İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Qəmər Topuriya Tiflisin Şeytanbazar adlı məhəlləsində anadan olub. Qonşuları azərbaycanlı ailəli olduğuna görə Azərbaycan türkcəsində danışa bilirdi. Rus dilində beş sinif həcmində təhsil alıb. Əsl adı Tamara Vissarionovna Topuriya olan Qəmər xanım milliyyətcə gürcü olub. "Qəmər" onun təxəllüsüdür.
15 avqust 1902-ci ildə dünyaya gələn Qəmər Topuriya uşaqlıqdan qəlbində teatr sevgisini daşıyıb, səhnəyə çıxmasının ikinci ilindən tamaşaların proqramlarında adı belə - soyadsız Qəmər yazılıb. Aktrisalıq fəaliyyətinin dördüncü ilindən həm "Qəmər xanım", həm də "Qəmər Topuriya" imzaları ilə çıxış edib. Bəzi proqramlarda "Şəms Qəmər" kimi təqdim olunub. İlk dəfə dəfə 1917-ci ildə Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" tamaşasında "Qulluqçu" obrazında səhnəyə çıxıb.
O, 1918–1920-ci illərdə Tiflisdə və Bakıda müxtəlif truppaların hazırladıqları tamaşalarda, 1922–1925-ci illərdə Tiflis Dövlət Azərbaycan Teatrında işləyib. 1925-ci ilin əvvəllərində Bakıya dəvət olunan Qəmər Topuriya ömrünün sonunadək Azərbaycan Dram Teatrında aktrisalıq edib.Bəli, gürcü qızının Azərbaycan sevgisi böyük olub.
17 iyun 1943-cü ildə o, "Azərbaycan SSR əməkdar artisti" fəxri adına layiq görülüb.
İfa etdiyi əsas rollar
- "Arşın mal alan", Üzeyir Hacıbəyov — Gülçöhrə və Asya
- "Məşədi İbad", Üzeyir Hacıbəyov — Gülnaz
- "Ər və arvad", Üzeyir Hacıbəyov — Minnət xanım
- "Evliykən subay", Zülfüqar Hacıbəyov — Pərzad
- "Əlli yaşında cavan", Zülfüqar Hacıbəyov — Gülcahan
- "Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov — Mələk xanım
- "Ölülər", Cəlil Məmmədquluzadə — Nazlı və Zeynəb
- "Topal Teymur", Hüseyn Cavid — Olqa
- "Səyavuş", Hüseyn Cavid — Firəngiz
- "Dubrovski", Aleksandr Puşkin — Anna Sovişina və Anna Qlobova
- "Tufan", Aleksandr Ostrovski — Kabanixa
- "Cehizsiz qız", Aleksandr Ostrovski — Oqudalova
- "Günahsız müqəssirlər", Aleksandr Ostrovski — Korinkina
- "Göy quş", Moris Meterlink — Gecə məlaikəsi
- "Məkr və məhəbbət", Fridrix Şiller — Ledi Milford
- "Fiqaronun toyu", Pyer Bomarşe — Qrafinya
Mükafatları
- Azərbaycan SSR əməkdar artisti" fəxri adı
- "Qafqazın müdafiəsinə görə" medalı
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
Qəmər Topuriya uzun sürən xəstəlikdən sonra 3 iyun 1947-ci ildə Bakıda vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(03.06.2026)


