İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Əməkdar artist Xanlar Muradovu xatırlayaq. Bu gün onun doğum günüdür.
Xüsusən, sumqayıtlılara o yaxşı tanışdır. Sumqayıt hələ yeni tikilən illərdə - şəhər statusu almayanda o bu şəhərdə doğulub, Sumqayıt tetarına və sonra da muzkomediyaya ömrünü-gününü qoyub. Onu Bəşir Səfəroğluya bənzədirdilər. Amma yaradıcılıq ömrü hamar olmadı, çox parlamaq ona qismət olmadı…
Azərbaycan Respublikasının Əməkdar artisti, özünəməxsus ifa tərzi və koloritli yumor hissi ilə tamaşaçıların yaddaşında iz qoyan Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru 30 aprel 1946-cı ildə Sumqayıtda anadan olub. Əmək fəaliyyətinə H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında başlayıb. Teatrda ilk rolu Ə. Haqverdiyevin "Müsibəti Fəxrəddin" tamaşasında Qurban rolu olub.
Bu teatrda o 50-yə yaxın rol ifa edib. 1975-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyor işləyib. O, teatrda işlədiyi müddətdə Danabaş kəndinin əhvalatları – Xudayar bəy, Qızıl toy – Rəhim, Subaylarınızdan görəsiniz – Seyfi, Səhnədə məhəbbət – milyonçu, Məhəbbət oyunun – Daşdəmirov, Nəğməli Könül – Fərrux kimi əksər tamaşalarda rollar oynayıb.
Xanlar Muradov Azərbaycan teatrında öz yeri, öz çəkisi olan aktyorlardan biri olub. Onun özünəməxsus ifasını Musiqili Teatrın sadiq tamaşaçıları indinin özündə də çox yaxşı xatırlayır. 1975-ci ildən dünyasının dəyişdiyi 2005-ci ilə qədər - düz 30 il Azərbaycan Dövlət Musiqili Teatrında fəaliyyət göstərib.
Bir-birindən maraqlı obrazlar canlandırıb. Teatr sahəsindəki xidmətlərinə görə 2000-ci ildə Əməkdar artist adına layiq görülüb.
Sumqayıt teatrında ifa etdiyi rollar:
- Şeyda (“Toy”, Sabit Rəhman)
- Qurban(“Müsibəti-Fəxrəddin”, Nəcəf bəy Vəzirov)
- Axund (“Solğun çiçəklər”, Cəfər Cabbarlı)
- Sırodovey (“Tribunal”, Aleksandr Makoyonok)
- Yaqub (“Həmyerlilər”, Altay Məmmədov)
- Silvester (“Skapenin kələkləri”, Jan Batist Molyer)
- Bədurətdin (“Bu meydan, bu şeytan”, Firudin Aşurov)
- Qələndərov (“Gülməyən adam”, Əfqan Əsgərov)
- Şair (“Paralelimin nəbzi”, Ramiz Heydər)
Azərbaycan Dövlət Musiqili Teatrında ifa etdiyi rollar:
- Hilal (“Durna”, Süleyman Rüstəm, Səid Rüstəmov)
- Molla Musa (“Boşanaq, evlənərik”, Əliağa Kürçaylı, Vasif Adıgözəlov)
- Bəbirli (“Özümüz bilərik”, Şıxəli Qurbanov, Süleyman Ələsgərov)
- Qulam (“Həyətim mənim, həyatım mənim”, Cahagir Məmmədov, Əşrəf Abbasov)
- Bilal (“Qız görüşə tələsir”, Adil Babayev, Tofiq Bakıxanov, Nəriman Məmmədov)
- Rəhim kişi (“Qızıl toy”, Ramiz Heydər, Oqtay Kazimi)
- Vəli (“Məzəli əhvalat”, Ruhəngiz Qasımova)
Filmoqrafiya
- Şir evdən getdi
- Od içində
- Evləri köndələn yar
- Topal Teymur
- Bəxtəvər
Lalə Azəri sənətkarın qızı Aygün Muradovadan atası ilə bağlı xatirələrini alarkən qızı söyləyib: “Ailəmiz kiçik idi. Atam, anam, qardaşım və mən. Atam ailəsinə bağlı, qayğıkeş, mehriban idi. Çox mülayim xarakteri vardı. Qohum-qonşuya qarşı hədsiz mehriban olardı. Sənətinə çox bağlı idi. Bəzən rollarını onunla birlikdə məşq edərdik. Onun sənətinə olan sevgisinə heyrətlə yanaşırdım. Bəlkə elə bu səbəbdən də İncəsənət Universitetinin Mədəni-maarif fakültəsində təhsil aldım.
Tez-tez ailəliklə tamaşalarının premyerasına gedirdik. Anam atamı çox sevirdi və sənətinə hörmətlə yanaşırdı. Obrazlarına birinci anamdan rəy istəyirdi. Zarafatla deyərdi ki, Tamam xanım bəyəndisə, demək, tamaşaçılar tərəfindən də bəyəniləcək.
Atamın sənət dostlarından Siyavuş Aslan, Afaq Bəşiqızı, Kübra Əliyeva, Arif Quliyev, Yaşar Nuri, Ofeliya Məmmədzadə bizə qonaq gələrdilər. Qardaşım deyir ki, bəzən mənə işdə elə Xanların oğlu deyə müraciət edirlər. Nəvələri də babalarını tez-tez yad edirlər. Beş nəvəsi var…”
Xanlar Muradov 2005-ci il fevral ayının 5-də Bakıda vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(30.04.2026)


