Ehtiyac, iztirab, göz yaşı... Sonradansa amansız təqiblər və intihar Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Milli səhnəmizin ilk peşəkar aktrisalarından olan, yüksək səhnə mədəniyyəti örnək sayılan, zəngin dünyagörüşlü, geniş mütaliəli ziyalı, ciddi xarakterli ifaçısı FatmaQədri özgündəliklərində yazırdı: “37-ciildə məniişdən çıxardılar, heç kimqorxusundansalamımı almırdı, hansı tanışıma, dostumarastgəlirdimsə, üzünü yana çevirirdi. Ancaqbirgünküçədə Mirzə İbrahimovlarastlaşdım. O, məniyanına çağırdı, halımı soruşdu, vəziyyəti öyrənəndənsonraköməkəliniuzatdı, beləliklə Dramteatrınaqayıtdım...

 

Fatma xanım Qədir qızı 14 aprel 1907-ci ildə Rusiya imperiyasının qərbində - Ukraynanın Odessa şəhərində doğulub. Rus dilində təhsil alıb və yeniyetmə yaşlarından ailəsi Bakıya köçən Fatma xanım Azərbaycan Teatr Texnikumunun ilk buraxılışında aktyor diplomu alıb.

Fatma Qədir qızı Azərbaycan Pedaqoji İnstitutunu bitirib. Səhnə fəaliyyətinə 1926-cı ildə Bakı Türk İşçi Teatrında başlayıb, burada Nübar ("Cancur Səməd", M. Əfəndiyev; J. B. Molyerin "Zorən xəstə" əsərinin təbdili), Sürucuin ("Hind qızı", Ə. Hamid), Oa-Şen ("Çin tanrısı", F. Pavlovun "Tunc büt" əsəri üzrə), Gülüş və Sevil ("Sevil", C. Cabbarlı), Xumar ("Şeyx Sənan", H. Cavid) kimi səhnə obrazları ifa edib.

1932–1935-ci illərdə Bakı Rus Dram Teatrının aktrisası olmuş, 1936-cı ildən Azərbaycan Milli Dram Teatrında işləyib. Əsas rolları: Maşa ("Dubrovski", A. S. Puşkin), Xuraman ("Vaqif", S. Vurğun), Cülyetta, Emiliya ("Romeo və Cülyetta", "Otello", U. Şekspir), Luiza ("Məkr və məhəbbət", F. Şiller), Larisa, Katerina ("Cehizsiz qız", "Tufan", A. Ostrovski), Polina ("Ögey ana", O. Balzak), Gültəkin ("Aydın", C. Cabbarlı), Məhəbbət ("Məhəbbət", M. İbrahimov). 1933-cü ildən pedaqoji fəaliyyət göstərib.

Fatma Qədri barədə danışırıqsa onun çox ağır bir həyat yolu keçdiyini mütləq vurğulamalıyıq. Və qayıdaq uşaqlığına. O, ailələrinin 10-cu qız övladı olaraq dünyaya gəlib. Oğula həsrət bu ailənin 10-cu qız övladı olmaq Fatmanın qara taleyini müəyyənləşdirib. Valideynləri onun adını Artıq qoyublar. Fatmanın ailəsi çörəkpulu ardınca Cənubi Azərbaycanın Sərab şəhərindən bu şəhərə gəlmişdilər. Atası Qədir kişi şəkər zavodunda fəhlə işləyirdi.

Fatmadan sonra daha 3 uşaq dünyaya gətirən bu 13 uşaqlı ailəni dolandırmaq gün-gündən çətinləşir, bir qarın yemək məşəqqətə çevrilirdi. Fatmanın on iki yaşı olsa da, o yoxsulluq ucbatından məktəbə gedə bilmir, yaşıdlarından geri qalırdı. Fatma Qədri sonralar həmin günləri belə xatırlayır: “Gecə-gündüz Allaha yalvarırdım ki, ya tezliklə canımı alsın, ya tezliklə bəxtimi açsın!”

Qızının oxumaq arzusunu hiss edən anası günlərin birində Fatmanın əlindən tutub onu tanıdıqları bir evə gətirir. O, on iki yaşlı qızını bu ailəyə qulluqçuluğa verir. Fatma burada ailənin qulluqçuluğunu edir, ona verilən əməkhaqqını isə məktəb pulu kimi yığıb toplayır. Fatma əvvəlcə mollaxana dərslərinə gedir.

Lakin sonradan o, buradan bezib şəhərdəki Xalq Məktəbinə getməklə rus dilində təhsilə başlayır. Şəhər mühitində açıq havada göstərilən teatr tamaşalarının birini də ötürmür. Bir gün isə valideynləri onu uşaqsız-soysuz olan varlı həştərxanlı qadına övladlığa verirlər. Fatma isə ailəsindən ayrılmaq, başqa mühitdə yaşamaq istəmədiyindən yarı yoldan qaçıb öz kasıb daxmalarına qayıdır. Günlərin bir günü Fatma Odessada çekist işləyən Əhəd Axundzadə ilə qarşılaşır. Axundzadə Fatmaya aşiq olur. Və onu özü ilə Bakıya gətirir. Bununla da Fatmanın həyatı dəyişir. Burada o, özünün Artıq adı ilə vidalaşıb Fatma adını götürür, soyadını isə atasının adını yazdırır.

Axunzadələrin qohumu məşhur opera sənətkarı Şövkət Məmmədova onların evində tez-tez qonaq olurdu. Çox keçmir ki, o, Fatmaya köməklik etməyi öz boynuna götürür. Fatma Şövkət xanımın təşəbbüsü ilə yenicə yaradılmış Bakı Azərbaycan Pedaqoji institutuna daxil olur. O, ailəsindən gizlin həm də Dövlət Teatr Texnikumuna daxil olur. Burada Aleksandr Tuqanovla, Cəfər Cabbarlı ilə tanış olur.

Fatmanın təhsil almasında baldızlarının və qayınlarının rolu çox böyük olur. Ailə və həyat yoldaşı onun təhsil almasını dəstəkləyir, ancaq onun aktrisa olmasını qəti şəkildə istəmirlər. Bir müddət sonra Axundzadə ilə Fatma arasında soyuqluq yaranır. Dörd ildən sonra isə cütlük yollarını ayırır. Fatma ərindən boşandıqdan sonra 1926-cı ildə Teatr texnikumunu müvəffəqiyyətlə bitirib aktyor diplomu ilə Türk İşçi Teatrına işə göndərilir. Səhnə fəaliyyətinə Mirzə Cəlilin “Anamın kitabı” dramında gənc Gülbahar rolunu ifa etməklə başlayır. Hər iki dildə mükəmməl sənət nümunələri yaratmaqla bir sıra bədii xarakterlərin daha da dolğun təcəssümünə nail olur.

Fatma Qədri 1932-ci ilədək Türk İşçi Teatrında çalışır, 1933-cü ildən Bakı Rus DramTeatrı, habelə Gəncə Şəhər Teatrı və 1936-cı ildən isə Azərbaycan Dövlət Akademik Dram Teatrı səhnəsində fəaliyyət göstərir. Elə həmin illərdə Xalq Deputatları sovetinə deputat seçilir.

O aktrisalıq fəaliyyəti müddətində “Sevil”, "Şeyx Sənan", "Paris Notrdam kilsəsi", "Anamın kitabı", "Dubrovski", "Vaqif", "Romeo və Cülyetta", "Otello", "Məkr və məhəbbət", "Cehizsiz qız", "Tufan", "Aydın" tamaşalarında aparıcı rollar ifa edir.

37-ci ilin repressiyasından Fatma Qədri də öz nəsibini alır. Onun keçmiş əri Əsəd Axundzadə Təhlükəsizlik komitəsində, yüksək vəzifədə işləyirdi. Onu xalq düşməni kimi həbs edəndə Fatma da istintaq altına düşür. “O mənim keçmiş ərim olub, sonra başqasıyla ailə qurub” desə də təqiblərdən canını qurtara bilmir. Fatmanı işdən kənarlaşdırırlar, dolanışığı ağırlaşır. Kitab pasajında Şekspirin kitablarını məhəcərə qoyub satdığı günlər olub.

Əvvəldə qeyd etdim, Fatmanı 37-ci illər represiyası məngənəsindən Xalq yazıçısı Mirzə İbrahimov çıxarıb. Sonra yenə teatr, yenə rollar, yenə şöhrət… Və yüksək mükafatlar…

 

Mükafatları

- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

- "Azərbaycan SSR xalq artisti" fəxri adı

- "Şərəf nişanı" ordeni

- "Qırmızı əmək bayrağı" ordeni.

 

Amma sonradan Fatma Qədri yenidən qəzəbə düçar gəlir, onu yenidən təqib edir, süni maneələr yaradırlar.

Teatrlarda çıxış etmək qadağası aldıqdan sonra ağır depressiyadan çıxa bilməyən sənətçi 1968-ci ildə, 60 yaşında  mənzilində intihar edir.

Bax belə bir tale.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.