İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Komediya, satira onun daxilindən gəlirdi. Ona görə də hansı janra müraciət edirdisə, gülüşə münasibətini mütlqə ortaya qoyurdu.
Bu gün onun anəm günüdür...
Əhməd Anatollu 7 noyabr 1894-cü ildə Bakıda, əslən Maştağalı olan şair Muxtar Bisavadın ailəsində doğulub. Səhnəyə ilk dəfə 1912-ci ildə Hüseyn Ərəblinskinin "Səfa" mədəni-maarif cəmiyyətinin teatr truppasında hazırladığı "Qaçaq Kərəm" (Vano Mçedaşvili) tamaşasında çıxıb. "Nicat" truppasında, "Zülfüqar bəy və Üzeyir Hacıbəyov qardaşlarının müdiriyyəti" teatr dəstəsinin tamaşalarında oynayıb.
Dövrünün qabaqcıl aktyorları ilə Orta Asiya ölkələrinin böyük şəhərlərinə, İdil çayı (Volqa) boyundakı türkdilli şəhərlərə, İrana, Rəştə, Ənzəliyə, Tehrana qastrol səfərlərinə çıxıb. Əhməd Səfərov milli estrada teatrı janrında fəaliyyət göstərən ilk sənətkarlardan biridir. "Anatollu" onun səhnə təxəllüsüdür. 1922–1925-ci illərdə Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında, 1923–1924-cü illərdə Azərbaycan Dövlət Dram Teatrında aktyor işləyib.
1926-cı ildə Tiflis Dövlət Türk Dram Teatrının kollektivinə qəbul olunub, 1927-ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət Estradasında, Azərbaycan Dövlət Opera və Balet Teatrında fəaliyyət göstərib. 1939–1949-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1949-cu ildən təqaüdə çıxana qədər isə Azərbaycan Dövlət Filarmoniyasında işləyib.
Kitabları
- Kupletlər
- Şapalaq: türk səhnəsinin aktyoru Əhməd Anatolinin yazdığı kupletlər
- Çuvalduz (kupletlər)
- Öz aramızda qalsın
- Əlli il Azərbaycan səhnəsində
İfa etdiyi əsas rollar
1. Romanovların son günləri - İkinci Nikolay
2. 1881-ci il - Boqdanoviç
3. Anamın kitabı - Qənbər
4. Paris Notrdam kilsəsi- Olivye
5. Qızıl trenlər - Mironov
6. Hücum - Uspenski
7. Dağılan tifaq - Cavad
8. Müsibəti-Fəxrəddin - Məhərrəm
9. Ölülər - Şeyx Əhməd
10. Anamın kitabı - Zaman
11. Şeyx Sənan - Keşiş
12. Qaçaq Kərəm - Xaço
13. Əlli yaşında cavan - Orduxan bəy
14. Toy kimindir? - Qoşun
Təltif və mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
- "Şərəf nişanı" ordeni
- "Qafqazın müdafiəsinə görə" medalı
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
Səhnəciklər və intermediyalar
LAY-LAY
1
Laylay dedim, yatasan, gül yastığa batasan,
Ali məktəb bitirib, şan-şöhrətə çatasan.
Laylay, laylay, a laylay, atam, qardaşım, laylay.
2
Laylay dedim yatasan, on beş yaşa çatasan,
Alverlə məşğul olub, elmin daşın atasan.
Laylay, laylay, a laylay, lay-lay, daşbaşım, laylay.
1
Laylay dedim, gül oğlum, bağçamızda gül oğlum,
Hər kəsin məqamını, öz yerini bil, oğlum.
Laylay, laylay, a laylay, laylay gül bağım, laylay.
2
Laylay dedim, gül oğlum, hörmət etmək bil, oğlum.
Müdirin paltosunu, çəkməsini sil, oğlum.
Laylay, laylay, a laylay, laylay, yaltağım, laylay.
AT ÇÖLƏ
1.
Bir əmrnamə almışıq rəisin imzası ilə,
İdarənin müdirinə əmr eləyir, yazır belə:
2.
Müftə maaş alanları yoxlayıb ixtisar elə,
Tənbəli, oğru-əyrini, tut qulağından, at çölə.
1.
Tez ol, kağız-qələm götür, deyim, sən al siyahıya,
İdarədən düşməlidir neçə fəal siyahıya.
2.
Birinci öz müavinin Qüdrəti sal siyahıya,
Vəzifəni alar ələ, tut qulağından, at çölə.
Əhməd Anatollu 7 aprel 1973-cü ildə Bakıda vəfat edib.
Allah rəhmət eləsin!
Səhnəcik və intermediyalar “Əhməd Anatollu. Əlli il Azərbaycan səhnəsində” kitabından götürülmüşdür.
“Ədəbiyyat və incəsənət”
(07.04.2026)


