Murad Vəlixanov,
"Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi
Lyublyananın məşhur "Kinodvor" kinoteatrında "Onların Mehdisi, bizim Mixaylo" (“Njihov Mehdi, naš Mihajlo”) adlı sənədli filmin premyerası baş tutub.
"RTV Sloveniya"nın istehsalı olan, Zvezdan Martiçin ssenari müəllifliyi və rejissorluğu ilə ərsəyə gələn bu ekran işi İkinci Dünya Müharibəsi illərində Sloveniya xalqı ilə çiyin-çiyinə vuruşan, Azərbaycanın igid oğlu, əfsanəvi partizan Mehdi Hüseynzadənin qəhrəmanlıq yoluna işıq salır. Film iki xalqın o dövrdəki cəsarətli mübarizəsini əks etdirir. Filmin çəkilişləri 2026-cı ilin mart ayında Bakı şəhəri, Abşeron rayonu Novxanı kəndi, Oğuz rayonu və İsmayıllı rayonunda baş tutmuşdur.
Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) layihənin həyata keçməsində dəstək göstərib. Milli qəhrəmanlarımızın və şanlı tariximizin beynəlxalq arenada tanıdılmasına xidmət edən layihələrə dəstək göstərmək prioritetlərdəndir.
Sözügedən sənədli filmin ərsəyə gəlməsində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası, Azərbaycan Dövlət Film Fondu, Azərbaycan Respublikasının iqamətgahı Vyana olmaqla Sloveniya Respublikasındakı Səfirliyi, Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC (AzTV), eyni zamanda Sloveniya-Azərbaycan Dostluq Cəmiyyəti, Nova Qoritsa şəhər meriyası, Şempas yerli icması dəstək göstərmişdir.
Filmin nümayişində Azərbaycan Respublikasının Sloveniya Respublikasındakı səfiri Rövşən Sadıqbəyli, Azərbaycan Respublikasının Kino Agentliyinin baş direktoru Rəşad Əzizov, sənədli filmin rejissoru və ssenari müəllifi Zvezdan Martiç, tarixçi və Sloveniya Respublikasının Milli Assambleyasının üzvü Martin Premk çıxış etmişdir.
“Ədəbiyyat və incəsənət”
(22.06.2026)


