İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
“Mənimbəxtimondagətirdiki, rejissorYavərRzayevkimisənətkardankinonunsirlərini öyrənə bildim, ƏməkdarartistQurban İsmayılovlaeynifilmlərdə çəkildim. Buikiinsanmənim üçünməktəbdir”, - deyir aktyor CavanşirHadıyev.
Əlbət ki, doğum günündə ondan danışmağa borcluyuq.
Cavanşir Hadıyev 1969-cu il aprelin 18-də Bakı şəhərində anadan olub. Orta təhsilini 126 nömrəli məktəbdə alıb. 1986-cı ildə Moskvada yerləşən Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna (ÜDKİ) tanınmış rus aktyoru və rejissoru Aleksey Batalovun teatr və kino aktyorluğu ixtisası sinifinə qəbul olunub.
1990-cı ildə təhsilini başa çatdırıb Azərbaycana qayıdıb. Bakıya gəldikdən sonra Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında və “Yuğ” teatrlarında çalışmağa başlayıb. Daha sonra teatrdan ayrılaraq Müdafiə Nazirliyinin sənədli filmlər studiyasında hərbi rejissor kimi fəaliyyətini davam etdirib.
2000-ci ildə “Lider” televiziyasına dublyaj rejissoru kimi dəvət olunub. Cavanşir Hadıyev 30-a yaxın filmdə obrazlar canlandırıb. O, ilk dəfə 1991-ci ildə Mozalan kinojurnalının 162-ci buraxılışında "Adi əhvalat" qısa komediyasında çəkilib. 1993-cü ildə ekran üzü görən "Fəryad" filmində rol alıb.
Aktyorun sənət ulduzu 2010-cu ildən parlamağa başlayır. Vaxtilə Moskvada kurs yoldaşı olan Elxan Cəfərov onu “Dolu” filminə dəvət edir. Filmin uğurunda onun da payı olur. Aktyor deyir ki, “Dolu” filmi sonra onun yeni nailiyyətlərinə stimul verir. Filmin təqdimatı ərəfəsində türkiyəli rejissor Mehmet Ulukan onu “Qaranlıqlar çiçəyi” adlı serialına dəvət edir. Cavanşir Hadıyev teleserialda Xalq artisti Rasim Balayev, Əməkdar artist Abbas Qəhrəmanovla birlikdə çəkilir. Bu rolu da ona uğur gətirir.
Bundan sonra yeni dəvətlər gəlir. Ardınca aktyor Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Bakı, mən səni sevirəm” layihəsində Yeqor Konçalovskidən dəvət alır və baş rollardan birinə çəkilir. Beləcə, filmlər bir-birini əvəz edir. Xüsusilə xarici rejissorlar aktyorla əməkdaşlığa can atırlar. “Caspian Qlobal” şirkətinin istehsal etdiyi “Çaqqal nəfəsi” serialında iranlı rejissor Babək Şirinsifət əsas rollardan birini Cavanşirə həvalə edir.
Daha sonra rejissor Eldar Quliyevin "Dərvişin qeydləri" tarixi detektiv filmində, 2015-ci ildə rejissor Yavər Rzayevin "Xeyirlə şərin rəqsi" filmində, 2016-cı ildə rejissor Emil Abdullayevin "Axırıncı yol" filmində, 2017-ci ildə rejissor Kənan MM tərəfindən çəkilən "Gecə qonağı 2" filmində, 2017-ci ildə tanınan fransız "Büro" teleserialında epizodik rollarda və 2019-cu ildə bir hind filmində rol alıb.
2024-cü ildə "Vidaamuyarçı" ("Əzm"; 2025) döyüş filmində rol alıb. Cavanşir Hadıyev “Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyası”nın rəhbəridir. 2018-ci il avqustun 1-də Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında” sərəncamı ilə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.
2024-cü ildə Vyetnam Kino Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində Vyetnam-Azərbaycan kino əlaqələrinin gücləndirilməsi məqsədilə ilk dəfə olaraq, Azərbaycan kino heyətinin nümayəndələri, Azərbaycan Kinematoqrafçılar İttifaqının təmsilçiləri Əməkdar artist, aktrisa Gülzar Qurbanova və Əməkdar artist, aktyor Cavanşir Hadıyev Vyetnam Sosialist Respublikasınında 9-14 sentyabr tarixlərində Vyetnam kinoassosiyasının təşkil etdiyi "Qızıl Çərpələng 2024" mükafat mərasimində rəsmi səfərdə olublar.
Filmoqrafiya
- Adi əhvalat, Mozalan (qısametrajlı film, 1991)
- Fəryad (film, 1993)
- Dolu (film, 2012)
- Sirr (serial, 2012)
- Qaranlıqlar çiçəyi (teleserial, 2011)
- Dərvişin qeydləri (film, 2013)
- Çaqqal nəfəsi (film, 2013)
- Gil (film, 2013)
- Qisas (teleserial, 2014)
- Bakı, mən səni seivirəm! (film, 2015)
Hə, bir də, Cavanşir Hadıyev uzun fasilədən sonra kinoya qayıdanda, bildirirdi ki, sanki kinonun içində doğulub və bu sənəti heç vaxt tərk etməyib: “Uzun zaman idi ki, çəkiliş prosesinə qatılmadığıma görə bir qədər ehtiyat edirdim. Amma kamera ilə işləməkdə heç bir problemim olmadı”.
“Yenidən teatra dəvət alsanız, qəbul edərsinizmi” sualına isə “Xeyr, mən kinonu çox sevirəm və özümü kino aktyoru hesab edirəm. İnanıram ki, kino necə öz qollarını açaraq məni qəbul edibsə, bundan sonra da sənətin bu sahəsində olacağam”, - deyə cavab verib.
“Ədəbiyyat və incəsənət”
(18.04.2026)


