Murad Vəlixanov,
"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi
Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən dəstəklənən “Tənha insanın monoloqu” filmi Brive Film Festivalın əsas müsabiqə proqramına seçilib. Ekran əsəri ARKA-nın dəstəyi ilə “Shahdagfilm” studiyasında istehsal olunub.
2004-cü ildə əsası qoyulan və Fransada keçirilən Brive Film Festivalı yalnız 30–60 dəqiqəlik ortametraj filmlərə həsr olunmuş dünyanın ilk ən nüfuzlu festivalıdır. Festival əvvəlcə yerli formatda təşkil olunmuşdur, 2010-cu ildən Avropa, 2018-ci ildən isə beynəlxalq müsabiqə kimi fəaliyyət göstərir.
Festival proqramı çərçivəsində müsabiqə ilə yanaşı xüsusi nümayişlər, serial təqdimatları, peşəkar görüşlər və pitçinq sessiyaları təşkil olunur.
Psixoloji ailə dramı janrında olan “Tənha insanın monoloqu” filmi müharibənin insan talelərinə təsirini və ata-oğul münasibətlərini mərkəzə alır.
Filmin rejissoru və ssenari müəllifi Emin Əfəndiyev, operatoru Daniel Quliyev, prodüseri Sərvər Bayramov, rəssamı Arif Niftiyev, bəstəkarı Azər Hacıəsgərlidir. Baş rolları Mahir Dərviş və Elşən Əsgərov canlandırıblar.
Qeyd edək ki, film bundan əvvəl Banqladeşdə keçirilən 24-cü “Dəkkə” Beynəlxalq Film Festivalının “Asiya film müsabiqəsi” bölməsində “Ən yaxşı rejissor” nominasiyasında mükafata layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(09.04.2026)


