“Əgər bizə damdan yerə yıxılmağı əmr etsəydilər, biz yalnız "Nə vaxt?" soruşardıq...” Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

 

-Bəs dəyərdimi bu qədər əziyyətə? Axı artistlərin maaşı həmişə qəpik-quruş olub?

Y.B. - Bilirsiniz, bizi heç kəs aldatmayıb. Bizə bəri başdan demişdilər ki, teatrda pul yoxdur. Demişdilər ki, böyük pullar qazanmaq istəyirsinizsə, başqa sahəyə gedin. Bizdən soruşanda ki, aclığa hazırsan, biz deyirdik: "Hə". Bizdən soruşanda ki, soyuğa hazırsan, biz yenə "hə" cavab verirdik.

-Axı bir insan ömrü üçün bu mənəvi işgəncələr lazım idimi?

N.B - Bu, işgəncə deyildi, bu, həyatın özü idi. Biz əsgərlərdən də tez geyinib soyunmağı öyrənməliydik. Əgər bizə damdan yerə yıxılmağı əmr etsəydilər, biz yalnız "Nə vaxt?" soruşardıq.

Bu, Yuri və Natalya Balıyevlərin müsahibəsindəndir.

 

Yuri Baliyev 23 aprel 1949-cu ildə Dağıstanda anadan olub. O, 1975-ci ildə F. Volkov adına Yaroslavl Teatr Məktəbinin aktyorluq fakültəsini bitirib. Həmin ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktyor truppasına qəbul edilən Yuri Baliyev ömrünün sonuna kimi taleyini bu sənət ocağı ilə bağlayıb. Tanınan sənətçi doğma teatrın səhnəsində və kinoda yaddaqalan, maraqlı, rəngarəng obrazlar qalereyası yaradıb.

Onun böyük ustalıqla ifa etdiyi Qraf Qloster (U. Şekspir "Kral Lir"), Roqojin (F. Dostoyevski "Əbləh"), Şamrayev, Smirnov (A. Çexov "Qağayı", "Ayı"), Kapitan Bernardo (L.de Veqa "Nə yardan doyur, nə əldən qoyur"), Koşon (J. Anuy "Torağay"), Semyon (İ. Babel "Qürub"), Marko (A. Miller "Körpüdən mənzərə"), Bertye (F. Brukner "I Napoleon"), Çingizxan (M. Şaxanov "Çingizxanın sirri") və başqa obrazlar teatr tarixinin parlaq səhifələrini təşkil edir.

Yuri Baliyev bundan başqa bir neçə filmlərdə çəkilib. "Ovsunçu", "Babək", "Salandar", "Tehran-43" və s. kimi filmlərdə aktyor maraqlı, yadda qalan rollar oynayıb. 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 2006-cı ildən Prezident təqaüdçüsü olub.

 

Filmoqrafiya

1. Babək

2. Nigarançılıq

3. Küçələrə su səpmişəm

4. Arxada qalmış gələcək

5. "Moskva - Bakı" qatarı

6. Qafqaz

7. Qala

8. Yaddaş

9. Aktrisa

10. Qanlı Yanvar

 

Əsl aktyor məktəbi keçmiş cütlüyün - Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru, xalq artisti Yuri Baliyev və onun ömür-gün yoldaşı, əməkdar artist Natalya Baliyevanın tələbəlik illəri heç də şirin olmayıb. Özlərini böyük sənətə hazırlayarkən çox çalışmalı olublar. Bir şey də aydınlaşdı ki, hər kəs öz sahəsində onların keçdiyi məktəbi keçsəydi, sıravi aktyor yox, sözün gerçək mənasında peşəkar olardı. Sənətə münasibətlərini isə müsahibələrində ortaya qoyublar hər zaman.

-Azərbaycan Dövlət Rus Dram Teatrına necə gəldiniz?

N.B. - Bizim teatra gəlişimiz lazımi vaxtda və saatda baş tutdu. Biz teatra gələn yeni nəslin nümayəndələriyik. Və mənim bugünkü teatra gələn nəslə yazığım gəlir, çünki onların lazım olan "alətləri" yoxdur. Əlbəttə ki, mən doğru diksiyanı və səhnə hərəkətlərini nəzərdə tuturam. Onlar rollara doğru yanaşmalıdırlar. Bu gün mən gənclərə dərs deyirəm və əfsus ki, bir çox gənclərimiz bataqlıq üstündə oturublar və ordan necə çıxacaqlarını bilmirlər…

Yuri 27 mart 2018-ci ildə uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. Aktyorla vida mərasimi Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında keçirilib, İkinci Fəxri xiyabanda dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(23.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.