Sən yaxşı qızsan, Gülnar... Featured

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

“Sən yaxşı qızsan, Gülnar...” - bu sözlər hər birimizin xatirində dərin iz salan “Səni axtarıram” tamaşasındandır. Həmin tamaşa ki, tərəf müqabili Yaşar Nuri ilə birgə Firəngiz Mütəllimovanı bir gecənin içərisində məşhur etdi, onlara minlərlə tamaşaçı sevgisi qazandırdı.

Bu sevgi bəlkə də Firəngiz xanıma şəxsi həyatını qurmaqda da mane oldu. Amma sənətə, teatra, səhnəyə olan sevgisinə hər gün bir az güc, qüvvət verdi...

 

Firəngiz Bəhər qızı Mütəllimova 1 may 1959-cu ildə Ağcabədi rayonunda doğulub. Ancaq əslən Şuşalıdır. 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub və 1980-ci ildə oranı bitirib. Həmin il Azərbaycan Akademik Milli Dram Teatrına aktrisa götürülüb. Elə ilk gündən ona məsul rollar tapşırılıb və istedadının dəyərli çalarları üzə çıxıb.

Teatrda səmərəli fəaliyyət göstərən Firəngiz Mütəllimova paralel olaraq televiziya tamaşalarında da iştirak edib. Üçillik fasilədən sonra aktrisa 1996-cı ildən yenidən Akademik teatrın truppasına qəbul olunub. Qısa müddətdə repertuardakı tamaşaların bir neçəsinə daxil edilib, təzə əsərlərdə rollar oynayıb.

Gözəl ("Qılınc və qələm", Məmməd Səid Ordubadi), Qumral ("Əliqulu evlənir", Sabit Rəhman), Bəyim ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev), Aynur ("Büllur sarayda", İlyas Əfəndiyev), Mələk ("Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), Gülnaz ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev), Gülruh ("Şeyx Xiyabani", İlyas Əfəndiyev), Gülnaz ("Tənha iydə ağacı", İlyas Əfəndiyev), Azadə xanım ("Dəlilər və ağıllılar", İlyas Əfəndiyev) və s.

Firəngiz Mütəllimova Azərbaycan Dövlət Televiziyasında hazırlanan iyirmidən çox teletamaşada müxtəlif səpkili rollar ifa edib. Onlardan Gülnar ("Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz", Aslan Qəhrəmanov), Mərcan ("Evləri köndələn yar", Anar), Ana və qız ("Unutmaq olmur"), Nazan ("Yad qızı", Orxan Kamal), Almaz ("Topal Teymur", Hüseyn Cavid), Almaz ("Göz həkimi", İslam Səfərli), Günay ("Səninlə və sənsiz", Marat Haqverdiyev), və s. rolların bədii estetik keyfiyyətlərini xüsusi qeyd etmək olar.

Aktrisa "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmiş "Qaçaq Nəbi" (Sərvinaz), "Qocalar, qocalar" (Leyli), "Bəyin oğurlanması" (Telli), "İşarəni dənizdən gözləyin" (Sona), bədii filmlərində, "Mənim ağ şəhərim" (Ana), "Şərəf" (Mila xanım) telefilmlərində aparıcı rollar oynayıb.

Firəngiz Bəhər qızı Mütəllimovaya 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti, 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti və 2000-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adları verilib. ADMİU-nun dosentidir.

9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə və 9 may 2018-ci ildə Prezident Mükafatına layiq görülüb. 2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb. 10 may 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq  görülüb.

 

Filmoqrafiya

1. Acılar bitməz

2. Bacanaqlar

3. Bayram axşamı

4. Bağışla

5. Bəyaz həyat

6. Bəyin oğurlanması

7. Diplom işi

8. Evləri göydələn yar

9. Evləri köndələn yar

10. Göz həkimi

11. Qala

12. Qanlı zəmi

13. Yad qızı

14. Yağışdan sonra

15. Səni axtarıram

 

 

Samirə Əşrəflə müsahibəsindən bəzi fraqmentlərə nəzər salaq:

-Firəngiz xanım, müxtəlif erkən yaş səhvlərinə daha kamil yaşlarda gülmək nəyin əlamətidir? Təcrübə, ya həyat insanı tədricən gülməyə vadar edir?

-Həyat, təcrübə insanı məcbur edir, döyə-döyə öyrədir. Sonradan fikirləşirsən ki, ilahi nəyəsə və yaxud da kiməsə görə o qədər göz yaşlarına dəyərdimi? Cavabı da elə tanrı yox, insan özü verir ki, dəyməzdi.

-Çoxsaylı teatr və televiziya tamaşalarınız olub. İndi onları izləyəndə aktrisalıqdan əlavə, həm də bir peşəkar tamaşaçı kimi hansı hisləri keçirirsiniz?

-Hərdən olur ki, fikirləşirəm filan tamaşada bunu belə etsəydim, daha yaxşı olardı. Və yaxud da etməsəydim. Amma elə rollarım da var ki, düşünürəm ki, onlara heç bir əmma qoymaq lazım deyil. Korlana bilər. Elə necə varsa, elə də yaxşıdır.

Onu da deyim ki, hər yaşın da öz təcrübəsi var. Bu sənətdə də belədir. Sənətdə atdığın ilk addımlarda rollarını necə ifa etmisənsə, elə də qalsa, daha yaxşıdır. Sadəcə elə rollar olub ki, ürəyimcə olmayıb, amma məcbur olub ifa etmişəm.

-Bəs rejissorlarla iş prosesi məsələsində necə, o dövrün rejissorları ilə bu dövrkülər arasında fərq var?

-Yox, mənə görə fərq yoxdur. İş elə gətirib ki, mən bir çox rejissorlarla işləmişəm. Rəhmətlik Mehdi Məmmədov, daha sonra məni əlimdən tutub teatra gətirən rəhmətlik Əşrəf Quliyev, Hüseynağa Atakişiyev, Oruc Qurbanov, sağ qalanlardan Mərahim Fərzəlibəyov, Bəhram Osmanov, Azər Paşa Nemətov və.s rejissorlarla iş birliyimiz olub. Yəni elə bir rejissor yoxdur ki, onunla işləməmiş olum.

Bu da aktrisa üçün böyük xoşbəxtlikdir. Əlbəttə ki, hər bir rejissorun öz iş prinsipi var. Elə rejissor var ki, onunla işləmək daha asandır. Onun səndən nə istədiyini tez qavrayırsan. Elə rejissor da var ki, fikirlərini bir az gec çatdırır. Onda yük, təbii ki, aktyorun çiyninə düşür. Gərək aktyor özü axtara, tapa. Bütün bunlar həm də iş üslubunun gedişatından asılıdır.

-İlyas Əfəndiyevin bir çox əsərlərində iştirak etmisiniz.

-Bəli. Onun hardasa yeddi, səkkiz əsərində rolum olub. Elə Elçin müəllimin də xeyli əsərlərində iştirak etmişəm. Özü də baxmayaraq ki, Elçin müəllim İlyas Əfəndiyev kimi böyük dramaturqun oğludur, onların sənətkarlığı arasında xeyli fərqlər var. Elçin müəllimin əsərləri daha fəlsəfidir. Əsərə, obraza vardıqca daha da dərinlərə gedirsən.

Və maraqlı olan budur ki, bu gediş bitmək bilmir. Bu da aktyor üçün çox yaxşı iş prosesidir. Hər aktyor da Elçin müəllimin aktyordan nə istədiyini dərk edə bilmir. Mən Elçin müəllimin “Şekspir” əsərini öz tələbələrimlə birgə hazırladım. Tamam başqa aləmə düşmüşdüm. İlyas müəllim də isə sırf vətənpərvərlik, nakam sevgilər mövzusu qabarıq idi.

Fikir vermisinizsə, onun əsərlərində sevən sevdiyinə heç vaxt qovuşmur…

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.