Dünyanın dörd tərəfində kişiləri dəli-divanə edən qadın Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bricit Bardo (Brigitte Anne-Marie Bardot) fransız kinoaktrisası, müğənni, model və heyvan hüquqları fəalı idi. O, xüsusilə 1950–1960-cı illərdə dünya kinosunun ən məşhur simalarından birinə çevrilib. Bardo yalnız aktrisa kimi deyil, həm də moda və qadın gözəlliyi anlayışına təsir edən böyük bir mədəniyyət ikonası kimi tanınırdı. Dünyanın dörd tərəfində kişilər ona vurulurdu, ünvanına yüz minlərlə sevgi etirafı məktubları gəlirdi. O dövrdə iki belə qadın var idi – Bricit Barrdo və Sofi Loren.

 

Bricit Bardo 28 sentyabr 1934-cü ildə Parisdə dünyaya gəlib. Uşaqlıqdan rəqsə böyük maraq göstərib. 7 yaşından balet dərsləri almağa başlayıb, sonradan Paris Konservatoriyasında təhsil alıb. 1949-cu ildə rəqs sahəsində mükafat da qazanıb.

Onun gözəlliyi tezliklə diqqəti cəlb edib. Bardo yeniyetmə yaşlarında model kimi fəaliyyət göstərməyə başlayəb və 15 yaşında “Elle” jurnalının üz qabığında görünüb. Bu, onun gələcək şöhrətinin başlanğıclarından biri olub.

Bardo ilk filminə 1952-ci ildə çəkilib.

Bu film “Le Trou Normand” idi.

Lakin onun dünya şöhrətinə yüksəlməsində ən böyük rol 1956-cı ildə çəkilən “And God Created Woman” filmi — fransızca “Et Dieu… créa la femme” — olub. Filmin rejissoru onun o zamankı həyat yoldaşı Roger Vadim idi. Bu filmdən sonra Bardo beynəlxalq səviyyədə tanınmağa başlayıb və Sen-Tropez onun adı ilə xüsusilə əlaqələndirilən məkanlardan birinə çevrilib.

 

Ən tanınmış filmlərindən bəziləri

Le Trou Normand (1952) — Normand dəliyi

And God Created Woman (1956) — Və Allah qadını yaratdı

The Truth (1960) — Həqiqət

Contempt (1963) — Nifrət

Viva Maria! (1965)

Two Weeks in September (1967)

Shalako (1968)

 

Xüsusilə “The Truth” filmi onun yalnız gözəlliyi ilə deyil, aktyorluq bacarığı ilə də ciddi şəkildə qəbul edilməsinə kömək edib.  1950-ci illərin sonlarından etibarən Bricit Bardo artıq sadəcə fransız aktrisa deyildi. O, beynəlxalq kino və moda ikonası olub. Onun saç düzümü, göz makiyajı, geyim tərzi və xüsusilə təbii görünüşü bütün dünyada təqlid edilib.

Bardoun adı Fransanın qadın gözəlliyi və azad qadın obrazı ilə əlaqələndirilib. O, Fransanın milli simvolu Marianne üçün model kimi də istifadə olunan qadınlardan biri olub. Bardo həm də musiqi ilə məşğul olub. 1960-cı illərdə çoxsaylı mahnılar ifa edib və təxminən 60 pop mahnısı yazdırıb. Onun musiqi fəaliyyətində Serge Gainsbourg ilə əməkdaşlığı xüsusi yer tutur.  Onların birlikdə hazırladıqları əsərlər Bardonun müğənni kimi də yadda qalmasına səbəb oldu.

 

Məşhur mahnılarından biri:

“La Madrague”

Bu mahnı onun Sen-Tropezdəki məşhur evi ilə də əlaqələndirilib. Bardonun təsiri yalnız kino ilə məhdudlaşmayıb. O, 1950–1960-cı illərin moda anlayışını dəyişdirən qadınlardan biri hesab olunur.

Onun:

iri göz makiyajı,

həcmli saç düzümü,

sadə və təbii geyimləri,

zolaqlı köynəkləri,

yay üslubu,

Sen-Tropez tərzi

sonrakı nəsillərin moda anlayışına ciddi təsir göstərib. Bardonun həyatının ikinci böyük mərhələsi heyvanların müdafiəsi ilə bağlıdır. O, hələ 1962-ci ildə heyvanların kəsilməsi zamanı qəddar üsullara qarşı çıxıb. 1970-ci illərdə isə bu fəaliyyətini daha da genişləndirib.  1973-cü ildə, 39 yaşında, kino fəaliyyətini tamamilə dayandırıb və həyatını əsasən heyvanların müdafiəsinə həsr edib.

 

1986-cı ildə Bricit Bardo öz adını daşıyan Fondation Brigitte Bardot adlı heyvanları qoruma təşkilatını yaradıb. Təşkilat həm ev heyvanlarının, həm də vəhşi heyvanların müdafiəsi ilə məşğul olur.  Fondasiya 1992-ci ildə Fransada ictimai faydalı təşkilat kimi tanındı. Bu gün onun fəaliyyəti müxtəlif ölkələrə yayılıb.

Bardo ömrünün sonrakı illərində kino dünyasından uzaqda, əsasən heyvanların müdafiəsi fəaliyyəti ilə məşğul oldu. 28 dekabr 2025-ci ildə 91 yaşında Sen-Tropezdə vəfat etdi. Fransa Prezidentinin rəsmi saytı Bardonun ölümünə matəm qurdu.

Bir vaxtlar qəlbləri fəth edən aktrisa daha yoxdur. Onu şəxsən tanıyan müasirləri də az sayda qalıblar. Həyat budur. Gəlimli-gedimli, sonu əbədi puçluq!

 

“Ədəbiyyat və incəsənət”

(28.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.