İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Nədənsə, kimdən soruşuram, hamısı eyni cavab verir – Yaşar Nurinin yatardığı ən sevimli obraz Elçin obrazıdır. “Səni axtarıram” tamaşasında Firəngiz Mütəllimova ilə tərəf-müqabili olmuşdular, Elçinlə Gülnarın qara sevdasını canlandırmışdılar...
Bu gün Xalq artisti, korifey sənətçi Yaşar Nurinin 75 illik yubileyidir.
Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınan aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. Səhnəyə ilk dəfə 11 yaşında ADMKT-də "Toy kimindir?" (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxıb. Məktəbli vaxtlarında dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından olub.
Bundan başqa O, "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak edib. Müxtəlif dram dərnəklərinə gedib, 26-lar adına mədəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış edib.
Şagird Yaşar gözəgörünən fitri istedada malik olub. O, cəld, çevik olub, sıxılmayıb, improvizə edə bilib. Səsi aydın və yapışıqlı, çöhrəsi şirin, xoşagəlimli olub. Uşaq Yaşar rol apararkən gözləri gülüb. O, özü də öz oyunundan zövq alıb.
10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilən və teatr səhnələrində uşaq rollarını ifa edən aktyor 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Orada kurs rəhbərləri, tanınan səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənib.
İnstitutda, fakültədə, kursda Yaşar qeyri-formal lider olub. Tələbəlik çağlarında hamı ondan çox şey gözləyib, hamı onu "hazır aktyor" sayıb. Yaşarın istedadı yaşından yaşlı olub. İnstitut dövründə "Sevil"də Balaş, "Toy"da Salmanov, "Günahsız Müqəssirlər"də Neznamov və s. obrazları yaradıb.
1972-ci ildə institutu bitirdikdən sonra 1 il orduda xidmət edib və institutun tədris teatrında aktyor işləyib. 1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.
Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də məşhur kino ustasıdır. Əlliyə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur.
Bunlardan Ramiz Həsənoğlunun hazırladığı Ruhəngiz Qasımovanın "Yollar görüşəndə…", "Ömrün yolları", İsi Məlikzadənin "Qatarda", Anarın "Evləri köndələn yar", Mövlud Süleymanlının "Kökdən düşmüş piano", Hüseyn Cavidin "Topal Teymur", Aslan Qəhrəmanovun əsərləri əsasında Tariyel Vəliyevin lentə aldığı "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" trilogiyası, İslam Səfərlinin "Göz həkimi", Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında "Ac həriflər" və s. televiziya tamaşalarını misal göstərmək olar.
Aktyor nəinki televiziya, həmçinin radio və kinostudiyanın dublyaj sektoru ilə də əməkdaşlıq edib, radioda "Sabahınız xeyir", "Gülüş axşamı" yumoristik verilişlərinin, radio tamaşalarının iştirakçısı olub. "Azərbaycanfilm" kinostudiyasında isə saysız-hesabsız yerli filmləri səsləndirmiş, əcnəbi filmləri dublyaj edib.
Yaşar Nuri cəsarətli aktyor kimi qəliz rəqs nömrələrini, muğam və ya estrada, yaxud aşıq musiqisi üzərində qurulan satirik, dramatik, psixoloji, komik, qroteskli, karnaval estetikasına uyğun obrazların ifasında uğur qazana bilib.
Aktyor özünü həm kinoda, həm də teatrda rejissor kimi sınayıb. Teatrda İsi Məlikzadənin "Subaylarınızdan görəsiniz" əsərinə quruluş verib, kinoda isə "Spasibo" filmini çəkib. 2008-ci ildə aktyor hamını sarsıdaraq, taleyinin ən çətin filmində aldığı baş rolu da adlayıb ötüşdürüb.
Bu qorxulu rolda Yaşarı yaşadan və yaşamaq eşqini artıran yenə xalq məhəbbəti, tamaşaçı sevgisi olub. Çətin və ağır əməliyyatdan sonra ilk dəfə böyük sənət yoldaşı, unudulmaz Həsənağa Turabovun 70 illik yubileyində səhnəyə çıxan Yaşar Nuri yenə də uzun-uzadı alqışlarla qarşılanıb.
Akademik Milli Dram Teatrının tamaşaçı zalına H. Turabov sənətini sevənlər və mədəni ictimaiyyətin elitası toplanıb. Xalqın öz sənətkarına verdiyi qiymətə heç kəsin şübhəsi yoxdur, amma əksər hissəsi sənətkarlardan, incəsənətimizin elitasını təşkil edənlərdən ibarət bu auditoriya da Yaşarın qorxunc xəstəliyə qalib gəlib yenidən səhnədə görünməsinə böyük səmimiyyətlə sevindiyini göstərib. Bəzi məqamlarda elitanın içində yaşayan eqoizm də sənətkarın ayaq üstə dura bilməsindən doğan sevincə güc gələ bilməyib.
Yaşarın istər teatrda, istərsə də kino və telekrandakı rolları həcmindən asılı olmayaraq tamaşanın "ağırlıq nöqtəsi"nə dönüb. Həmin tamaşalarda aktyorun yanında layiqli yöndaşı olmayanda səhnə əsəri müvazinətini itirib. İlk tamaşası 1988-ci il sentyabr ayının 24-də göstərilən "Qanlı Nigar" tamaşasında sözün əsl mənasında iki qütb var: birisi Abdi, digəri Nigar. Məhz bu iki personajin ətrafında gedən mürəkkəb, çalpaşıq, təzadlı, yumorlu hadisələr-ümumbəşər məna kəsb edib, düşündürüb, güldürüb, həyəcanlandırıb, ağladıb.
Vaqif İbrahimoğlunun yüksək məharətlə, milli teatr poetikası əsasında orijinal quruluş verdiyi bu folklor mənşəli pyes Yaşar Nuri (Abdi) və Amaliya Pənahovanın (Qanlı Nigar) benefisinə, sənət bayramına çevrilib. Rejissor Vaqif İbrahimoğlu sürət-ritmi yüksək olan "Qanlı Nigar"ın kompozisiyasını bütovlükdə Abdinin üzərində qurub. Abdi tamaşa ilə tamaşaçılar, Qanlı Nigarla əleyhdarları, reallıqla şərtilik, hətta hər bir obrazın zahiri ilə əsl mahiyyəti arasında əlaqəçidir. Onsuz heç bir əhvalat mövcud deyildir.
Cəmil Əlibəyovun "Gülüstanda qətl" pyesi əssında Azərbaycanın əməkdar incəsənət xadimi Ağakişi Kazımovun hazırladığı eyniadlı tamaşada mənfidən də mənfi personaj, son dərəcə qılaflı, mafiya başçılarından biri Şahməmməd İsmiyeviçdir. O zaman belə bir rolun Yaşara tapşırılmasının düzgün olub olmadığı barədə uzun mübahisələr düşüb. Lakin müəllif Cəmil Əlibəyov teatrla birgə işin başlanğıcından çox mübahisə etdi, dəlillər gətirib. Budəfəki müəllif "inadkarlığı" özünü tam doğruldub. Tamaşa gözəl aktyor rolu ilə zənginləşib, bədii publisistikamızda yeni bir baxım bucağı həyat hüququnu tapıb.
Kinorejissor Şamil Mahmudbəyovun ekranlaşdırdığı "Dörd Bazar Günü" filmində yaratdığı Seyran obrazı Yaşarın kinoda ilk işi olub. Bunun ardınca isə o, irili-xırdalı onlarla filmdə müxtəlif xarakterli sadə insanların, müftəxorların, nakəslərin, yaramazların, fırıldaqçıların obrazlarını kinolentin yaddaşında yaşadıb.
Yaşarın maraqlı rollarından biri də "Əzablı Yollar" nağıl-filmindəki kiçik div obrazıdır. Müasirləşdirilmiş və bir qədər də sosiallaşdırılmış filmdə mifik obraz yaradan aktyor oynadığı divin faciəsini, onun gücünün tükənməsini, insan ağlı qarşısındakı acizliyini son dərəcə məharətlə və maraqlı yarada bilib. Bu film ekranlarda az-az göstərilməsinə baxmayaraq, Yaşar Nurini bu mifik amplualı obrazda görən tamaşaçı, yəqin ki, onu heç vaxt unutmaz.
Aktyorun maraqlı və yaddaqalan obrazlarından biri də "Yol Əhvalatı" filmindəki Makintoş roludur. Bu film tamaşaçılar tərəfindən o qədər sevilib ki, ekranda hər nümayişi böyük rəğbətlə qarşılanır. Filmdəki maraqlı aktyor ansamblını tamamlayan Makintoş obrazının yaradıcısı Yaşar Nuri hər bir hərəkəti, mimikası, yalnız onun özünəməxsus danışıq tərzi, ciddiliklə qeyri-ciddiliyin arasında olan anlaşılmaz xarakteri ilə 30 ilə yaxın bir zaman kəsiyində hər kəsin sevimli obrazlarından birinə çevrilib.
Vaqif Mustafayevin müştərək işlərindən olan "Musiqili Xaş" və "Bəyin Oğurlanması"(rəhmətlik Ceyhun Mirzəyevlə birlikdə) filmlərində də Yaşar tipik obrazlarla yadda qalır və bunların arasında İsrafil ("Bəyin Oğurlanması") obrazının xüsusi yeri var. Evə girərkən hər dəfə təkrarlanan ayaqqabının kənara atılması, özünəməxsus yeriş və davranış, ölümünə fərman verilmiş sevginin əzabları və bir çox başqa çalarlar İsrafil obrazının əsl dəyərini açır və Yaşar Nuri bu maraqlı obrazı yenə də baxımlı edə bilir.
Yaşarın obrazlar kolleksiyasından söz açdıqda onun "Yaramaz"dakı Maşallahını, "Lətifə"dəki Məmmədini, "Qətl Günü"ndəki Mahmud doktorunu, "Nə gözəldir bu dünya…"dakı Asim Əliyeviçi, "Hər Şey Yaxşılığa doğru", "Nakəs", ""Fransız"", "Yoxlama" filmlərindəki bir-birindən maraqlı və yaddaqalan rollarını mütləq xatırlamalıyıq. Bu rolları tamaşaçılara sevdirən də məhz aktyorun böyük sənətkarlıq istedadı və çəkdiyi sonsuz zəhmətdir.
Teatr səhnəsindəki rolları
1. Tapdıq
2. Bədəl
3. Silva
4. Pərviz
5. Neznamov
6. Cığatay
7. Səlim
8. Namiq
9. Milan
10. Rəhim
Mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
- Azərbaycan SSR Lenin komsomolu mükafatı
- "Azərbaycan SSR xalq artisti" fəxri adı
- "Qızıl dərviş" mükafatı
- Cəfər Cabbarlı mükafatı
- "Şöhrət" ordeni
- Milli Kino Mükafatı
Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Mərkəzi Gömrük Hospitalında vəfat edib. Novxanıdakı bağ evində xatirə muzeyi fəaliyyət göstərir. 2012-ci ildə “Yaşadan, yaşayan Yaşar” adlı tammetrajlı sənədli televiziya filmi həsr olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(03.09.2026)


