İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Onun tək elə bir filmi bəsdir – “Gün keçdi”.
Bu filmə baxmayan və baxıb sevməyən çətin tapılar.
Rejissor Arif Babayev 25 sentyabr 1928-ci ildə Bakıda anadan olub. 1947-1953-cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. 1956-1968-ci illərdə Azərbaycan Dövlət Teleradio komitəsində çalışıb.
1964-cü ildən "Azərbaycanfilm" kinostudiyasında bir neçə sənədli, 8 tammetrajlı bədii və 1 qısametrajlı bədii film çəkib. Rejissor haqqında 2000-ci ildə "Kinorejissor Arif Babayev" sənədli filmi, həmçinin bir neçə televiziya filmləri çəkilib
Rejissor kimi
1. Dostluq dili
2. Xəzərdə möcüzə
3. Xəzər sahilində şəhər
4. Şən əhvalatlar
5. Zirvə
6. Şəhərimizin uşaqları
7. Gün keçdi
Ssenari müəllifi kimi
1. Dostluq dili
2. Şəhərimizin uşaqları
3. 10 dəqiqə poeziya
4. "Artek"in bütün qızılı
5. Bahar gəlir
Aktyor kimi
1. İnsan məskən salır
2. Bizi bağışlayın
Mükafatları
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
- İrəvanda II Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-68" zona kinofestivalında "İnsan məskən salır" filmi üçün "ən yaxşı debütə görə" Diplom
- Kiyevdə Zaqafqaziya və Ukrayna respublikalarının "Prometey-69" III zona kinofestivalında "Uşaqlığın son gecəsi" filmi üçün Gənclik üçün ən yaxşı filmə görə Mükafat
- Bakıda VII Ümumittifaq kinofestivalında "Ömrün ilk saatı" filmi üçün fəhlə sinfi və nəsillərin varisliyi mövzusuna müraciətə görə həvəsləndirici Diplom
- "Birisigün, gecəyarısı…" filmi üçün SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin çekistlər və sərhədçilər haqqında ən yaxşı kino əsəri üçün III mükafat
- "Birisigün, gecəyarısı…" filmi üçün Azərbaycan Dövlət Mükafatı
Saytlarda haqqında çox maraqlı materiallarla rastlaçdım.
1956-cı ildə Rauf Kazımovski onu yeni yaranan televiziyaya işə dəvət edir. Burada hazırladığı layihələr, verilişlər sayəsində az vaxtda tanınır. 1959-cu ildə televiziyanın baş rejissoru təyin olunur. Həmin müddətdə Moskvaya ezam olunur. Mərkəzi televiziyada ustad televiziya rejissoru kimi özünü necə tanıdırsa, geriyə "Rejissor pultunun Paqaninisi" tituluyla qayıdır.
1958-cı ildə anası Sürəyya xanım vəfat edir. Ondan iki il qabaq da atası Hacıağanı itirmişdi. Onlarla birlikdə doğma İçərişəhərdə yaşadığı günlər də bitir. Ata-anasından sonra qardaşları ilə yola gedə bilmir. İçərişəhərdəki evlərindən getməkdən başqa çarəsi qalmır. On beş il Bakının ayrı-ayrı yerlərində kirayədə yaşamalı olur. Sonra kinostudiyanın yanında kino xadimləri üçün tikilmiş binada ona da mənzil verirlər.
Qardaşı rejissor Vasif Babayev müsahibələrində onu belə xatırlayır:
"Arif xasiyyətcə çox sadə adam idi. Çəkiliş zamanı fəhlələrə kömək edirdi. Deyirdi ki, nə olar, onlar da yorulurlar. Fasilədə də daha çox fəhlələrlə ünsiyyətdə olurdu. Ailədə böyük övlad, işində sayılıb-seçilən rejissor olduğu üçün ətrafındakıları ona hörmətlə yanaşmağa məcbur etmək xasiyyəti yox idi. Çox vaxt gecələr yatmırdı.
Bir dəfə şəhəri gəzə-gəzə bizə gəlib çıxdı. Çarpayını ona verib özüm yerdə yatmaq istədim. Qoymadı. Dedim, elə iş olar, mən çarpayıda, sən yerdə? Dedi, niyə olmur, sən yerində rahat yat, mən yerdə yatmağı xoşlayıram. Öz evində də belə edirdi. Xasiyyətindəki həlimlik onu fərqləndirirdi. Hətta demək olar ki, Arif fağır adam idi.
Konflikt yaratmaqla, haqlı olduğunu səs-küylə sübut etməklə heç arası yox idi. Mənzili əsl subay kişinin mənzili olsa da, paltarları həmişə səliqədə olardı. Əyin-başına, görünüşünün doğurduğu təəssürata çox diqqətli idi. Həmişə ən son dəbə uyğun geyinər, təmiz-tarıq görkəmdə olardı”.
Çəkdiyi filmlərin bir çoxunda özünün müəyyən cizgiləri var idi. Anarın “Gürcü familiyası” hekayəsi əsasında çəkdiyi "Gün keçdi" filminin qəhrəmanı Oqtay isə Arif Babayevin özü idi. Orada öz dünyasını, öz yalnızlığını çəkmişdi kinorejissor. Bəlkə buna görə Anar etiraf etmişdi ki, ekran əsərinə baxanda öz ssenarisini tanımayıb.
Deyilənə görə bu filmdə kadrlar həddindən artıq çox olduğu üçün rejissorla kinostudiyanın direktoru Adil İsgəndərov arasında narazılıq yaranır. Buna görə də Moskvadan montajçılar çağırılır.
Şəkər xəstəliyi amanını kəssə də, yenə nifrət etdiyi xəstəxanalara üz tutmur, səhhətinə fikir vermir, pəhriz yeməkləri yemirdi. Xəstəxanaya getmək məcburiyyətində qalanda isə onun həm də vərəmə yoluxduğu məlum olur.
1981-ci ildə rejissorun səhhətində dəyişikliklər başlanır. 54 yaşlı rejissor 26 avqust 1983-cü ildə şəkər xəstəliyindən vəfat edir.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(25.09.2026)


