Azsaylı dramaturqlarımızdan biri Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Şair və yazıçılarımız bəsdir deyincə qədərdir, amma dramaturqlarımız çox azdır. Bu azlar sırasında bir ad da Marat Haqverdiyevdir. Bu gün onun 88 yaşı tamam olur.

 

Azərbaycan dramaturqu Marat Haqverdiyev 1938-ci il iyulun 21-də Bakıda sənətkar ailəsində anadan olub. Atası Azərbaycan və Türkmənistanın Əməkdar artisti Xanlar Haqverdiyev və Anası Cahan Əfruz (Dilanova) şairə-dramaturq olub. İki sənətkarın əhatəsində böyüyən Marat uşaqlıqdan rəssamlığa böyük maraq göstərsə də, orta məktəbi bitirərkən memar olmağı qərara alıb və bu istəklə də 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olub.

 Tələbəlik illərində incəsənətə olan marağı ötüb keçməyib, institutun xalq çalğı alətləri ansamblı və estrada orkestrinin solisti kimi sovet respublikalarında qastrol səfərlərində olub. Marat Haqverdiyev təhsilini başa vurandan sonra qısa müddətdə tikinti sahəsində çalışıb. Ömrünün təxminən 40 ilini isə Mədəniyyət Nazirliyinin nəzdində Tarix və Mədəniyyət Abidələrinin Bərpası İdarəsində müxtəlif vəzifələrdə işləyib.

 Respublikanın tarix və mədəniyyət abidələrinin, o cümlədən Akademik Opera və Balet Teatrı, Rəşid Behbudov adına Mahnı Teatrı, muzeylər, məscidlər, mədrəsələr, qala və türbələrin bərpası ilə məşğul olub. 1970-ci illərdə ədəbiyyata tərcüməçi kimi gələn Marat Haqverdiyev anasının əsərlərini — şeirlərini, poemalarını rus dilinə çevirib.

Anası dünyasını dəyişəndən sonra qərara gəlir ki, onun yolunu davam etdirsin. İlk dram əsəri "Ailədə məhkəmə" komediyası olub. Əsər Lənkəran Dövlət Dram Teatrında Baba Rzayevin quruluşunda səhnəyə qoyulub. Tamaşa uğurlu alınıb. Bir il sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor Mərahim Fərzəlibəyov Marat Haqverdiyevin "Məhəbbət, şeytan və lambada", ardınca "Məşuqələr" pyesini tamaşaya qoyub.

 

Hər iki əsər teatr aləmində böyük əks-səda yaradıb.1992-ci ildə "Ah, qadınlar, qadınlar" komediyasını yazıb Həsənağa Turabova təqdim edib, Həsənağa Turabov tərəfindən bəyənilib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Mərahim Fərzəlibəyov bu əsəri tamaşaya qoyub. Baş rolda görkəmli aktyor Səyavuş Aslan və tanınmış aktrisa Firəngiz Mütəllimova oynayırdılar.

 Tamaşa maraqla qarşılanıb. Bir ildən sonra "Qısqanc ürəklər" komediyası yenə də bu teatrda Mərahim Fərzəlibəyovun quruluşunda səhnələşdirilib. Bu tamaşa da yaxşı mənada böyük səs-küyə səbəb olub. Sonralar müəllifin "Fədakarlıq", "Sənsiz yaşaya bilmərəm", "Məhəbbət əzabları", "Məhəbbət yaşa baxmır" və başqa pyesləri bir-birinin ardınca müxtəlif teatrların səhnəsində uğurla tamaşaya qoyulub.

Marat Haqverdiyevin "Qısqanc ürəklər" komediyası qardaş Türkiyədə İstanbul şəhəri Sarıyer bələdiyyə teatrının yaradıcı heyəti əsəri səhnəyə qoyub. 2000-ci ildə "Qısqanc ürəklər" tamaşanın premyerası "Çırağan" sarayında keçirilib. Bu sarayda adətən dövlət tədbirləri keçirilir, amma o zaman hörmət əlaməti olaraq tamaşanın premyerası orada təşkil olunub. Premyera yüksək səviyyədə keçib.

O zaman yazıçıdan başqa bir əsər istədilər, yazıçı "Ah, qadınlar, qadınlar" əsərini təqdim edib. Hər iki əsər Türkiyənin bir çox teatrlarında — İstanbulun Çemberlitaş teatrı, Sarıyer bələdiyyə teatrı, Fatih Universitetinin teatrında səhnələşdirilib. Hal hazırda "Qısqanc ürəklər" tamaşası Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində 10-ilə yaxındı ki oynanılıb.

O, dram əsərləri ilə yanaşı, maraqlı ssenarilərin də müəllifidir. Lütfü Məmmədbəyov yazıçının ssenarisi əsasında "Səninlə və sənsiz" bədii televiziya filmini çəkib. Bu melodram azərbaycanlı yazıçı ilə türk müğənnisinin məhəbbətindən bəhs edir. Film Azərbaycan Dövlət Televiziyası ilə dəfələrlə nümayiş olunub. "Səni gözləyirəm" lirik əsərinidə də Lütfü Məmmədbəyov ekranlaşdırıb.

 1993-cü ildə yazdığı "Qarabağ şikəstəsi" ssenarisində böyük siyasətçi Heydər Əliyevin Azərbaycanın ağır günündə hakimiyyətə qayıdışını, ölkənin xilası naminə tarixi xidmətlərini əks etdirib. Bu ssenari əsasında Mərahim Fərzəlibəyov ikiseriyalı bədii televiziya filmi çəkib. Onun ümummilli lider haqqında ikinci əsəri "Fədakarlıq" adlanıb. Müəllifin ssenarisi əsasında "Fədakarlıq" bədii televiziya filmi çəkilib.

Sonra müəllif bu ssenarinin dram variantını qələmə alıb. Əsər Sumqayıt Dövlət Dram Teatrında səhnələşdirilib, premyerası isə Akademik Milli Dram Teatrında uğurla keçirilib. Marat Haqverdiyev "Üç dəniz əfsanəsi" əsərini isə yaradıcılığının son zirvəsi adlandırıb. Heydər Əliyevin 90 illik yubileyinə həsr edilən yeni əsər Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisindən bəhs edən "Üç dəniz əfsanəsi" dramıdır.

 

"Üç dəniz əfsanəsi" dramını beş ilə yazılıb. Bu əsər Mədəniyyət və Turizm Nazirliyinin 2013-cü il üçün təsdiq etdiyi repertuar planına salınıb, əsərin hazırlanması Gəncə Dövlət Dram Teatrına həvalə olunub. O, 27 may 2018-ci ildə "Azərbaycanın əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.

 

Pyesləri

1. Ailədə məhkəmə

2. Fədakarlıq

3. Sənsiz yaşaya bilmərəm

4. Məhəbbət əzabları

5. Amerikalı kürəkən (Ramiz Mirişli ilə birgə)

6. Qısqanc ürəklər (Ramiz Mirişli ilə birgə

7. Məhəbbət, şeytan və lambada

8. Məşuqələr

9. Ah, qadınlar, qadınlar

10. Üç dəniz əfsanəsi

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.