Azərbaycan muğamlarının tarixini də ilk dəfə yazan şəxs Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Ondan başlayaq ki, Cəlil Bağdadbəyov Azərbaycan muğamlarının tarixini ilk dəfə yazan şəxsdir. O, Hacı Hüsü, Məşədi İsi, Dəli İsmayıl bəy, Mir Möhsün Nəvvab, Bağban Əkbər, Məcid Behbudov və başqaları haqqında ilk yazılı məlumatların da müəllifidir. Amma tək bunlarmı? Xeyr. Bu şəxsin yaradıcılıq palitrası çox rəngarəng olubdur.

O, Azərbaycan SSR xalq yazıçısı İlyas Əfəndiyevin dost-doğmaca dayısıdır.

 

Cəlil Bağdadbəyov 1887-ci ildə Şuşada anadan olub. O, ilk təhsilini buradakı mütərəqqi məktəbdə alıb, daha sonra isə Sankt-Peterburq gimnaziyasında oxuyub. 1904-cü ildə Bakıya qayıdıqdan sonra müxtəlif neft mədənlərində dəftərxana işlərində çalışıb. O, sonralar Azərbaycan Dövlət Teatr Texnikumunda da təhsil alıb, buranı bitirdikdən sonra Moskvada teatr təhsilini davam etdirib.

Cəlil Bağdadbəyov peşəkar teatr təhsili alıb, Moskvada Yevgeni Vaxtanqovun tələbəsi olub, Konstantin Stanislavskidən teatr biliklərini mənimsəyib. Bununla yanaşı o, ərəb, fars, fransız, rus, habelə Orta Asiya xalqlarının dillərini öyrənib. Teatr sənətini təşkil və inkişaf etdirmək məqsədilə Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə 1920-ci illərin ikinci yarısından 1930-cu ilin ortalarına qədər Mərkəzi Asiyaya ezam olunub

Bakıya qayıtdıqdan sonra o, Azərbaycan Dövlət Teatr Texnikumunda müəllim kimi fəaliyyətə başlayıb. Cəlil Bağdadbəyov Böyük Vətən müharibəsi illərində mədəniyyət xadimləri ilə birgə İrandakı Qızıl Ordunun tərkibində olmuşdur. Müharibədən sonrakı illərdə o, quruluşçu rejissor kimi müxtəlif teatrlarda öz fəaliyyətini davam etdirib, Bakıda Konsert Birliyinin, Cəfər Cabbarlı adına Teatrın direktoru vəzifələrində çalışıb, Teatr İnstitutunda "Müxtəlif dövrlərdə xalqların incəsənət tarixi" mövzusunda mühazirələr oxuyub.

Cəlil Bağdadbəyov 1907-ci ildə "Nicat" cəmiyyətinin teatr truppasına aktyor götürülüb, burada, həmçinin "Səfa" teatr truppalarında, Hüseynqulu Sarabskinin rəhbərlik etdiyi "Müsəlman opera artistləri" dəstəsində, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti"ndə aktyorluq fəaliyyəti göstərib.  C. Bağdadbəyov rejissorluq fəaliyyətinə 1920-ci ildə Bibiheybət və Balaxanı teatr klublarında başlayıb. O, eyni zamanda Ağdaş, Lənkəran, Nuxa və Şuşada fəaliyyət göstərən teatrlarda rejissor kimi çalışıb.

1920-ci ildə Milli Dram Teatrının truppasına götürülən aktyor 1922-ci ilin sentyabrından 1924-cü ilin axırlarına qədər Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında da işləyib. O, 1929-cu ildə Aşqabadda musiqi texnikumunda dram kurslarına rəhbərlik etmiş, türkmən dram truppasını yaratmış, Aşqabad teatrı üçün "Aulda radio" pyesini yazıb. Tacik dilində təbliğat xarakterli "Tacik qızı", "Komsomol və nişan" dramlarını qələmə alıb.

1938–1948-ci illərdə Şamaxı, Şuşa, Salyan, Ağdaş, Zaqatala, Qaryagin, Ağdam, Şamxor, Naxçıvan, Ordubad şəhərlərinin dram dərnəklərinə və dövlət teatrlarına yaradıcılıq fəaliyyəti göstərib. O, oralarda həm aktyor, həm də rejissor kimi çıxış edib, tamaşalar hazırlayıb, rollar oynayıb. Cəlil Bağdadbəyov bir sıra pyeslərin müəllifi olub. Onun "Buxaranın əmiri", "Parlayan ulduzlar" və başqa pyesləri Düşənbə, Səmərqənd, Daşkənd, Kokand, Aşqabad və digər şəhərlərdəki teatrlarda səhnəyə qoyulub.

 "Xanlar" pyesi üzərində işləyən Cəlil bəy bu pyes əsasında film çəkməyi planlaşdırsa da, bu, Böyük Vətən müharibəsinin başlaması səbəbilə baş tutmayıb. Cəlil Bağdadbəyov etnoqraf kimi də fəaliyyət göstərib. Onun "Nişan", "Paltarbiçmə", "Toy", "Duvaqqapma", "Kənd toyları" kimi yazılarında Azərbaycan xalqının adət-ənənələrindən bəhs olunur.

 

Təltifləri və mükafatları

- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

 

İfa etdiyi rollar

Müxtəlif truppalarda və dövlət teatrında oynadığı əsas rollar

- "Yağışdan çıxdıq, yağmura düşdük", Nəcəf bəy Vəzirov — Hacı Qənbər

- "Keçmişdə qaçaqlar", Nəcəf bəy Vəzirov — Camal bəy

- "Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev — Dərviş

- "Dağılan tifaq", Əbdürrəhim bəy Haqverdiyev — Nəcəf bəy

 

Opera və operetta tamaşalarında oynadığı rollar

- "Əsli və Kərəm", Üzeyir Hacıbəyov — Əsli və Şeyx Nuran

- "Şah Abbas və Xurşid Banu", Üzeyir Hacıbəyov — Xurşid banu

- "Məşədi İbad", Üzeyir Hacıbəyov — Sərvər

- "Arşın mal alan", Üzeyir Hacıbəyov — Süleyman və Əsgər

 

Cəlil Bağdadbəyov 21 aprel 1951-ci ildə, 64 yaşında Bakı şəhərində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.