Kənan Məmmədli,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bu il Cannes Film Festival 2026 mayın 12–də start götürüb, hazırda özünün ən qızğın çağını yaşayır, 23 may tarixində isə başa çatacaq. Artıq o, ilin ən çox müzakirə olunan mədəni hadisələrindən birinə çevrilib. Festivalın diqqət mərkəzində müəllif kinosunun güclü qayıdışı, siyasi mövzular, məşhur rejissorların yeni işləri və ənənəvi ulduz parıltısı dayanır.
Bu il münsiflər heyətinin sədri cənubi koreyalı rejissor Park Chan-wook-dur. Onunla birlikdə heyətdə Demi Moore, Chloé Zhao, Stellan Skarsgård və digər tanınmış kino xadimləri yer alır.
Əsas müsabiqə proqramı bu il xüsusilə güclü hesab olunur. Ən çox gözlənilən filmlər arasında bu 4 film favorit hesab edilir:
- “Bitter Christmas” — rejissor Pedro Almodóvar;
- “Coward” — rejissor Lukas Dhont;
- “The Beloved” — baş rolda Javier Bardem;
- “Gentle Monster” — rollarda Léa Seydoux və Catherine Deneuve.
Xüsusilə “Gentle Monster” (Mülayim canavar) filmi tənqidçilərin diqqətini çəkir. Film ailə böhranı və pedofiliya ittihamları kimi ağır və həssas mövzulara toxunur. Bu səbəbdən də artıq mediada geniş müzakirələrə səbəb olub və müsabiqənin ən emosional ağır işlərindən biri sayılır.
Festivalda siyasi mövzuların çəkisi də artıb. Rejissorlar və aktyorlar müharibələr, miqrasiya, demokratiya böhranı və incəsənətin bu proseslərdə rolu barədə açıq şəkildə danışırlar.
Britaniyalı rejissor Ken Loach da yenidən Kannı siyasi mesajlar üçün platformaya çevirib.
Qırmızı xalça və moda da ənənəvi olaraq diqqət mərkəzindədir. Bu il Cate Blanchett, Adam Driver və Demi Moore kimi ulduzların çıxışları xüsusilə müzakirə olunur.
Ümumilikdə, Kann-2026 bir çox tənqidçilər tərəfindən son illərdə striminq platformaları və kommersiya filmlərinin üstünlük təşkil etdiyi dövrdən sonra “böyük müəllif kinosunun qayıdışı” kimi qiymətləndirilir. Burada əsas diqqət kommersiya uğurundan çox rejissorun bədii baxışına yönəlir.
Mövzu festival bitənə qədər diqqətimizdə qalacaq.
“Ədəbiyyat və incəsənət”
(18.05.2026)


