İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
19-cu əsrdə Tiflis Azərbaycan mədəniyyəti və elmində mərkəzi rol alan şəhərlərdən biri, bəlkə də birincilər sırasında dayananı idi. 20-ci əsrin əvvəllərində bu şəhər müsəlman mədəniyyətinə böyük töhfələr verməkdəydi. Xüsusən, ədəbiyyat, ictimai fikir, maarifçilik təşəbbüsləri buradan qaynaqlanırdı. Orada on minlərlə həmyerlimiz yaşayırdı, Tiflisin sırf azərbaycanlılar yaşayan Şeytanbazar adlı məhəlləsi isə daha məşhur idi.
Qəmər Topuriya 15 avqust 1902-ci ildə Tiflisin Şeytanbazar adlı məhəlləsində anadan olub. Qonşuları azərbaycanlı ailəli olduğuna görə Azərbaycan türkcəsində danışa bilirdi. Rus dilində beş sinif həcmində təhsil alıb. Əsl adı Tamara Vissarionovna Topuriya olan Qəmər xanım milliyyətcə gürcü olub. "Qəmər" onun təxəllüsüdür və səhnəyə çıxmasının ikinci ilindən tamaşaların proqramlarında adı belə (soyadsız) yazılıb.
Aktrisalıq fəaliyyətinin dördüncü ilindən həm "Qəmər xanım", həm də "Qəmər Topuriya" imzaları ilə çıxış edib. Bəzi proqramlarda "Şəms Qəmər" kimi təqdim olunub. İlk dəfə dəfə 1917-ci ildə Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" tamaşasında "Qulluqçu" obrazında səhnəyə çıxıb. O, 1918–1920-ci illərdə Tiflisdə və Bakıda müxtəlif truppaların hazırladıqları tamaşalarda, 1922–1925-ci illərdə Tiflis Dövlət Azərbaycan Teatrında işləyib.
1925-ci ilin əvvəllərində Bakıya dəvət olunan Qəmər Topuriya ömrünün sonunadək Azərbaycan Dram Teatrında aktrisalıq edib. 17 iyun 1943-cü ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adına layiq görülüb. Qəmər Topuriya uzun sürən xəstəlikdən sonra 3 iyun 1947-ci ildə Bakıda vəfat edib.
İfa etdiyi əsas rollar
1. "Arşın mal alan", Üzeyir Hacıbəyov — Gülçöhrə və Asya
2. "Məşədi İbad", Üzeyir Hacıbəyov — Gülnaz
3. "Ər və arvad", Üzeyir Hacıbəyov — Minnət xanım
4. "Evliykən subay", Zülfüqar Hacıbəyov — Pərzad
5. "Əlli yaşında cavan", Zülfüqar Hacıbəyov — Gülcahan
6. "Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov — Mələk xanım
7. "Ölülər", Cəlil Məmmədquluzadə — Nazlı və Zeynəb
8. "Topal Teymur", Hüseyn Cavid — Olqa
9. "Səyavuş", Hüseyn Cavid — Firəngiz
10. "Dubrovski", Aleksandr Puşkin — Anna Sovişina və Anna Qlobova
11. "Tufan", Aleksandr Ostrovski — Kabanixa
12. "Cehizsiz qız", Aleksandr Ostrovski — Oqudalova
13. "Günahsız müqəssirlər", Aleksandr Ostrovski — Korinkina
14. "Göy quş", Moris Meterlink — Gecə məlaikəsi
Təltif və mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
- "Qafqazın müdafiəsinə görə" medalı
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(17.08.2026)


