Kənan Məmmədli,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
“Sosial mediadan” rubrikasında bu gün yenə də növbətçiniz mənəm. Facebook-dan insan ürəyini ağrıdan bir status seçmişəm sizlər üçün. Müəllifi Anar Tağıyevdir. Söhbət SSRİ Xalq artisti Həşim Qadoyevin gedir. Məşhur aktyorun, həm də fəlsəfi kitablar müəllifinin hazırkı durumu ürək ağrıdır. Düşənbədə yaşayan aktyora aidiyyatı qurumlar niyə sahib çıxmırlar, bax bu sual doğurur. Və inanırıq ki, bu statusu daha geniş auditoriyaya yaymaqla orada qaldırılan məsələnin tezliklə öz həllini tapmasına yardımçı olacağıq. Ən azı o, bizim kinoya da tacik kinosu qədər qatqı veribdir.
Kinomuzun "Qazan"ı, ehtiyac üzündən küçədə kitablarını satan SSRİ Xalq artisti Həşim Qadoyevin 89 yaşı tamam olur. Bir neçə filmimizə çəkilsə də onu bizə sevdirən ən məşhur rolu Qazan xan olub.
Aktyor deyir: "Sənətdə Qaqarin idim. Nə sağlamlığımı, nə ayaqlarımı, nə də əllərimi əsirgəmədən özümü yandırdım. Həm teatrda, həm də filmlərdə çox çalışdım. Film çəkilişi zamanı barmaqlarımı qılıncla qırdılar, "Rüstəm və Söhrab" filmində isə qaşımı ox ilə vurdular, sonra tikdilər və barmaqlarımı gipsə qoydular. Bu günə qədər heç bir lüksüm yoxdur. Avtomobilim, hətta adi velosipedim də yoxdur".
Tacikistanın, Azərbaycanın və bir sıra xarici rejissorların 50-dən artıq filmində çəkilib. Onun fəlsəfi düşüncələri "Çərxi qardun" həftəliyində 10 ildən artıq çap olunub. Həşim Qadoyev 11 kitabın - "Rozho", "Asso", "Tanho", "Əndişaho", "Mən!?", "Kunc", "Kometalar", "Donbuz", "Ku", "Düşüncələr", "Mənim Söhrabım"ın müəllifidir. Kitabları rekord sayda - 100 cilddən çox nəşr olunub. Aktyor Tacikstanın paytaxtı Düşənbədə yaşayır. Bir müddət əvvəl o, kasıblıqdan əziyyət çəkdiyi üçün öz kitablarını satmağa başlayıb. Onun küçələrdə kitab satması barədə xəbərləri ictimaiyyət arasında böyük səs-küyə səbəb olub. Pərəstişkarları onunla görüş keçirərək maddi yardım göstərirlər. Amma bu, dəryada damladır.
1979-cu ildə Tacikistanın Xalq artisti, 1988-cu ildə SSRİ xalq artisti fəxri adlarını layiq görülüb.
Aktyor ahıl yaşında ona qarşı olan diqqətsizlikdən şikayət edərək deyir: "Bütün yetkin həyatımı teatr və kinoya həsr etdim. Tacik sənətinin şöhrəti üçün gecə-gündüz çalışdım. Hələ də daha çox işləmək üçün güc və enerjim var. Lakin dayandırıldım. Mənə dedilər ki, dincəlməyin vaxtı gəldi. Bu gün - mən quruya düşmüş balıq kimiyəm. Bütün gücümlə suya çatmağa çalışıram - amma bacarmıram. Heç kim mənə kömək etmir. Hər il yalnız ad günüm ərəfəsində məni xatırlayırlar, tələsik təriflər yazır, rollarımı göstərir, nə qədər böyük sənətkar olduğumu söyləyirlər. Vəssalam".
“Ədəbiyyat və incəsənət”
(12.05.2026)


