Komediya aktyorları həyatda adətən xoşbəxt olmurlar Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Komediya aktyorlarının həyatda adətən xoşbəxt olmamaları qənaətinə mən gəlməmişəm, bunu hansısa məşhur kino xadimi deyibdir. Və məncə, bu deyimə sübut elə Arif Quliyevin taleyi ola bilər. Komediya aktyoru tamaşaçını qəşş edincəyə qədər güldürürdü, amma öz gözlərində dərin kədər yuva salmışdı. Bunu hamı sezirdi...

 

Arif Əli oğlu Quliyev 16 may 1950-ci ildə dünyaya gəlib. Uşaq evində böyüyüb. Üç yaşı olanda anası onu gətirib Mərdəkanda yerləşən uşaq evinin qarşısına qoyub. Arifə isə deyib ki, gedim, sənə peçenye alıb gəlirəm. Axşam saat 8-ə qədər üç yaşlı Arif uşaq evinin qarşısında anasını gözləyib. Uşaq evinin müdiri işdən çıxıb evə gedəndə, qapının qarşısında üç yaşlı uşağı görüb və məsələdən hali olub, onu uşaq evinə aparıb.

Soyadı olmadığına görə onu pionerə keçirmirlər. Hər dəfə onun adı gələndə deyirmişlər ki, sən hələ gözlə. Arif bir kənara çəkilib yeni pionerlərə baxıb ağlayır. Onun Yəhya adlı müəllimi Arifə deyir ki, valideynin adı və familiyası olmadığı üçün onu pionerə keçirə bilmirlər. Arif daha çox ağlayanda, müəllim pis olur. Ona deyir, öz atamın adını və soyadını sənə verirəm. Atamın adı Əlidir, qoy, Əli sənin köməyin olsun. Bundan sonra onu pionerə keçirirlər.

Uşaq evinə başqa uşaqların yanına valideynləri, qohumları gələndə Arif pəncərədən həsrətlə onlara baxırmış. Belə günlərin birində sinif yoldaşından noğul istəyir. Oğlan vermir. Arif otağına gedib, çarpayısına uzanıb iki gün ağlayır. Bir neçə gündən sonra isə Xalq artisti Lütfiyar İmanova dördüncü sinif şagirdi kimi məktub yazıb ondan noğul istəyir.

Bir həftə sonra Lütfiyar İmanov Arifə poçt vasitəsi ilə bir bağlama noğul yollayır. Arif həmin noğulları uşaq evindəki bütün uşaqlara paylayır…

1965-ci ildə Bakı Mədəni-Maarif Texnikumunun "Dram və kino aktyorluğu" fakültəsinə daxil olub. 1968-ci ildə texnikumu bitirərək Mingəçevir Dövlət Dram Teatrına təyinatla göndərilib. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olub. 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət olunub. 1979-cu ildə isə İncəsənət İnstitutunu bitirib.

 İrəvan Dövlət Azərbaycan Dram Teatrında və daha sonra Özəl Satira Teatrında bədii rəhbər kimi fəaliyyət göstərib. Arif Quliyev müxtəlif səpgili və xarakterli rollarda çıxış edib. Azərbaycan Televiziyasında da geniş fəaliyyət göstərib. Şans, “Bığ əhvalatı, “Qaynana, Lift əhvalatı, “Yarımştat, “Evləri köndələn yarkimi teletamaşalarda oynayıb.

Şərbətəli – "Təzə gəlin" (S.Dağlı, C.Cahangirov), Salyanski – "Gözün aydın" (F.Əmirov, M.Əlizadə), Əli – "Qaynana" (M.Şamxalov, Z.Bağırov), Dursun – "Durna" (S.Rüstəmov), Mürsəl – "Gurultulu məhəbbət" (S.Ələsgərov, S.Qədirzadə), İbişov – "Özümüz bilərik" (Ş.Qurbanov, S.Ələsgərov), Dursunov – "Hicran" (S.Rəhman, E.Sabitoğlu), Tofiq – "Ev bizim, sirr bizim" (Ş.Axundova, N.Gəncəli), Hambal – "Məşədi İbad" (Ü.Hacıbəyov), Mirzəqulu – "Durnalar qayıdanda" (Hidayət), Səbzəli – "Məhəbbət, şeytan və ağ ölüm" (M.Haqverdiyev) teatr obrazları onun uğurlu komediya janrında çıxış etdiyi nümunələrdir.

 

Mükafatları

1. Respublika Gənclər mükafatı

2. Əməkdar artist fəxri adı

3. “Humay” mükafatı

4. Milli Dram Teatrına dəvət və Xalq artisti fəxri adı

5. “Qızıl Dərviş” mükafatı

6. “Zirvə” mükafatı

7. Sənətkar medalı

 

Mingəçevir Dövlət Dram Teatrında işləyən vaxt Mərkəzi Komitənin təbirində teatrın çıxışı nəzərdə tutulur. Aktyorlardan biri xəstələndiyi üçün Arif Quliyev səhnəyə tək çıxmalı olur. Gənc aktyorun çıxışı birinci katibin çox xoşuna gəlir. Bu çıxışdan sonra katibin göstərişi ilə Arifə mənzil verilir.

Günlərin birində Arif teatrla birgə Tibb Texnikumunda keçirilən konsertdə iştirak edir. Zalda çıxış edən zaman o, hamı gülsə də, zalda irəli sıralarda əyləşən bir xanımın gülmədiyini görür. Bir müddət əvvəl avtobusda tanış olub, sonradan itirdiyi xanımı tanıyır və onu tapdığına sevinir. Sonra onun haqqında maraqlanır. Və 1977-ci ildə Gülzar adlı həmin xanımla ailə həyatı qurur.

Toy ərəfəsində bir qadın onun yanına gəlib, anası olduğunu deyir. Arif onun dediyi nişanələrə əhəmiyyət vermədən, həmin qadını anası kimi qəbul edib, onunla ünsiyyət qurur, toyuna dəvət edir. Sonrakı illərdə isə özünü Arifin anası hesab edən on doqquz qadın ona müraciət edir. Arif onların hamısını ana kimi qəbul edir, heç birinin xətrinə dəymir.

Sevdiyi qıza elçiliyə getməyə Arifin heç kimi olmadığından işlədiyi Musiqili Komediya Teatrının aktyorları Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Eldəniz Zeynalov, Səyavuş Aslan onun elçiliyi üçün Gülzar xanımgilin evinə gedirlər. Evə girəndə Arif Quliyevin şəkli olan afişanı görürlər.

Onun toy etmək üçün pulu olmadığı üçün özünün yaratdığı Satira Teatrı ilə Qəbələ rayonuna gedir, orda otuz gün çıxış edir, konsertlərdən yığılan pulla özünə toy edir. Toyunun tamadası Eldəniz Rəsulov olur. Gülzar xanımla evlilikdən onların iki oğlu, bir qızı dünyaya gəlir.

Ailə həyatı da Arif Quliyevi xoşbəxt edə bilmir, onun xanımı ağır xəstəliyə - Hepatit C virusuna yoluxur. Uzun müddət xəstəxanada müalicə alan xəstəyə artıq 2-ci qrup əlillik dərəcəsi təyin edilib. Bu haqda açıqlama verən Arif Quliyev heç kimdən kömək istəmir, həyat yoldaşının müalicəsi üçün vəsaiti özü qazanacağını söyləyir.

Sonra oğlu həbs edilir, bu acılar da onu əzir, sonra isə özü ağır xəstəliyə düçar olur…

Arif Quliyev 7 may 2021-ci il tarixində koronavirus infeksiyası səbəbindən vəfat edib. Bakı şəhərindəki “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(16.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.