Türkiyədə Azərbaycan Kinosu Günlərinə başlanılıb

Türkiyədə təşkil olunan Azərbaycan Kinosu Günləri çərçivəsində silsilə tədbirlər başlayıb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə AzərTAC-a Azərbaycan Respublikası Kino Agentliyindən (ARKA) məlumat verilib.

Bildirib ki, layihə Mədəniyyət Nazirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, ARKA və Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin birgə əməkdaşlığı ilə ərsəyə gəlib.

Kino günlərinin açılış mərasimi və ilk film nümayişi Ege Universitetində reallaşıb. Açılışda tamaşaçılara yeni Azərbaycan filmi olan “Nargin: Sonadək sirli” təqdim edilib. Bədii-sənədli ekran əsəri Azərbaycan tarixinin mühüm, lakin az öyrənilmiş səhifələrindən birinə işıq salır.

Filmdə xüsusilə Birinci Dünya müharibəsi dövründə Bakı yaxınlığında – Xəzər dənizindəki Nargin adasında baş verən hadisələr və orada saxlanılan Osmanlı əsirlərinin ağır yaşam şəraiti əks olunur. Ekran əsəri Azərbaycan türklərinin ən çətin tarixi dönəmlərdə belə türk qardaşlarına kömək etmək üçün nümayiş etdirdikləri fədakarlığı ön plana çəkərək, dostluq və qardaşlıq tellərinin ən ağır sınaqlardan güclənərək çıxdığını xüsusi vurğulayır.

Proqram çərçivəsində "Buta", "Cənnət yuxusu" və "Zəfər rəqsi" filmləri də nümayiş olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(06.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.