"Qız Qaflan" deyə lağa qoyulsa da teatrdan çəkilmədi Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Teatrın ilk dönəmləri. Cəhalət onu küfr sayır. Aktyorlar təqib edilir. Aktrisalar isə əsla yoxdur. Qadın rollarını kişilər ifa edir.

Belə bir ağır zamanda özlərini teatra həsr edən ilk fədailər, qaranquşlar sırasında Qaflan Muradov da yer almaqdadır.

 

Qaflan Məmmədrza bəy oğlu Muradov 22 mart 1890-cı ildə Ağdamın Muradbəyli kəndində anadan olub. Bəzi araşdırmalarda göstərilir ki, o, 1908-ci ildə Ağdamda ikisinifli rus-tatar məktəbində oxuyub. Azərbaycan teatr sənətində yaddaqalan obrazlar ifa edib.

 Məktəb illərində direktor Əhməd bəy Abbasovun rəhbərliyi ilə məktəbdə ilk dəfə olaraq Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" komediyası əsasında tamaşa hazırlanır. Yetər rolu məktəbin şagirdi Qaflan Muradova həvalə olunub.

İlk tamaşa böyük səs-küyə səbəb olur: Əhməd bəy Abbasov, həmçinin tamaşanın yaradıcı heyəti cahillər tərəfindən təhqir hədəfinə çevrilir. Qaflan Muradov küçədə ələ salınır, "Qız Qaflan", — deyə lağa qoyulur, lakin heç bir təhqir, hədə-qorxu və başqa maneələr bu həvəskarların teatra, səhnəyə marağını, məhəbbətini azalda bilmir.

1910-cu ildə Əbdürrəhim bəy Haqverdiyev Ağdamda yeni dram kollektivi yaradıb. "Ac həriflər", "Dağılan tifaq", Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" və digər səhnə əsərləri əsasında tamaşalar hazırlayıb. Bu tamaşalarda Qaflan Muradov kimi səhnə həvəskarlarının gücündən bacarıqla istifadə edib.

Həmin tamaşalarda Sona və Şəhrəbanu rolları Qaflan Muradova tapşırılıb. Gənc aktyor Sonanı ifa edəndə anasının, Şəhrəbanu obrazında isə böyük bacısının bir dəst paltarını gizlincə gətirib səhnədə geyinib. O, daha sonra "Məşədi İbad"da Sənəmi, "Evliykən subay"da Pərzadı, "Leyli və Məcnun"da Məcnunun anasını və başqa obrazları da peşəkarlıqla ifa edib.

Ə. Haqverdiyev sonra Şuşada Əhməd Ağdamski, Xosrov Mamayev, Hüseynqulu Sarabski, Qaragöz Zülfüqarov və İsa Şuşinski kimi istedadlı səhnə həvəskarlarının qüvvəsi ilə maraqlı teatr kollektivi yaradıb. Həmin vaxtlar Qaflan Muradov da bir neçə ağdamlı sənət dostu ilə Şuşaya gəlib və onlara qoşulub. Sonralar teatrın bacarıqlı aktyoru kimi tanınıb.

Qardaşı Murad Muradov həmişə Qaflana və onun sənət dostlarına teatr sənəti ilə bağlı dəyərli məsləhətlər verib. İmkan olduqca Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Mirzəağa Əliyev, Əbülhəsən Anaplı, Əli Qurbanov və başqa görkəmli sənətkarlarla tanış edib. Bütün bunlar gənc səhnə aşiqinin gələcək həyat yolunun müəyyənləşməsində böyük rol oynayıb

Azərbaycanın sovetləşməsindən (1920) sonra Qaflan Muradov yaxın dostu Əhməd Ağdamski ilə Ağdama qayıdıb. Fəhlə-kəndli klubunun nəzdində Cəmil Muradov, Xosrov Mamayev, Heydər Şəmsizadə, Baxış Kələntərli, Ayaz Köçərli, Ələsgər Məmmədov kimi istedadlı səhnə həvəskarlarından ibarət teatr kollektivi yaratmağa müvəffəq olub.

Bu sənət aşiqləri klubun səhnəsində F. Şiller, M. F. Axundzadə, N. Vəzirov və Ü. Hacıbəylinin əsərlərini böyük həvəslə tamaşaya hazırlayıb. Qarabağın ən ucqar yaşayış məntəqələrində belə tamaşa göstəriblər. 1937-ci ildə Ağdamda Dövlət Dram Teatrı açılanda Qaflan Muradov artıq xalq arasında tanınan bir sənətkar olub. O, teatrda cəmi üç il işlədikdən sonra, 1940-cı ildə "Əməkdar artist" fəxri adına layiq görülüb.

Araşdırmalarda göstərilir ki, Qaflan Muradov teatra-səhnəyə çox möhkəm tellərlə bağlı olub. Bu fikri ifadə edəcək bir hadisə də xatırlanıb. Qeyd olunur ki, 1941-ci ilin qanlı-qadalı günlərinin birində sənətkarın ailəsində bir faciə baş verib. On doqquz yaşlı oğlu Tofiq qəflətən dünyasını dəyişib. Bu hüzrün üçüncü günü "Leyli və Məcnun" tamaşası oynanılan vaxta təsadüf edib. Məcnunun atasının ifaçısı Qaflan Muradov çoxlarının təəccüb və etirazını eşitməyib. Tamaşanın təxirə salınmasına razı olmayaraq səhnəyə çıxıb. O, səhnədə tək Məcnunun deyil, əzizi Tofiqin də faciəsinə göz yaşı töküb.

Hər iki faciəni birgə yaşayıb və ürəyini boşaldıb. Qaflan Muradovun obraza girmək, onu yaşamaq istedadı çox güclü idi. İstər ciddi, istərsə də gülüş boyaları ilə ifa etdiyi Kərəmov, Məşədi İbad, Soltan bəy, Hacı Qara, dramatik cizgilərlə canlandırdığı Məcnunun atası, Göyüş kişi, Veysəl Mirzə və digər rolları uzun müddət tamaşaçı yaddaşından silinməyib.

Qaflan Muradov, sözün həqiqi mənasında, teatr üçün doğulan, səhnədə nəfəs alan alovlu sənət carçısı olub. Ağdamda Dövlət Dram Teatrının açılması onu çox sevindirib. Artıq yaşlansa da, tez-tez teatra baş çəkib, məşqlərə tamaşa edib, gənc aktyorlara Azərbaycan teatrının görkəmli sənətkarlarından və özünün səhnə həyatından maraqlı xatirələr danışıb.

O, 80 illik ömrünün 60 ildən çoxunu səhnəyə həsr edib. Azərbaycan SSR əməkdar artisti Qaflan bəy Muradov 14 aprel 1970-ci ildə Ağdam şəhərində vəfat edib. Gəlin onu anaq və rəhmət diləyək.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.