İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Roza Cəfərxanovanın ömrünün sonlarında Nəriman Həsənzadənin “Pompeyin Qafqaza yürüşü” dramında oynadığı Hökmdar qadın obrazı təkcə Naxçıvan yox, ümumilikdə, ölkə səviyyəsində teatr aləmində səs salan bir obraz idi. 70 yaşlı Roza Cəfərxanova səhnədə özündən 30-40 yaş kiçik olanlarla eyni çeviklikdə hərəkət edir, yaşına uyğun olmayan plastika nümayiş etdirirdi...
Azərbaycan Respublikasının xalq artisti Roza Cəfərxanova 23 fevral 1927ci ildə Ordubad rayonunda anadan olub. On dörd yaşından dram dərnəyində çıxış edib. Orta məktəbi bitirdikdən sonra o vaxt Ordubadda yenicə açılmış Dövlət Dram Teatrına (1949-cu ilin əvvəllərində bağlanıb) aktrisa götürülüb.
Bu teatrda Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (Asya), "O olmasın, bu olsun" (Gülnaz), "Ər və arvad" (Minnət xanım) operettalarında, Səməd Vurğunun "Vaqif" (Gülnar), Abdulla Şaiqin "Vətən" (Gözəl) dramlarının tamaşalarında oynayıb.
Roza Heydər qızı Cəfərxanova 1948-ci ilin oktyabrından Naxçıvan teatrında işləyib. Aktrisa iki yüzdən artıq lirik, dramatik və komik rolda səhnəyə çıxıb.
Dram əsərlərinin tamaşalarında Pəri ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Yetər ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Cəvahir ("Nakam qız", Aleksandr Şirvanzadə), Ana ("Astana", Aleksandr Dudarev), Həyat ("Həyat", Mirzə İbrahimov), Pəri, Susanna, Dilbər, Sitarə, Sona, Solmaz, Yaxşı ("Solğun çiçəklər", "Aydın", "Sevil", "Nəsrəddin şah", "1905-ci ildə", "Od gəlini" və "Almaz", Cəfər Cabbarlı) səhnə obrazları aktrisanın daha uğurlu yaradıcılıq işləri sayılır.
Teatrda indi də yaşlı nəslin həvəslə danışdığı bir xatirə var. Hələ 1970-ci illərdə ölkənin rayonlarından birinə qastrola gedən Naxçıvan teatrı tamaşaçılar üçün bir faciə oynayır. Həmin tamaşada Roza xanım əzazil qadın obrazını canlandırır. Tamaşa qurtarandan sonra rayon ictimaiyyəti sənətkarlarla görüşəndə rayonun polis şöbəsinin rəisi Roza xanıma yaxınlaşıb deyir:
-Sizin ifanızda səhnədəki qadınla buradakı qadını müqayisə edəndə çaşdım. Mən tamaşaya baxarkən sizə o qədər nifrət etdim ki, iki dəfə əlimi tabel silahıma atıb sizi elə səhnədəcə güllələmək istəyirdim. Siz böyük sənətkarsınız!.
Əvvəldə qeyd etdiyimiz Nəriman Həsənzadənin “Pompeyin Qafqaza yürüşü” tamaşası Roza xanımın son tamaşasıdır. Bu tamaşa onun teatrdan həmişəlik getməsinə səbəb olur. Belə ki, Roza xanım bu tamaşada uğurlu premyeradan sonra növbəti ifalarda nə qədər çevik hərəkətlər etsə də, yaş özünü göstərirmiş. Yaddaşı sözünə baxmırmış. Bir gün bu tamaşanı növbəti dəfə izləyicilərə təqdim edəndə, səhnədə çaşır və replikanı düz vermir. Tərəf müqabili olan xalq artisti Rza Xudiyevə astadan: “Bahoo, korladım”, - deyir. Təbii ki, peşəkar aktyor olan Rza müəllim vəziyyətdən ustalıqla çıxır. Tamaşaçılar yaranan gərginliyi hiss etmirlər.
Amma budan sonra Roza Cəfərxanova öz böyüklüyünü və tamaşaçı nəzərində sevimli aktrisa nüfuzunu qorumaq üçün ərizə yazıb işdən çıxır. O istəmirdi ki, bir zaman tamaşaçıların sevimlisinə çevrilən aktrisa varlığı qədər sevdiyi səhnədə onların qarşısında pis vəziyyətə düşsün!
Aktrisa 18 may 2010-cu ildə vəfat edib. Bu gün onun anım günüdür.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(18.05.2026)


