Gizləmək lazım deyil, dövr belə idi Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Aktyor Nazir Əliyevin yaradıcılıq yolundan danışanda adətən 1969-cu ildə A. Papayanın "Bəli, dünya dəyişib" komediyasında Sərdar Sərdaroviç rollunda oynamasını gizləyirlər. Niyə? Çünki Papayan erməni dramaturqudur. Amma bu yanlış addımdır. Sovetlər dönəmində, xüsusən millətçiliyin qadağan olunduğu, qardaş 15 respublika birliyi cövlan etdiyi şəraitdə bu hal adi hal idi, niyə gizlədilsin ki?

 

Nazir Kərim oğlu Əliyev 29 mart 1946-cı ildə Lənkəranın Liman şəhərində doğulub. 1964-cü ildə orta məktəbi bitirdikdən sonra M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə professor Rza Təhmasibin kursuna daxil olub.

1968-ci ildə institutu bitirdikdən sonra Sumqayıt Dövlət Dram Teatrına işləməyə təyin olunub. Bu teatrda M. F. Axundovun "Müsyo Jordan və Dərviş məstəli şah" komediyası göstərilib. N. Əliyev Qulaməli rolunu ifa edib. Bundan sonra C. Patrikin "Qəribə missis Səvic" dramında Samuel, C. Cabbarlının "Sevil" pyesinin tamaşasında Babakişi rolunda çıxış edib.

1970-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin təyinatı ilə C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına aktyor təyin olunub. Naxçıvan teatrında iyirmidən artıq müxtəlif tamaşalarda rollar oynayıb.

O cümlədən rejisyor N. Sadıqzadənin hazırladığı İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" tamaşasında Savalan, S. Mixalkovun "Vəhşilər" tamaşa- sında Stepa. B. Vahabzadənin "Yağışdan sonra" əsərində Rüstəm, H. Razinin " Arxalı dağlar" əsərində Ayı Səftər, Ə. Yusiflinin " Qara kağıza muştuluq" əsərində Heybət, M. Tarıverdiyevin " Qəmküsər" faciəsində Əliqulu Qəmküsər rollarını oynayıb.

Georgi Xuqayevin "Arvadının əri" komediyasında Kazbek, Əziz Nesinin " Toros canavarı" əsərində Duman Osman, Lope de Veqanın " Nə yardan doyur, nə əldən qoyur" komediyasında Markiz Rikardo. Bu rollar Naxçıvan teatrının səhnəsində Nazirin müvəfəqiyyətli yaradıcılıq məhsulu hesab edilə bilər. " Şərq qapısı" qəzetində Hüseyn Razi yazıb:Nazirin oyununa baxdıqca hiss edirəm ki, yaxşı ifacılara ehtiyacı olan teatrımıza istedad gəlmişdir”.

1975-ci ilin mart ayında Nazir N. B Vəzirov adına Lənkəran Dövlət Dram teatrına dəvət olunur. Lənkəran teatrında işlədiyi doqquz il ərzində 40-dan çox tamaşada müxtəlif rollar oynayıb. Onun yaradıcılığının tam bütöv kamillik dövrü məhz Lənkəran teatrının səhnəsində başlayıb. Azərbaycan dramaturgiyasının ən nümunəvi əsərlərində, həmçinin rus klassikası və Qərbi Avropa dramaturqlarının əsərlərində Nazir Əliyev müxtəlif janrlı və xarakterli rollar oynayıb:

M. F. Axundovun " Sərgüzəşti vəziri xan – Lənkəran" komediyasında Vəzir, M. İbrahimov " Kəndçi qızı" Alımov, Y. Qaşek "Soldat Şveykin macəraları" Şveyk, V. Şekspir " Qış nağılı"-Qoca Lombardi, A. N. Ostrovski "Tufan " Tixon, Ə. Haqverdiyev "Dağılan tifaq", S. Vurğunun "Vaqif" Şeyx Alı, S. Rəhman "Toy" Kərəmov, C. Məmmədquluzadə "Ölülər" Şeyx Nəsrullah.

C. Yusifzadə "Səhər qatarı" Kök kişi, M. F. Axundov "Xırs quldurbasan" Divanbəyi, V. S. Vişnevski "Nikbin faciə" Başçı, İ. Əfəndiyev " Unuda bilmirəm" Kərəm dayı, A. Safronov "Yerin cazibəsi" general Beladed, İsa Hüseynov "Bir kişi vardı" Mədəd kişi, N. B. Vəzirov "Hacı Qəmbər" Qıdı xirvə.

1988-ci ildə Nazir Əliyev Azərbaycan Dövlət Akademik Dram Teatrında aktyor işləmək üçün dəvət olunub.

 

Oradakı rolları:

1. Seyran Səxavət "Qızıl teşt" Kamil.

2. Vaqif Səmədoğlu " Yayda qartopu oyunu" Bahadur.

3. İ. Əfəndiyev " Sevgililərin cəhənnəmdə vüsalı" Cabbar. və.s.

 

Mükafatları:

Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyəti səmərəli fəaliyyətinizə qazandığınız istehsal müvəffəqiyətlərinə görə və Naxçıvan MSSR-nin yaradılmasının əlli illiyi ilə əlaqədar olaraq 1974-cü il 4 oktyabr tarixli fərmanı ilə sizi Azərbaycan SSR Ali Soveti Fəxri fərmanı ilə təltif edib.

Azərbaycan Sovet Sosialist Respublikası Ali sovetinin Rəyasət heyəti 1979-cu il 2 aprel fərmanıyla Sovet Azərbaycan Teatr sənətinin inkişafında xidmətlərinə görə Nazir Kərim oğlu Əliyev yoldaşı Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin Fəxri fərmanı ilə təltif edib.

Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyəti Azərbaycan Sovet teatr sənətinin inkişafında xidmətlərinə görə Nazir Kərim oğlu Əliyevə 1 dekabr 1982-ci il tarixli fərmanla Azərbaycan SSR əməkdar artisti fəxri adı verilib.

 

Filmoqrafiya

- 777 №-li iş (film, 1992)

- Fəryad (film, 1993)

- Güzgü (film, 1990)(II)

- Həm ziyarət, həm ticarət... (film, 1995)

- İşarəni dənizdən gözləyin (film, 1986)

- Qəzəlxan (film, 1991)

- Mənim ağ şəhərim (film, 1993)

- O dünyadan salam (film, 1991)

- Pəncərə (film, 1991)

- Şahid qız (film, 1990)

- Şeytan göz qabağında (film, 1987)

- Ürək yaman şeydir... (film, 1992)

 

Akademik Milli Dram Teatrında işdən çıxandan sonra sənəti tərk edərək ömrünün sonuna kimi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yaşayıb. Nazir Kərim oğlu Əliyev 1997-ci il avqustun 28-də avqusta Dubay şəhərində vəfat edib, doğulduğu Liman şəhərində dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.