İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Onun haqqında danışanda ilk olaraq bu cümlə işlədilir – Azərbaycan Dövlət Pantomim Tetarının yaradıcısı və baş rejissoru...
Bu gün onun -Azərbaycan Respublikasının xalq artisti Bəxtiyar Xanızadənin doğum günüdür, 69 yaşı tamam olur...
Bəxtiyar Xanızadə 1957-ci ilin 13 iyulunda Bakının Şağan kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram teatrı və kino aktyoru fakültəsini, 1987-ci ildə isə Sankt-Peterburq Dövlət Teatr, Musiqi və Kinematoqrafiya Akademiyasının səhnə hərəkəti üzrə aspiranturasını bitirib. Azərbaycan SSR Əməkdar Artisti Hamlet Xanızadənin yaxın qohumudur.
1978-ci ildə Gəncə Dövlət Dram Teatrında, 1981 – 1982-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Tədris teatrında, 1982–1983-cü illərdə Azərbaycanfilm kinostudiyasında aktyor, 1983-cü ildə İncəsənət İnstitutunda müəllim işləyib. 1994-cü ildə Bəxtiyar Xanı-Zadəyə "Səhnə hərəkəti və xoreoqrafiya sənəti" kafedrasının dosenti elmi adı verilib.
16 may 1994-cü ildə dərs dediyi bir qrup tələbələrə Respublikanın Mədəniyyət Naziri Polad Bülbüloğlunun əmrinə əsasın Azərbaycanda "Dəli yığıncağı" adlı ilk Pantomim teatr studiyası yaradıb. Bəxtiyar Xanı-Zadə Gürcüstanda və Bolqarıstanda keçirilən teatr seminarlarında iştirak edib və sertifikatlarla təltif edilib.
O, "Aktyorun plastik mədəniyyətinin tərbiyəsində UŞU – əlbəyaxa döyüş növünün əhəmiyyəti" (1991), "Budda rahiblərinin 18 döyüş üsuluna dair metodik və praktiki çalışmalar" (1992), "Aktyorun plastik tərbiyəsində məkan və zaman baxımından hərəkət dəqiqliyinin əhəmiyyəti" (1993) adlı elmi əsərlərin, "Bayraqdarlar", "Kvaksafon", Samurayın ölümü", "Eşq", "Zibillik pərvanələri", "Kölgə adlı ilk Azərbaycan pantomim pyeslərinin müəllifidir.
2000-ci il 6 mart tarixində "Dəli yığıncağı" Pantomim teatr-studiyasına Dövlət statusu verilib. Bəxtiyar Xanı-Zadə həmin vaxtdan teatrın bədii rəhbəri və direktoru, 2006-cı il yanvarın 12-dən isə Dövlət Pantomim Teatrında bədii rəhbər vəzifəsində işləyir. Bəxtiyar Xanı-Zadə Ə. Atakişiyev "Qərib cinlər diyarında" – (Qərib), O. Mirqasımov "Ovsunçu" – (Rəsul), R. Həsənoğlu "Hüseyn Cavid" – (A. M. Şərifzadə) filmlərində çəkilib.
O, Ramiz Həsənoğlunun "Fatehlərin divanı", "Nigarançılıq", "Dədə-Qorqud" tamaşalarına plastik həll üzrə rejissor kimi quruluş vermişdir. Dövlət Pantomim teatrında quruluş verdiyi tamaşalar: Bəxtiyar Xanı-Zadə "Nağaraçılar", "Pantomim buketi", Slavomir Mrojek "Karol xofu", Məhəmməd Füzuli "Gəldim ki, olam ğəmin hərifi" ("Leyli və Məcnun" poemasının motivləri əsasında), Əbdürrəhimbəy Haqverdiyev "Kimdir müqəssir?" tamaşalarına quruluş verilib.
Bəxtiyar Xanı-Zadə Gürcüstanda (Tiflis, aprel 1999. "Teatr+Vodeo" festivalı), Rusiyada (Moskva, 26–30 aprel 1999. "Azərbaycan mədəniyyət günləri"), Fransada (Paris, "Dədə Qorqud-1300"), Türkiyədə (1999-cu il 18–28 noyabr, 4-cü Ankara teatr festivalı), Türkiyə (Trabzon 1–13 may 2006-cı il 7-ci uluslar arası Karadeniz tiyatro festivalı) Beynəlxalq Teatr Festivalında iştirak edib.
28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar İncəsənət xadimi fəxri adına layiq görülüb. 2013-cü ildə Azərbaycanın xalq artisti adına, 2003, 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə və 10 may 2019-cu ildə Prezident Mükafatına, 7 may 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Filmoqrafiya
- Qərib cinlər diyarında (film, 1977)
- Dantenin yubileyi (film, 1978)
- İşgüzar səfər (film, 1982)
- Salur Qazanın evi talandığı boy (film, 2001)
- Fatehlərin divanı
- Nigarançılıq (film, 1998)
- Ovsunçu (film, 2002)
- Cavid ömrü (film, 2007)
- Günaydın, mələyim! (film, 2008)
- Sübhün səfiri (film, 2012)
- Qisas almadan ölmə. Keçmişdən məktublar
“Ədəbiyyat və incəsənət”
(13.07.2026)


