1917 və 1971 – Bir ömrün güzgülü rəqəmləri Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

1917-ci il bütün dünyada Rusiya imperiyasındakı bolşevik inqilabı ilə səs salmışdı. Həmin gün Bakıda bir uşaq dünyaya gəldi. Adını Zəfər qoydular. Ad bəxti müəyyənləşdirər, beləcə, onu zəfərə yönəltdilər...

 

Azərbaycanın görkəmli rejissoru, pedaqoq Zəfər Nemətov 5 iyun 1917-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Teatr Texnikumunda və Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Moskva və Sankt-Peterburq şəhərlərində rejissor təcrübəsi keçib.

 1943-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor, 1954-cü ildən baş rejissor vəzifələrində çalışıb. Bu teatrın Azərbaycan və rus bölmələrində "Qaraca qız, "Polad necə bərkidi", "Qarlar kraliçası", "Tamahkar", "Yaşar", "Bir saat xəlifəlik", "Anacan", "Qırmızı şeytan balaları", "Romeo və Cülyetta", "Müfəttiş", "Polad üzük", "Zorən təbib", "Zoluşka" və s. tamaşalara quruluş verib.

Gənc rejissorlar üçün "Rejissor sənəti haqqında" (Mehdi Məmmədovla birlikdə) və "Əliağa Ağayev" (Tofiq Kazımovla birlikdə) kitablarının müəllifidir. 1960–1971-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin sədr müavini vəzifəsində çalışıb. Milli mədəniyyət tarixində əhəmiyyətli yer tutan bir sıra tədbirlər, o cümlədən 1968-ci ildə Azərbaycanda ilk dəfə keçirilən ASSİTEJ-in festivalı onun təşəbbüsü və gərgin əməyi sayəsində keçirilib.

Bu gün Teatr Xadimləri İttifaqının yerləşdiyi bina (Bakı şəhəri, Xaqani küçəsi, 16) ulu öndər Heydər Əliyevin himayədarlığı, görkəmli sənətkarlar Mustafa Mərdanov və Zəfər Nemətovun təşkilatçılığı və zəhməti bahasına başa gəlib.

 

Gənc Tamaşaçılar Teatrında quruluş verdiyi tamaşalar

1."Məlik Məmməd" (Ə.Abbasov)

2. "Müfəttiş" (A.Qoqol)

3. "Qaraca qız" (A.Şaiq)

4. "Yaşar" (C.Cabbarlı)

5. "Anacan" (Y.Əzimzadə)

6. "Romeo və Culyetta" (U.Şekspir)

7. "Komsomol poeması" (S.Vurğun)

8. "Əlvida Hindistan" (Q.Rəsulov)

9. "İki həyat" (R.İsmayılov)

 

Zəfər Nemətov 19 noyabr 1971-ci ildə vəfat edib. 1917-də doğulub və 1971-də vəfat edib. Rəqəmlərə diqqət etdinizmi?

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.