O, Pəri rolu ilə parladı Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bir gün onu Azərbaycan Dövlət Akademik Teatrına işə dəvət etdilər. Söhbət aktrisa Sona Mirzəyevadan gedir.Orada ona Ə. Haqverdiyevin "Pəri cadu" əsərində baş rolu — Pəri obrazını oynamağı həvalə edirlər. Ciddi sınaq idi. Amma o, bu işin öhtəsindən məharətlə gəlir. Sonanın ciddi yaradıcılığ səyi nəticəsində Pəri obrazı xarakter səviyyəsinə yüksəlir. Elə bu rolla da Sona xanım özünü teatrda tam təsdiq edə bilir...

 

Sona Mirzəyeva 1950-ci il iyul ayının 6-da Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" şöbəsinə daxil olub. İnstitutda oxuyan zaman tələbə aktrisa kimi dolğun, məzmunlu rolları ilə nəzəri cəlb edib. Sonanın kurs rəhbəri, Azərbaycan SSR xalq artisti, Azərbaycan Dövlət Akademik Dram Teatrının rejissoru Tofiq Kazımov onun istedadını görüb və teatra dəvət edib. Nəticədə yuxarıda qeyd etdiyimiz “Pəri cadu”dakı rol ərsəyə gəlib.

1972-ci ildə aktrisa Cəfər Cabbarlı adına kinostudiyanın çəkdiyi "Xatirələr sahili" filmində gənc analardan birinin rolunu oynayıb.

Ailəyə bağlılıq hissi sonradan Sonanı C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına çəkib gətirib. Həyat yoldaşı Vəli Babayev Naxçıvan teatrında rejissor işləyib. Sonanın Naxçıvana bağlılığı da bundan irəli gəlib. Beləliklə Sona Mirzəyeva 1977-ci ildən öz taleyini Naxçıvan teatrına bağlayıb.

O, bu sənət ocağında kəskin surətdə bir-birindən fərqlənən klassik və müasir səpkili obrazlarla yanaşı, lirik psixoloji obrazları da yaratmış, geniş tamaşaçı kütləsinin rəğbətini qazanıb. Bu teatrın səhnəsində Ə. Əylislinin “Quşu uçan budaqlar”, Həmid Arzulunun “Əlincə qalası”, Orxan Kamalın “Yad qızı”, Tufan Oflazoğlunun “Dəli İbrahim”,  Cəlil Məmmədquluzadənin “Anamın kitabı” kimi rolları ifa edib.

 Hüseyn Cavidin “Şeyx Sənan”, H. Orucovun “Məni qınamayın” tamaşalarında Səltənət, Gilan ana, Nazan, Kəsəm Sultan, Zəhrabəyim, Zəhra, Nərgiz kimi qəribə taleli, narahat hisslərlə yaşayan psixoloji obrazlar yaradıb.  Sona Mirzəyeva 15 noyabr 1984-cü ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adına layiq görülüb. Aktrisa 1985-ci il avqustun 27-də 35 yaşında Bakı şəhərində vəfat edib.

 Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(27.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.