İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
2023-cü ilin 9 aprel günündə Bakı şəhərində iki evdə yas var idi. İki evdə tanınmış teatr xadiminin vəfatı səbəbindən göz yaşı axıdılırdı. Onlardan biri – Azər Paşa Nemətov idi ki, haqqında artıq yazı paylaşmışıq. İkincisi isə İranə Tağızadə idi. Birincisi 76, ikincisi 66 yaşında dünyadan köçdülər...
İranə Tağızadə 7 may 1957-ci ildə Bakı şəhərində anadan olub. 1976–1981-ci illərdə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram rejissoru fakültəsində təhsil alıb. İranə Tağızadə 1984-cü ildən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında çalışıb.
Quruluş verdiyi tamaşalar
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında
F. Dostoyevskinin "Karamazov qardaşları",
U. Şekspirin "On ikinci gecə",
T. Uilyamsın "Arzu tramvayı",
Elçinin "Artistin taleyi", "Teleskop, ya yuxuda və reallıqda uçuşlar",
M. Kamolettinin "Ah, bu Anna",
A. Puşkinin "Çar Soltanın nağılı",
R. Şartın "Mənim arvadımın adı Morisdir" və s.
Onun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında hazırladığı Elçinin "Sənətkarın taleyi" quruluşu tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Yaradıcılığı haqqında Elçin qələmə aldığı nekroloqda yazırdı:
"O, həyatı hiss edirdi, duyurdu, görünməyənləri görməyi bacarırdı və səhnə də onun üçün həyatın bir parçası idi. Onun ən yaxşı tamaşaları yalnız aysberqin görünən hissəsi deyildi və bu tamaşaların qiyməti, uğuru, həmin aysberqin görünməyən hissəni də tamaşaçıya təlqin edə bilməsində idi.
İrana Tağızadə mənim indiyə qədər tanıdığım teatr xadimləri arasında dünyagörüşünün genişliyi, teatra və dramaturgiyaya bələdliyi, yaradıcı mədəniyyəti və səriştəsi ilə seçilən azsaylı sənətkarlardan biri, birincilərdən biri idi.”
Teatr sahəsindəki xidmətlərinə görə o, 2008-ci ildə Əməkdar incəsənət xadimi, 2013-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb — 30 aprel 2014, 6 may 2015-ci ildə, 6 may 2016, 1 may 2017-ci ildə, 9 may 2018, 10 may 2019-cu illər.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.
Qeyd etdiyim kimi, 9 aprel 2023-cü ildə Bakı şəhərində vəfat edib. 10 aprel 2023-cü ildə Ümumşəhər qəbiristanlığında dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(09.04.2026)


