rejissor kimi çəkib. Toni Starkın şöhrət, məsuliyyət və yeni düşmənlərlə mübarizəsi hadisələrin əsasını təşkil edir.

2016-cı ildə Favro Rüdyard Kiplinqin məşhur əsəri əsasında hazırlanmış Cəngəllik kitabı (The Jungle Book) filminin rejissoru və prodüseri oldu.

Filmin baş qəhrəmanı Movqlidir. O, cəngəllikdə heyvanların arasında böyüyən və öz kimliyini anlamağa çalışan oğlandır. Baloo və Bagira kimi obrazlar onun həyatında mühüm rol oynayıb

Bu ekran əsərinin diqqətçəkən xüsusiyyəti real çəkilişlərlə kompüter qrafikasının birləşdirilməsi idi. Heyvanların və cəngəllik mühitinin böyük hissəsi rəqəmsal texnologiyalarla yaradılıb. Film tamaşaçılar tərəfindən maraqla qarşılanıb və vizual effektlərinə görə Oskar mükafatına layiq görülüb. Eyni sahədə BAFTA mükafatı da qazanıb.

 

“Ədəbiyyat və incəsənət”

(19.10.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.